Doktorantların və gənc tədqiqatçıların Nəsimiyə həsr olunan elmi konfransı başlayıb

Doktorantların və gənc tədqiqatçıların Nəsimiyə həsr olunan elmi konfransı başlayıb
12:07 3 Dekabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimi keçirilib.
''Report'' xəbər verir ki, açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış alimlər, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova mərasimi giriş sözü ilə açaraq elmi konfransın əhəmiyyətinə toxunub, bu konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib.
Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov konfransın Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunduğunu, Nəsimi poeziyasının Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynadığını xatırladıb.
Təhsil naziri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılması, eləcə də digər istiqamətlərdə tədbirlər həyata keçiriləcəyini qeyd edib.
Nazir daha sonra elmi-pedaqoji kadr hazırlığı ilə əlaqədar bir sıra statistik göstəriciləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ceyhun Bayramov bildirib ki, cari ildə “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinciliyini qoruyub saxlayır. Nazir əlavə edib ki, Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin bugünkü və gələcək inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. 
C.Bayramov çıxışının sonunda elmi nəticələrin təqdim olunması və elmi diskussiyaların aparılması üçün davamlı platforma statusu qazanmış bu konfransın yeni nəsil alimlərin yetişməsinə öz mühüm töhfəsini verməkdə olduğunu diqqətə çatdırıb, həmçinin konfransın işinə uğurlar arzulayıb. Daha sonra çıxış edən qonaqlar konfransın əhəmiyyətindən söz açıb, ölkəmizin ali təhsil müəssisələrinin elmi infrastrukturu və elmi potensialı haqqında fikirlərini bildiriblər. 
Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Konfransda iştirak üçün müraciət etmiş 500 doktorant və gənc tədqiqatçının məruzələri 15 bölmə üzrə dinləniləcək. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər rəhbərlik edir.
Qeyd edək ki, konfrans iki gün davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/doktorantlarin-ve-genc-tedqiqatcilarin-nesimiye-hesr-olunan-elmi-konfransi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR