“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi” üzrə 2018-2019-cu il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.

Metbuat.az xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qiymətləndirmənin dövlət qurumlarının, icra hakimiyyəti orqanlarının, nazirliklərin onlayn xidmətlərdən istifadə göstəricilərini əks etdirməklə, bu sahədə boşluqların aşkarlanması, onların müzakirəsi, müvafiq tövsiyələrin verilməsi və aradan qaldırılması məqsədi daşıdığını bildirib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib ki, “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən agentlik “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrasını bu il də davam etdirib.

Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2018-2019-cu illər ərzində agentlik tərəfindən 25 mərkəzi icra hakimiyyəti orqanının 336 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 234 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil olmaqla, ümumilikdə 617 xidmət qiymətləndirilib.

Təqdimat mərasimində müvafiq sahədə qiymətləndirmə nəticələri elan olunub, nöqsan və çatışmazlıqlarla bağlı müzakirələr aparılıb.

Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Sonda tədbir sual-cavab hissəsi ilə davam etdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR