UNESKO Baş Konfransının Mədəniyyət üzrə Komissiyası öz işinə başlayıb (FOTO)

UNESKO Baş Konfransının Mədəniyyət üzrə Komissiyası öz işinə başlayıb (FOTO)
21:50 21 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

UNESKO Baş Konfransının Mədəniyyət üzrə Komissiyası öz işinə başlayıb. Komissiyanın iclası 20-22 noyabr tarixlərində keçirilir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda nazirliyin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir. Komissiyanın gündəliyinə UNESKO-nun Mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınması vasitələrinə dair 1970-ci il Konvensiyasının həyata keçirilməsinin gücləndirilməsi, üzv dövlətlərin Muzey və kolleksiyaların, onların müxtəlifliyi və cəmiyyətdə rolunun qorunması və təbliğinə dair 2015-ci il Tövsiyələrinin və Tarixi şəhər landşaftına dair 2011-ci il Tövsiyələrinin həyata keçirilməsi ilə bağlı hesabatlarının dinlənilməsi kimi məsələlər daxildir.

Müzakirələr zamanı digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan tərəfindən çıxış edən V.Eyvazzadə 19 noyabr tarixində UNESKO baş qərargahında baş tutan üzv dövlətlərin Mədəniyyət nazirlərinin Forumun keçirilməsinin təqdirəlayiq hal olduğunu və növbəti illərdə də Baş Konfrans çərçivəsində bu ənənənin davam etdirilməsinin zəruri olduğunu qeyd etmişdir. V.Eyvazzadə yüzdən artıq ölkənin mədəniyyət sahəsinə məsul nazirlərinin iştirak etdiyi tədbirin keçirilməsi üçün bir günün kifayət etmədiyini və gələcək illərdə keçiriləcək Forumlar üçün daha artıq vaxt tələb olunduğunu diqqətə çatdırmışdır. O, həmçinin qeyd etmişdir ki, bu Forum üzv ölkələrə bir çox ikitərəfli görüşlərin keçirilməsi imkanları yaratmışdır.

İclas zamanı Azərbaycan tərəfindən UNESKO-nun Mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınması vasitələrinə dair 1970-ci il Konvensiyasının həyata keçirilməsi və monitorinq sisteminin gücləndirilməsi baxımından qərarların qəbul olunmasına dəstək ifadə edilmişdir.

Komissiyanın bu ilki iclası bir sıra mühüm hadisələrlə yadda qalmışdır. Belə ki, iclas çərçivəsində 24 yanvar “Dünya Afrika və Afrikamənşəli mədəniyyət günü”, 15 aprel “Dünya incəsənət günü”, 14 noyabr “Mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq gün”, 18 noyabr “Dünya İslam incəsənəti günü”, 26 noyabr isə “Dünya zeytun ağacı günü” kimi təsis edilib.

İclas çərçivəsində həmçinin Dünya mədəni və təbii irsinin qorunması üzrə Hökumətlərarası Komitənin fəaliyyətinə dair və Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun fəaliyyətinə dair hesabatlar dinlənilmiş, 2022-2029-cu illər üçün ortamüddətli Strategiya layihəsinin hazırlanması, muzey kolleksiyalarının qorunub saxlanılması, muzeylərin inkişafı ilə bağlı və “UNESKO 2030 və daha sonra: əsas çağırışlar və imkanlar” mövzusunda müzakirələr aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3152264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR