Medianın dəstəyinə güvənirik – Gömrük Komitəsi

Medianın dəstəyinə güvənirik – Gömrük Komitəsi
15:38 28 Noyabr 2019
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Lənkəranda Dövlət Gömrük Komitəsinin aparıcı media nümayəndələri üçün təşkil etdiyi təlimə start verilib.

Publika.az xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov sayca 4-cü dəfə təşkil olunan "Gömrük Sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda təlimin uğurlu olacağını qeyd edib:

"Əgər iki il əvvəl gömrük keçid məntəqələrində gömrükkeçid prosesindəki müxtəlif maneələrdən danışırdıqsa, bu gün “blockchain” texnologiyaları, mobil texnologiyaların tətbiqi və gələcək planlarımızdan danışırıq. Bu gün islahatlar prosesində medianın dəstəyinə güvənirik".

Daha sonra çıxış edən Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov Azərbaycan ilə Belarus arasında gömrük sahəsində informasiya mübadiləsi aparılacağını söyləyib:

"Hazırda Belarusla bununla bağlı saziş imzalanıb və informasiya mübadiləsinin həyata keçirilməsi üzrə hazırlıq işləri aparılır".

Komitə rəsmisi həmçinin onu da qeyd edib ki, vətəndaşların və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən sürətli keçidi üzrə 3 yeni elektron xidmətin tətbiqinə başlanılacaq:

“Elektron xidmətlərdən biri "elektron növbə" sistemidir. Bu sistem vasitəsilə elektron şəkildə qeydiyyatdan keçmiş şəxs və nəqliyyat vasitəsi növbəsi müəyyən olunmuş vaxtda qapılara yaxınlaşır və növbəsiz gömrük buraxılış məntəqəsinin ərazisinə daxil olur. Amma məntəqə daxilində növbə varsa, o növbəni gözləmək lazımdır. Bu sistem yaxın günlərdə istifadəyə veriləcək.

İkinci elektron xidmət "sürətli keçid" sistemidir. Bu sistem vasitəsilə pasport qeydiyyatı da daxil olmaqla bütün xidmətlər növbəsiz göstəriləcək. Bir sözlə, şəxslər və nəqliyyat vasitələri gömrük keçid məntəqəsini tərk edənə qədər gömrük prosedurlarından və sərhəd xidmətlərindən növbəsiz keçir. Bu sistem ödənişli olacaq, amma hələ məbləğ müəyyən edilməyib.

Digər elektron xidmət isə "CIP keçid"dir. Bu da ödənişli olacaq və gələcəkdə tətbiq ediləcək. Hələlik xarici ölkələrin təcrübəsi öyrənilir. Bundan sonra isə bu xidmətə görə xidmət haqqının məbləği müəyyən ediləcək. CIP xidmətindən yararlananlar istənilən vaxt növbə gözləmədən gömrük buraxılış məntəqələrinə daxil olaraq VIP xidmətlərdən yararlanacaqlar”, - deyə o bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/297501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR