Səhər yeməyində ən faydalı qidalar

Səhər yeməyində ən faydalı qidalar
17:52 23 Noyabr 2019
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhər yeməyi hər zaman günün ən vacib yeməyi sayılıb. Çoxları hesab edir ki, səhərlər vaxtında və keyfiyyətli qidalanmaq vacib şərtdir. Amma buna baxmayaraq, səhərlər qida qəbul etməyənlər də az deyil. Bəziləri bunu iştahasızlıqla əlaqələndirir, digərləri isə bununla çəki artımının qarşısını aldıqlarını düşünürlər. Mütəxəssislər isə bildirir ki, səhər yeməyindən imtina barədə göstərilən səbəblərin heç biri düzgün deyil. Səhərlər qida qəbulu mütləqdir. Amma qidanı düşünərək seçmək daha önəmlidir. Səhər yeməyi yeyirik deyə nə gəldi qəbul etmək çox yanlış addımdır. Əgər qəhvəaltı edəndən sonra özünüzü narahat hiss edirsinizsə, deməli hansısa yanlışa yol vermisiniz.

Bəs düzgün, sağlam səhər yeməyi necə olmalıdır?  Səhər yeməyində yeyilməsi vacib olan qidalar hansılardır?

Milli.Az İnterAz-a istinadən səhərlər ən faydalı hesab olunan qidaların siyahısını təqdim edir.

Bu sırada ilk növbədə karbohidratların adı çəkilir. Bildirilir ki, gündəlik enerji üçün mütləq səhər yeməyində karbohidrat olmalıdır. Bu, tərkibi tam taxıldan ibarət olan bir dilim çörək və ya başqa un məmulatı da ola bilər. Bunun əvəzinə bal və ya mürəbbə yesəniz, orqanizmi şəkərlə çox yükləmiş olacaqsınız, bu isə həzm sistemində tənbəllik yaradacaq. Çünki səhər yeməyinin əsas məqsədi həzm sistemini gücləndirmək və qidaları rahat həzm edəcək hala gətirməkdir.

Süd məhsulları səhər yeməyində mütləq olmalıdır. Məsələn, səhərlər qədərində qəbul olunan pendir faydalıdır.

Zeytun da qəhvəaltının ən faydalı qidalarından sayılır.

Yumurta səhər yeməyində birmənalı olmalıdır. Ən çox da qarın nahiyəsindəki piylərdən, ümumiyyətlə, artıq çəkidən qurtulmaq istəyirsinizsə, yumurta yemək lazımdır. Yumurta səhər yeməyində protein qaynağıdır. Soyutma, ya qayğanaq olsun, fərq etməz. Seçimi özünüz edə bilərsiniz.

Səhər yeməyində quru ərik, əncir, xurma da məsləhət görülür. Ələlxüsus qəbizlik probleminiz varsa, bunları hər səhər, hərəsindən iki ədəd olmaqla yeyə bilərsiniz. Amma qəbizlik probleminiz yoxdursa, 2-3 gündən bir yeyin.

Qəhvəaltında yaşıl məhsullara da mütləq yer ayırın. İstər tərəvəzlər, istərsə də göyərtilər gün ərzində həzmin rahat olmasına imkan verəcək, vitamin və mineral ehtiyaclarınızı ödəyəcək. Onlar həm də bitki tərkibli proteinlər və karbohidrat qaynağıdır.

Səhərlər mövsümə uyğun olaraq, az da olsa meyvə də qəbul etmək olar. Bu, orqanizmi mineral və vitaminlərlə zənginləşdirəcək. Meyvəni qabıqlı qəbul etmək tövsiyə olunur. Amma çalışmaq lazımdır ki, qəbul edilən meyvələr bir dolu ovucdan çox olmasın.

Badam, fındıq və qoz da səhər yeməyində uşaqlarda ana südü qədər önəmli sayılır. Bunlar qanda xolesterin səviyyəsini normallaşdırır, yüksək enerjili olduqları üçün uzun zaman tox saxlayır, çörək, şirniyyat kimi məhsullara istəyi aradan qaldırır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/804516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR