Kiyevdə “Vsesvit” jurnalının müasir Azərbaycan ədəbiyyatına həsr edilmiş xüsusi buraxılışının təqdimatı olub

Kiyevdə “Vsesvit” jurnalının müasir Azərbaycan ədəbiyyatına həsr edilmiş xüsusi buraxılışının təqdimatı olub
19:18 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Kiyev, 16 yanvar, AzərTAc
Yanvarın 15-də Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyada populyar “Vsesvit” (“Kainat”) jurnalının 90 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri jurnalın baş redaktoru, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Dmitri Drozdovski açıb.
Sonra Ukraynanın bu qocaman ədəbi nəşrinin sabiq baş redaktorları – Oleq Nikitenko və Ukrayna Qəhrəmanı Dmitri Pavlıçko “Vsesvit” nəşrinin keçdiyi şanlı yol barədə söhbət açıblar.
Ukrayna mədəniyyət nazirinin birinci müavini İqor Lixovıy, Ukrayna Diplomatik Akademiyasının rektoru professor Nikolay Kuliniç, Ukrayna Yazıçılar İttifaqının rəhbəri Mixail Sidorjevski, jurnalın redaksiya heyətinin üzvü, Ukrayna səfiri Yuri Koçubey, yazıçı, Ukrayna səfiri Yuri Şerbak və başqaları jurnalın yaradıcı kollektivini təbrik ediblər.
Sonra “Vsesvit” jurnalının müasir Azərbaycan ədəbiyyatına həsr edilmiş xüsusi buraxılışının təqdimatı olub.
Təqdimat mərasimini Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli açıb. Təqdimat mərasiminin keçirilməsi üçün yaradılmış gözəl şəraitə və qonaqpərvərliyə görə Ukrayna Diplomatik Akademiyasının rektoruna təşəkkürünü bildirən səfir jurnalın rəhbərliyini və yaradıcı kollektivini şanlı yubiley münasibətilə təbrik edib, onlara bu nəşrin gözəl ənənələrini qoruyub saxlamağı və artırmağı arzu edib.
Diplomat “Vsesvit” jurnalının müasir Azərbaycan ədəbiyyatına həsr edilmiş xüsusi buraxılışının yaradılması ideyası barədə söhbət açaraq vurğulayıb ki, indiyə qədər Ukraynada müasir Azərbaycan ədəbiyyatının bu qədər geniş həcmli antologiyası çap edilməyib. Müasir Azərbaycan müəlliflərinin bütün əsərləri Ukrayna dilinə yaxşı tərcümə olunub.
E.Mədətli bu layihənin həyata keçirilməsinə görə D.Drozdovskiyə və onun komandasına, habelə Azərbaycan Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, yazıçı Səlim Babullaoğluna, sahibkar və xeyriyyəçi Möhlət Hüseynova və başqalarına təşəkkürünü bildirib. Səfir xüsusi qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimlərinə daim qayğı göstərir, mütəmadi olaraq onlarla görüşürdü, bu insanların uğurları və problemləri ona yaxşı məlum idi. Ulu öndər Heydər Əliyevin dövlət siyasəti dərəcəsinə çatdırılmış bu siyasətini onun layiqli varisi – Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Dəfələrlə Azərbaycanda olmuş Dmitri Drozdovski deyib: “Sizin ölkəniz neft ehtiyatlarından əldə edilən mənfəəti mədəniyyətə, sosial sahənin inkişafına və başqa sahələrə sərmayə qoymağa nail olub. Azərbaycan özü isə nəinki regionda, hətta bütün postsovet məkanında şəksiz liderdir”. D.Drozdovski jurnalın Azərbaycana həsr edilmiş xüsusi nömrəsinin hazırlanmasına göstərdikləri dəstəyə görə səfir Eynulla Mədətliyə və öz dostu Səlim Babullaoğluna, habelə M.Hüseynova təşəkkürünü bildirib. Baş redaktor etiraf edib ki, əvvəlcə bu cür geniş miqyaslı layihəni, özü də indiki mürəkkəb şəraitdə gerçəkləşdirməyə sadəcə gücləri çatmayacağını güman edirdi. O vurğulayıb ki, bu cür geniş miqyaslı layihə “Vsesvit” jurnalının 90 illik tarixində ilk dəfə həyata keçirilib. D.Drozdovski deyib ki, Azərbaycanın tanınmış alimləri – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin və professor Vaqif Arzumanlının “Taras Şevçenko və Azərbaycan” adlı geniş məqaləsi də Azərbaycan diplomatik nümayəndəliyinin dəstəyi Ukrayna dilinə tərcümə olunub və bu jurnalda çap edib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri Aslan Cəfərov, Azərbaycanın Əməkdar Artisti Rafiq Həşimov, Səlim Babullaoğlu, Yazıçılar Birliyi Aparatının müşaviri Rauf Aslanov və “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli nazir Əbülfəs Qarayevin və Yazıçılar Birliyinin sədri Anarın “Vsesvit” jurnalının rəhbərliyinə təbrik ünvanlarını təqdim ediblər. Tərəflər bir-birinə xatirə hədiyyələri veriblər. Ədəbiyyat üzrə mükafatlar təqdim edilib.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Kiyevdə akkreditə edilmiş diplomatik korpusun, Ukraynanın nazirlik, baş idarə və yaradıcı ittifaqlarının nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri, Ukraynanın ədəbi elitası iştirak edib.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kiyevde_Vsesvit_jurnalinin_muasir_Azerbaycan_edebiyyatina_hesr_edilmis_xususi_buraxilisinin_teqdimati_olub-825402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR