Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın ali mükafatı “Dostluq” ordeninə layiq görülüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın ali mükafatı “Dostluq” ordeninə layiq görülüb
01:37 23 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
"Report" xəbər verir ki, Rusiya Prezidenti avqustun 13-də imzaladığı Fərmana əsasən “Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını təqdim edib.
Rusiya prezidenti Vladimir Putin deyib:
- Hörmətli Mehriban Arif qızı. Bilirsiniz ki, təntənəli hissəyə keçmək nəzərdə tutulurdu, lakin hər halda Sizin indicə dediyiniz məqama reaksiya verməyə bilmərəm. Bu, xüsusən bizim humanitar əlaqələrə və Azərbaycanda rus dilinə münasibətə aiddir. Həqiqətən bu, keçmiş Sovet İttifaqı ölkələrindən, keçmiş Sovet İttifaqı respublikalarından biridir ki, orada, - biz bunu hiss edirik, - rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. Bilirəm ki, Siz şəxsən bu işdə daim fəal iştirak edirsiniz. Prezident də bunu dəstəkləyir. Biz bunu çox yüksək qiymətləndiririk. Ona görə ki, bu baza bizim bütün başqa istiqamətlərdə münasibətləri, o cümlədən iqtisadi və humanitar əlaqələri, sözün geniş mənasında, inkişaf etdirməyə imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik və öz tərəfimizdən bu trendi dəstəkləmək üçün nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, bu, bizim ümumi sərvətimizdir. Ona görə ki, bu, insanların öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməyə imkan verir.
Birinci vitse-prezident Mehriban Əliyeva: Sözsüz belədir, Vladimir Vladimiroviç. Bu, Azərbaycanda dövlət siyasətidir. Düşünürəm ki, biz gələcəkdə bu sahəyə daha çox diqqət yetirməliyik. Ona görə ki, gənc nəsil böyüməkdədir. Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür. Ona görə də insanlar arasında, xüsusən gənc nəsil arasında humanitar sahədə bu gün mövcud olan əlaqələrin qorunub saxlanması və bu əlaqələrin daha da möhkəmlənməsi lazımdır.
Prezident Vladimir Putin: Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümidvaram ki, onunla dekabrın 20-də Peterburqda görüşmək şərəfinə nail olacağam.
Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun. Dəvət üçün sağ olun.
Prezident Vladimir Putin: Mənə icazə verin, artıq xatırlatdığım xoş təntənəli hissəyə keçim. Siz özünüz də bunu dediniz. Mən əvvəlcə bunu demək istərdim. Əlbəttə, bu dövlət mükafatı, bu “Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk. Ordenin adı Sizin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı üçün gördüyünüz işləri əks etdirir. Onun adı belə də səslənir: “Dostluq” ordeni. Sizin işinizə görə və bu dostluğa görə çox sağ olun.
Birinci vitse-prezident Mehriban Əliyeva: Sizə təşəkkür edirəm.
Sonra Rusiya Federasiyası Prezidentinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması haqqında Fərmanı oxundu.
Rusiya Prezidenti Vladimir Putin “Dostluq” ordenini Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdi.
Birinci vitse-prezident Mehriban Əliyeva dedi: Bu ordenə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Siz öz təbrik məktubunuzda məni Rusiyanın əsl dostu adlandırmısınız. Deməliyəm ki, Rusiya Federasiyasının Prezidentindən bu cür qiymət eşitmək mənim üçün böyük şərəfdir. Çox şadam ki, bizim strateji tərəfdaşlığın möhkəmləndirilməsi işinə mənim də cüzi töhfəm var. Çox sağ olun.
Prezident Vladimir Putin: Təşəkkür edirəm.
Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/mehriban-eliyeva-rusiyanin-ali-mukafatia-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR