Unutsaq unudularıq!

19:58 16 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Tbilisi Beynəlxalq Akademiyasında “Borçalı İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “Unutsaq unudularıq” adlı tədbir keçirilib.
20 Yanvar şəhidlərinin, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Akademiyanın professor və müəllim heyəti, azərbaycanlı və gürcü tələbələr, Azərbaycanın bu ölkədəki səfirliyinin nümayəndələri iştirak ediblər.
Birliyin sədri Məhəbbət İmanov 20 Yanvar faciəsinin baş vermə səbəbləri, nəticələri və xalqımızın şanlı tarixindəki yeri və rolu barədə məlumat verib.
Sonra Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Gürcüstan Texniki Universitetinin professoru Quram Quvanitadze, tarixçi alim, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya və başqaları çıxış edərək Azərbaycan və gürcü xalqları arasındakı oxşar talelərdən, müstəqillik uğurundakı mübarizə tarixindən söz açıb, 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda törədilən qırğınlar arasında paralellər aparıblar.
Bildirilib ki, imperiya qüvvələri bu faciələri törətməklə xalqlarımızın müstəqillik uğrunda mübarizə əzmini qırmaq istəyiblər. Lakin bütün cəhdlərə baxmayaq, hər iki xalq öz müstəqilliyinə qovuşdu və bu gün dünya birliyində layiqli yerlərini tutub.
Natiqlər bu cür anım tədbirlərində gənc nəslin nümayəndələrinin iştirakını yüksək dəyərləndirib, tələbə və gəncləri dövlətin ətrafında sıx birləşməyə, xalqın şanlı tarixini dərindən öyrənməyə çağırıblar.
20 Yanvar faciəsinin canlı şahidi, Gürcüstan Texniki Universitetinin professoru Vano Osatze təəssüratlarını AzərTAc-ın müxbiri ilə bölüşüb: “Mən həmin dövrdə Bakıda yaşayırdım. Keçmiş Ali Partiya Məktəbi ilə üzbəüz binada qalırdıq. Həmin gecə bizi də küçələrə çıxmağa qoymadılar. Mənimlə birlikdə hərbçilər də var idi. Gecə silah səsindən qulaq tutulurdu. O gecə hətta artilleriya qurğularından, toplardan da atəş açılırdı. Xalqı qorxutmaq, azadlıq mübarizəsini qırmaq üçün sovet ordusu hər bir cinayətə əl atmışdı. Bir gün sonra bizi avtobuslara mindirib Bakıdan çıxartdılar. Yol boyu gördüklərimizdən dəhşətə gəlirdik. Hər tərəf güllə-boran edilib, dağıdılmışdı. Küçələr, divarlar qana boyanmışdı. Xüsusi maşınların su şırnaqlarının köməyi ilə divarlardakı qan izini yuyurdular. Onlar divardakı qan izini yuya bildilər. Amma insanların ürəyindəki dərin izi, dərdi heç kim silə bilməz. Bu izlər Azərbaycan və gürcü xalqlarının yaddaşından, ürəyindən heç vaxt silinməyəcək. Unutsaq həqiqətən də unudularıq”.
Gürcüstan Texniki Universitetinin professoru Quram Quvanitadze isə deyib ki, bu faciələr təkcə Azərbaycan və gürcü xalqlarına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş qatı terror aktıdır. SSRİ dağıldıqdan sonra hər iki xalq müstəqillik uğrunda mübarizəyə qalxdı. Sovet imperiyası onun azadlıq istəyini boğmağa çalışsa da, buna nail ola bilmədi. Əksinə, biz daha sıx birləşdik. Biz ziyalılar bu gün çalışmalıyıq ki, tələbələrimiz, gənclərimiz tariximizi unutmasınlar, tarixdən ibrət dərsi götürsünlər, daha sıx birləşsinlər və xalqlarımız arasındakı dostluğu daha da möhkəmləndirsinlər.
İstər Azərbaycan, istərsə də gürcü xalqları demək olar ki, tarixən eyni taleyi yaşayıblar. Çar Rusiyası və onun sələfi olan sovet imperiyası hər zaman ermənilərin köməyi ilə bizi susdurmağa çalışıb.
Bu sözləri isə AzərTAc-a müsahibəsində Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya söyləyib.
Q.Marxuliya deyib ki, Tbilisidə və Bakıda törədilmiş qırğınların bir səbəbi də ermənilərin bizə qarşı irəli sürdükləri ərazi iddiaları ilə bağlıdır: “Düşünürəm ki, Azərbaycanda o dövrdə hakimiyyətdə olan Ə.Vəzirov erməni millətçilərinə sərt və tutarlı cavab versəydi, belə bir faciə yaşanmazdı. Onun güzəştə getməsi daha böyük faciələrə yol açdı. Ermənistan sovet imperiyasının köməyi ilə Dağlıq Qarabağı almaq istəyirdi. Azərbaycan xalqı isə əzəli, tarixi torpaqları uğrunda mübarizəyə qaxdı və 20 Yanvar faciəsindən sonra nəinki torpaqlarını kiməsə güzəştə getməyəcəyini sübut etdi, həm də müstəqilliyini bərpa etdi”.
Alim qeyd edib ki, bu gün Azərbaycan güclü dövlətdir, güclü iqtisadiyyatı, güclü ordusu var. İstənilən vaxt Azərbaycan işğal altında olan torpaqlarını azad edə bilər. “Lakin sülhsevər Azərbaycan yenə də münaqişəni zor gücü ilə həll etmək istəmir. Amma inanıram ki, Azərbaycan mütləq öz ərazi bütövlüyünü bərpa edəcək”, - deyə Marxuliya vurğulayıb.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR