20 Yanvar faciəsi müstəqilliyə can atan xalqımızın mübarizliyini və əyilməzliyini bir daha sübut etdi

19:18 16 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 16 yanvar, AzərTAc
20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Azərbaycan xalqı ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək, buna öz qəti etirazını bildirib. Lakin Sovet İttifaqının rəhbərliyi sivil insanlara qarşı silahdan istifadə edilməsinə göstəriş verib və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridilərək misli görünməmiş qırğın törədilib.
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AzərTAc-a bildirilib ki, bu fikirləri universitetdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə rektor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov səsləndirib.
Əvvəlcə Azərbaycan xalqının milli müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Saleh Məhərrəmov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra məhz Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ yenidən gündəmə gətirilib, həmin hadisələrə siyasi-hüquqi qiymətin verilməsinə nail olunub. Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olunub.
Tədbirdə ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Kəngərlinin “20 Yanvar faciəsinin tarixi və ibrət dərsləri”, tələbə elmi cəmiyyətinin sədri, hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbəsi, Prezident təqaüdçüsü Ramazan Abdullayevin “20 Yanvar hadisələri beynəlxalq hüquq prizmasında” mövzularında məruzələri dinlənilib.
Qeyd olunub ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Vurğulanıb ki, Azərbaycan xalqının məruz qaldığı bu təcavüz beynəlxalq müstəvidə hələ də bəşəriyyət əleyhinə cinayət kimi yetərincə qiymətləndirilməyib. Bu faciəni Azərbaycan tarixinə milli əsarətə qarşı mübarizə günü kimi yazan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı qısametrajlı film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_musteqilliye_can_atan_xalqimizin_mubarizliyini_ve_eyilmezliyini_bir_daha_subut_etdi-825405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR