Murat Lekompte: "TANAP Azərbaycanı Türkiyə üçün ikinci ən iri qaz tədarükçüsünə çevirəcək"

Murat Lekompte: "TANAP Azərbaycanı Türkiyə üçün ikinci ən iri qaz tədarükçüsünə çevirəcək"
10:17 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Trans-Anadolu qaz kəməri (TANAP) Azərbaycanı Türkiyə üçün ikinci ən iri qaz tədarükçüsünə çevirəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "SOCAR Turkey Energy" şirkətinin Xarici əlaqələr şöbəsinin rəhbəri Murat Lekompte deyib.

Şöbə rəhbəri bildirib ki, TANAP təkcə Türkiyə və Avropanın enerji təhlükəsizliyini təmin etməyəcək, həm də regionda inkişaf və sabitliyə xidmət edəcək:

"TANAP sayəsində Avropa İttifaqı uzun illər üçün artan enerji tələbatının təmin olunmasında və enerji təhlükəsizliyində böyük üstünlük əldə edəcək. TANAP həmçinin həm Avropa İttifaqı, həm də potensial tədarükçülərə əlavə qaz nəqli üçün infrastruktur təklif edir".

M.Lekompte qeyd edib ki, 1850 kilometr uzunluğu olan TANAP Türkiyə, Yaxın Şərq və Avropada ən iri beynəlxalq təbii qaz kəməridir:

"TANAP Azərbaycanla Avropa İttifaqı arasında hazırkı iqtisadi və siyasi əməkdaşlığın inkişafına xidmət edəcək. Bu layihə Azərbaycanı Türkiyə üçün ikinci ən iri qaz tədarükçüsünə və Avropa İttifaqı üçün yeni tədarükçüyə çevirəcək".

Onun sözlərinə görə, Türkiyə TANAP və "Şahdəniz"dəki payları sayəsində sadə tranzit ölkəsi deyil:

"İstehsalçıdan yekun istehlakçıya qədər dəyər yaratmanın bütün mərhələlərində söz sahibinə çevrilmiş Türkiyə enerji tələbatının etibarlı təmin olunması üçün böyük addımlar atıb".

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/806548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR