BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib (FOTO)

BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib (FOTO)
20:36 22 Noyabr 2019
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Noyabrın 22-də Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin təşkilatçılığı ilə universitetdə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda doktorant, magistrant və bakalavrların Beynəlxalq elmi-praktik konfransı keçirilib.

Qeyd edək ki, bu beynəlxalq elmi-praktik konfransın yüksək səviyyədə təşkili və keçirilməsi üçün BSU-da universitetin rektoru, professor Nurlana Əliyevanın sədri olduğu 17 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Konfransda Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Camal Mustafayev, təhsil eksperti, professor Şahlar Əsgərov iştirak ediblər. Konfransda bir çox xarici ölkələrin-Çexiya Respublikasının, Rusiya Federasiyasının, Türkmənistan Respublikasının, Qambiya Respublikasının, Çin Xalq Respublikasının və digər ölkələrin ali təhsil müəssisələrinin, eləcə də ölkəmizin ali məktəblərinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının təmsilçiləri iştirak ediblər.

Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva iştirakçıları salamlayıb və onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Rektor qeyd edib ki, bu konfransın keçirilməsi BSU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı növbəti uğurlu addımdır. Konfrans müasir dövrümüz üçün çox aktual olan bir mövzuya həsr olunub və səmərəli fikir mübadiləsinin aparılması, qabaqcıl beynəlxalq təcrübənin təbliğ edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mövzu yalnız müəllim və tələbələr üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün olduqca vacibdir. Biz dünən Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünü yüksək səviyyədə qeyd etdik. 27 il bundan öncə Azərbaycan dünya miqyasında tanınmırdı. Müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin böyük dühası nəticəsində dünya birliyinin layiqli üzvünə çevrilib, ölkəmizin beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və mövqeyi var. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi dayanır. Tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uzaqgörən və mütərəqqi fəaliyyətləri nəticəsində mədəniyyətlərarası, dinlərarası dialoq mərkəzinə çevrilib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədr seçilməsi və dünya miqyasında siyasi nüfuzunun artması Azərbaycan diplomatiyasının uğurudur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3152700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR