İlham Əliyev: Dünyada bizə rəğbət artır

İlham Əliyev: Dünyada bizə rəğbət artır
11:03 27 Noyabr 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyada bizə rəğbət artır. Təsadüfi deyil ki, dünya birliyinin mütləq əksəriyyətini təşkil edən ölkələr bizə səs verirlər. Necə ki, 8 il bundan əvvəl səs veriblər, biz 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də necə seçilmişik. İndi diplomatlar bunu yaxşı bilirlər ki, adətən səsvermə bir gün ərzində keçirilir və tez bir zamanda yeni üzvlər seçilir. Bizdə isə bu, üç gün çəkdi. Üç gün, 16 tur. Nəyə görə? Çünki bizə rəqib olan ölkə öz namizədliyini geri götürmürdü. Biz hər bir turda böyük səs fərqi ilə qalib idik, amma lazım olan səsləri yığa bilmirdik. Adətən belə olan halda, səslərdə fərq böyük olanda məğlub ölkə öz namizədliyini geri götürür. O isə götürmürdü. Özü də bizə dost ölkə idi. Təəccüb etdim, bu, nə məsələdir, sonra öyrəndik ki, imkan vermirlər. Bəzi böyük dövlətlər imkan vermir və istəyirdilər ki, bizim üzvlüyümüzün qarşısı alınsın.

Bunu Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı çıxış edərkən deyib.

İlham Əliyev çıxışına belə davam edib: "Bir daha qayıdıram bu məsələyə. Əgər həmin o ölkələrin nümayəndələri sizə desələr ki, “biz Azərbaycanı istəyirik, inkişafını istəyirik”, inanmayın. İstəsəydilər, imkan verərdilər. Mən indi onların adını çəkmək istəmirəm, maraqlananlar öyrənə bilərlər. On altı tur və üç gün bizim üzvlüyümüzü əngəlləmək istəyirdilər. Sonra nə oldu? Gəldilər bizim nümayəndələrə yaxınlaşıb dedilər ki, Azərbaycan, öz namizədliyinizi geri götürün. Gələn il biz sizə kömək edərik, amma indi geri götürün. Mən bu üç gün ərzində Nyu-Yorkla birbaşa əlaqədə idim. Dedim ki, qətiyyən, axıra qədər, lap bir il çəksə, biz orada bu səsvermədə iştirak edəcəyik. Bir il çəksə, biz Təhlükəsizlik Şurasının işini iflic vəziyyətə sala bilərik. Ancaq ondan sonra həmin o rəqib ölkəyə göstəriş verildi, o, namizədliyini geri götürdü. Bu, nəyin bahasına oldu? Çünki əksər ölkələr bu sistemdən beziblər, yorulublar. Bizə səs verənlər də vaxtilə bizim kimi müstəmləkə olublar, əziliblər, soyulublar, talan ediliblər. Daha artıq onların da səbri tükənib".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/297361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR