Mehriban Əliyevanın Rusiya səfəri və Bakı-Moskva münasibətlərində yeni dinamika

Mehriban Əliyevanın Rusiya səfəri və Bakı-Moskva münasibətlərində yeni dinamika
09:13 27 Noyabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Rusiya münasibətlərində hər iki ölkənin liderinin də bəyan etdiyi kimi, müzakirə ilə həll edilməyəcək məsələ yoxdur. Bu, iki ölkə liderinin qarşılıqlı hörmətə əsaslanan dostluğu və hər iki paytaxtda – Bakıda və Moskvada siyasi rəhbərliyin doğru xətt üzrə hərəkət etməsinin nəticəsidir. Siyasətdə hər şey qarşılıqlı maraqlara əsaslanır. Bu baxımdan, Bakı-Moskva xəttində atmosfer daim əməkdaşlıq müstəvisinə köklənib.

Rusiya strateji maraqları baxımından ən vacib regionlardan biri hesab etdiyi Cənubi Qafqazın həlledici dövləti olan, o cümlədən, enerji, beynəlxalq təhlükəsizlik, bəşəri dəyərlərin inkişafı və bu kimi bir sıra istiqamətlərdə qlobal siyasətə yön verilməsində aparıcı oyunçulardan birinə çevrilən Azərbaycana xüsusi önəm verir, rəsmi Bakı ilə bütün məsələləri masa ətrafında qarşılıqlı maraqlar çərçivəsində həllinə çalışır.

Azərbaycan da regionun əsas, dünyanın aparıcı güc mərkəzlərindən biri olan Rusiya ilə milli maraqları çərçivəsində münasibətlərin inkişafını daim prioritet istiqamət olaraq görür: Ərazi bütövlüyünün təmin edilməsi, iqtisadi əlaqələr, dövlət və milli maraqların regionda və beynəlxalq platformalarda müdafiəsi və s. istiqamətlər bu münasibətlərin özəyini təşkil edir.

Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri isə Bakı-Moskva münasibətlərinə yeni dinamika gətirdi. Azərbaycanın ikinci şəxsinin Rusiyada qarşılanması, bu ölkənin prezidenti və hökumət rəhbəri tərəfindən qəbul edilməsi, keçirilən görüşlər və aparılan müzakirələr, o cümlədən, səfərdə xüsusi ştrixlə seçilən diplomatik manevrlər diqqət çəkir.

Prezident İlham Əliyev Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimovu qəbul edərkən bəyan etdi ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvaya rəsmi səfəri Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını bir daha təsdiq etdi.

Mehriban Əliyevanın Moskvaya dünən başa çatmış rəsmi səfəri də bizim münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiq etdi. Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam Prezident tərəfindən, özü də dünyanın aparıcı ölkəsinin Prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli Prezident tərəfindən ən yüksək səviyyədə qəbul edilir. Zənnimcə, bu, təkcə mənim fikrim deyil, rəhbərlərin böyük əksəriyyətinin fikridir. Biz dəvət faktının özünü, münasibətlərin səviyyəsini, Mehriban Əliyevanın şəxsən Prezident tərəfindən ali “Dostluq” ordeni ilə təltif edilməsini və bu təltifdən sonra deyilən sözləri çox yüksək qiymətləndiririk. Biz bütün bunları çox yüksək qiymətləndiririk və əlbəttə, şadıq ki, ölkələrimiz arasında münasibətlər bu cür yüksək səviyyəyə çatıb. Əlbəttə, Hökumətin sədri ilə, Federasiya Şurasının sədri ilə görüşlər də çox konstruktiv, zəngin olub və həmçinin regionlararası yubiley forumunun keçirilməsi və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması – bütün bunlar bizim əlaqələrin möhkəmlənməsi işində çox mühüm addımlardır. Əminəm ki, növbəti il də səmərəli olacaq. Gələn ay Vladimir Vladimiroviçlə görüşümüz olacaq”, - Prezident qeyd edib.

Burada Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya rəsmi səfərə dəvət edilməsi dəvəti diqqətdən yayınmır. Adətən beynəlxalq münasibətlərdə ikinci şəxslər işgüzar səfərlər edir və səfər etdiyi ölkələrin ikinci və daha aşağı ranqlı rəsmiləri ilə müzakirələr aparır. Mehriban Əliyevanın Rusiyada Prezident tərəfindən qəbul edilməsi isə beynəlxalq siyasətdə önəmli amildir.

Rusiya ilə Azərbaycan arasında həm ənənəvi istiqamətlərdə, həm də yeni istiqamətlərdə əməkdaşlıq potensialını artırmağa imkan var”.

Prezident İlham Əliyevin bu sözləri Birinci vitse-prezidentin Rusiya səfərinin məqsədini anlamağa imkan verir: Rusiya ilə yeni istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək.

Birinci vitse-prezidentin Moskva səfəri belə bir perspektivə zəmin hazırladı.

Mehriban Əliyeva Moskvada Rusiya Hökumət Başçısı Dmitri Medvedevlə görüşdü. Görüşdə qarşılıqlı münasibətlər, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətdə mühüm müzakirələr aparıldı. Bununla yanaşı, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də vacib məsələləri müzakirə etdi.

Və Rusiya prezidenti Vladimir Putinlə görüş keçirildi. Vladimir Putin Rusiya kimi qlobal güc mərkəzlərindən biri olan dövlətin rəhbəri olmaqla yanaşı, həm də hazırda beynəlxalq münasibətlərin aparıcı fiquru olaraq qəbul olunur. Uzaq Qərbdən tutmuş Uzaq Şərqə qədər müşahidə etdiyimiz siyasi proseslərdə Rusiya və onun lideri əsas oyunçu qismində iştirak edir. Bu baxımdan, Rusiya prezidentinin Azərbaycanın ikinci şəxsini yüksək səviyyədə qəbul etməsi Bakının siyasi gücünün və geosiyasi proseslərdəki əhəmiyyətinin göstəricisidir.

Və təbii ki, burada Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti və indiyə qədər milli maraqlarımız kontekstində həyata keçirilən diplomatiyadakı rolu da xüsusi əhəmiyyət daşıyır.

Əlbəttə, bu dövlət mükafatı, bu “Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk. Ordenin adı Sizin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı üçün gördüyünüz işləri əks etdirir. Onun adı belə də səslənir: “Dostluq” ordeni. Sizin işinizə görə və bu dostluğa görə çox sağ olun” – deyə Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim edən Rusiya prezidenti Vladimir Putinin bu sözləri də Azərbaycanın ikinci şəxsinin dövlətin strateji maraqları istiqamətində həyata keçirilən siyasətdə mühüm rol oynadığını göstərir.

Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında Azərbaycan-Rusiya münasibətlərindən bəhs etdi: “Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir. Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur. Siz dediyiniz kimi, bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Siz qeyd etdiyiniz kimi, iqtisadi əməkdaşlıq artıq öz bəhrələrini verir və bu, çox sevindirici haldır”.

Görüş zamanı səsləndirilən fikirlər – Azərbaycanda rus dili və mədəniyyətinə verilən önəm, rusiyalı turistlərin ölkəmizə səfəri, cari ilin doqquz ayı ərzində əmtəə dövriyyəsinin 26 faiz artması, iqtisadi münasibətlərin daha da inkişafı üçün hər iki tərəfin maraqlı olması və s. – Bakı və Moskva münasibətlərinin atmosferini özündə ehtiva edir.

Rusiya prezidenti ilə görüşdən sonra Birinci vitse-prezident Mehriban Əliyeva X Azərbaycan-Rusiya Regionlararası Forumunda və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışında iştirak etdi. Səfər zamanı Mehriban Əliyevanın Moskvada Naməlum Əsgərin məzarını ziyarət etməsi də son siyasi proseslər fonunda diqqət çəkdi.

Səfərin təfərrüatları bir sıra məqamları önə çıxarır:

1. Dünyanın güc mərkəzlərindən biri olan Rusiyada Azərbaycanın ikinci şəxsinin Prezident səviyyəsində qəbul edilməsi və “Dostluq” ordeni ilə təltif olunması: Bu, Azərbaycanın siyasi gücünü və əhəmiyyətinin göstəricisidir;

2. Birinci vitse-prezidentin Azərbaycan liderinin milli və dövlət maraqları çərçivəsində həyata keçirdiyi siyasətini uğurla davam etdirməsi: Mehriban Əliyevanın keçirdiyi görüşlər, apardığı müzakirələr və iki ölkə arasındakı münasibətlərə yeni dinamika gətirməsi bunu sübut edir;

3. Birinci vitse-prezidentin Rusiya səfərinin Azərbaycanın milli maraqları fonunda perspektivləri: iqtisadi əməkdaşlıq daha da genişlənəcək; Rusiya iş adamlarının Azərbaycana qoyacağı sərmayənin həcmi artacaq; ölkəmizə daha çox rusiyalı turist gələcək ki, bu da valyuta axını və iqtisadi gəlirin artması deməkdir; siyasi müstəvidə atmosfer daha da yaxşılaşacaq və bu, Bakının regionda əlinin daha da güclənməsinə, xüsusilə Qarabağ masasındakı mövqelərinin önə çıxmasında rol oynayacaq amildir;

Bu səfərə Rusiya-Ermənistan münasibətləri kontekstində yanaşdıqda, sonuncu qeyd etdiyimiz perspektiv daha aydın görünür. Bakı və Rusiya münasibətləri olduqca yüksək səviyyədədir, hərçənd, diplomatiyada manevr imkanlarını genişləndirmək üçün daim proseslərin gedişinə uyğun hərəkət etmək, mümkünsə, bu gedişatı yönləndirmək vacibdir. Bu baxımdan, Prezident İlham Əliyevin manevrləri diqqət çəkir.

Azərbaycan lideri işğalçı ölkənin təmsil olunduğu “Rusiya ittifaqları”nda şəxsi nüfuzu və ölkələrarası münasibətlərdən istifadə edərək, Ermənistanı müdafiəsiz vəziyyətə saldı. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin işğalçı ölkəyə münasibəti, Azərbaycanla əlaqələrə önəm verməsi və ən mühüm məqamlarda rəsmi Bakının mövqelərini dəstkləməsi təsdiqləyir.

Prezident İlham Əliyev Ermənistanda “küçə inqilabı”ndan sonra hakimiyyətə gələn populist və qeyri-siyasi təfəkkürə malik hakimiyyətin Rusiya ilə münasibətlərini pisləşdirəcək addımlarını Rusiya ilə əlaqələri daha da yaxşılaşdırmaqla ölkəmizin xeyrinə çevirir. Rusiya prezidenti Vladimir Putinin İrəvanda səfərdə olarkən, erməni baş nazir Nikol Paşinyana göstərdiyi münasibət, ardınca Soçiyə gələrək, Prezident İlham Əliyevlə görüşü, dövlət başçısının “Valday” klubunda çıxışı zamanı işğalçı ölkənin iddialarını alt-üst edən “Qarabağ Azərbaycanındır və nida” bəyanatı siyasi proseslərin inkişafına uyğun manevr imkanlarını genişləndirmək strategiyasının nəticəsi idi.

Ardınca Azərbaycan liderinin MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində Ermənistanın nasist Qaregin Njdenin timsalında faşizmi qəhrəmanlaşdırmasını Nikol Paşinyanın da əyləşdiyi masada dilə gətirməsi işğalçı ölkəyə endirilən ağır zərbə oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu çıxışından sonra Rusiyada Njdenin xatirə lövhəsinin sökülməsi və Ermənistanın faşizmi qəhrəmanlaşdırması məsələsi ciddi ictimai müzakirələrə səbəb oldu.

Azərbaycan liderinin manevrləri prosesləri milli maraqlarımız istiqamətində inkşafını təmin edir. Gələn ay Prezident İlham Əliyevlə prezident Vladimir Putinin görüşü gözlənilir. Artıq hər iki lider çıxışlarında bunu təsdiqləyiblər. Hadisələrin inkişafı, xüsusilə Rusiyanın Ermənistanla münasibətlərinin getdikcə pisləşməsi bu görüşün Azərbaycanın maraqları nöqteyi-nəzərindən xüsusi əhəmiyyət daşıyacağını proqnozlaşdırmağa imkan verir. Mümkündür ki, bu görüş Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni prseslərə də start verəcək.

Bütün bunların fonunda Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfəri təsadüfi deyildi. Mehriban Əliyevanın Moskvada faşizm üzərində qələbənin simvolu olan naməlum əsgərin məzarını ziyarət etməsinin Prezident İlham Əliyevin işğalçı ölkənin faşist mahiyyətini ifşa edərək, Azərbaycanın manevr imkanlarını genişləndirməsi addımının davamı olduğunu nəzərə alsaq, hər şeyin milli maraqlarımızın təmin edilməsinə hesablanmış olduğunu görürük.

Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin iki istiqamətdən həyata keçirdiyi bu strategiyanın uzunmüddətli perspektivləri var. Siyasi hadisələrin gedişatında əldə olunan nəticələr daha aydın müşahidə ediləcək.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/297339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR