Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin xatirəsi ehtiramla anılıb

Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin xatirəsi ehtiramla anılıb
20:13 16 Yanvar 2015
254 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Qubadlı rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr edilmiş tədbirlərin keçirilməsi artıq ənənə halını alıb.
Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, yanvarın 16-da Sumqayıt şəhərindəki 28 May mədəniyyət evində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vasili Əhməd oğlu Əliyevin xatirəsinə həsr edilən mərasim də bu tədbirlərin davamı olub.
Tədbirdə rayon icra hakimiyyətinin məsul nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın döyüş yoldaşları və ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimin əvvəlində Vasili Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolundan bəhs edən videogörüntü nümayiş olunub.
Anma mərasimində rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev çıxış edərək bildirib ki, ölkənin müdafiəsi və düşmən tapdağında olan torpaqların azad edilməsi üçün aparılan mübarizədə 238 şəhid verən rayonun sakinlərindən 9-u Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb. Həmin qəhrəmanlardan da biri bu gün xatirəsinə həsr edilmiş tədbirə yığışdığımız Vasili Əliyevdir.
Rayon icra hakimiyyəti başçısının müavini vurğulayıb ki, rayonun müdafiəsi ilə bağlı aparılan mübarizədən danışanda ilk növbədə xalqımızın, o cümlədən qubadlıların qürur mənbəyi olan, haqqında danışılarkən həmişə iftixar hissi keçirdiyimiz Vasili Əliyev yada düşür. Vətənpərvərliyi və cəsurluğu ilə çoxlarından fərqlənən Vasili Əliyev rayonun erməni hücumlarına məruz qaldığı elə ilk gündən torpaqların müdafiəsinə qalxıb. O, öz dəstəsi ilə düşmənə tutarlı zərbələr vurur, Ermənistanın sərhəddə yerləşən şəhər və kəndlərini daima qorxu içərisində saxlayırdı. Vasili Əliyev həmişə ön cərgədə vuruşaraq döyüşçülərini öz arxasınca aparırdı. Bu xüsusiyyət onu döyüşçülərin sevimlisinə çevirmişdi. 1992-ci ilin oktyabr ayında şəhid olan Vasili Əliyev Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 11 may tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
Allahverdi Haxverdiyev vurğulayıb ki, dövlətimiz Milli Qəhrəman, o cümlədən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü, mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Tədbirdə Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları və Milli Qəhrəmanın digər döyüş yoldaşları çıxış edərək Vasili Əliyevin döyüşçü kimi igidliyindən, keçdiyi döyüş yolundan ətraflı bəhs ediblər. Qeyd olunub ki, rayonun müdafiəsi uğrunda gedən döyüşlərdə 12 polis nəfəri şəhid olub. Onlardan 2-si Milli Qəhrəman adına layiq görülüb.
Mərasimdə Vasili Əliyevin həyat və fəaliyyəti haqqında qısa məlumat verilib. Erməni təcavüzünün qarşısının alınmasında qəhrəmanlıq simvoluna çevrilən, öz ölümü ilə ölümsüzlük qazanan Milli Qəhrəman Vasili Əliyevin həyat yolunun gənclərə örnək olduğu və onun xatirəsinin daim ürəklərdə yaşayacağı bildirilib.
Milli Qəhrəmanın həyat yoldaşı, Sumqayıt Şəhər Polis İdarəsinin kadrlar şöbəsinin müdiri, polkovnik-leytenant Aygün Əliyeva çıxış edərək şəhidlərin xatirəsinə həsr edilmiş tədbirlərə görə minnətdarlığını bildirib, eyni zamanda, Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi qayğıdan razılığını ifadə edib.
Anma mərasimində qəhrəmanlıq və vətənpərvərlik duyğularına həsr olunmuş şeirlər səslənib, musiqi nömrələri ifa olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Milli_Qehremani_Vasili_Aliyevin_xatiresi_ehtiramla_anilib-825430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR