Tərlan Əhmədov: "Demək olar ki, sürprizlə qarşılaşırdıq"

Tərlan Əhmədov: "Demək olar ki, sürprizlə qarşılaşırdıq"
18:02 3 Dekabr 2019
117 Digər
Ölkə mətbuatı
A- A+

"Əvvəla həmkarım Yaşar Vahabzadəni təbrik edirəm, çox nizam-intizamlı komanda gördüm. Açığı, I Divizionda belə bir komandanın olması məni sevindirdi. Oyuna gəlincə, kubok qarşılaşmaları həmişə çətin olur. Bu komandanı motivasiya etməklə bağlıdır. Çünki rəqibin I Divizion təmsilçisi olması amili futbolçulara bir az təsir göstərir". 
"Report" xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Kəpəz"i evdə 3:1 hesabıyla məğlub etdikləri matçdan sonra deyib.
48 yaşlı mütəxəssis I Divizion təmsilçisi ilə kubok görüşünün onlar üçün çətin alındığını söyləyib: "Qırmızı vərəqə aldıq, qol buraxdıq. Bu zaman istər-istəməz oyun da əldən gedə bilərdi. Lakin ikinci hissədə artıq tamamilə oyunumuzu yavaş-yavaş bərpa etdik. Fasilədə dəyişikliyə əl atdıq, Con Kamaranı meydana buraxaraq, orta xəttimizi daha da gücləndirdik. Bundan sonra oyunumuzu tutduq, yavaş-yavaş hesabı xeyrimizə dəyişərək qalib gəldik. Bir oyunluq kubok qarşılaşması həmişə çətin olur. İstər-istəməz həyəcan olur, hər an sürprizlə qarşılaşa bilərsən. Biz də demək olar ki, artıq sürprizlə qarşılaşırdıq. Amma ikinci hissədə oyunumuzu tutaraq 2 qol vurmaqla qalib gəldik".
Matçda ən diqqətçəkən məqamlardan biri ilk hissənin uzatma dəqiqəsində "Keşlə"nin agentinalı mərkəz müdafiəçisi Franko Floresin 2 sarı vərəqəyə görə meydandan qovulması olub. Əhmədov fasilədə futbolçusu ilə bu epizodla bağlı danışmağa lüzum görməyib: "Heç vaxt isti başla futbolçularla heç nəyi müzakirə və ya tənqid etmirəm. Bunun zamanı var, hər şey analiz olunur. Futbolda qırmızı, sarı vərəqə amili hər zaman olur. Sərt qərar verdiyim Sezar Meza Kolli ilə bağlı olub. O, "Zirə" ilə Premyer Liqa matçında rəqib futbolunu dirsəklə vurmuşdu. Hər zaman futbolçulara deyirəm ki, son ümud foluna görə qırmızı vərəqə ola bilər, onu sizə bağışlaya bilərəm. Hətta klub o cəriməni özü ödəyəcək. Mübarizələrdə iki sarı vərəqəyə görə meydandan çıxarılması da anlaşılandır. Lakin fanata, hakimə, rəqibə haqsızlıq etmək - belə şeylər mən tərəfdən bağışlanmazdır. O ki, qaldı Floresin cəzasına, o, istər-istəməz bizi çətin vəziyyətə saldı. Çünki digər mərkəz müdafiəçimiz Miyoşko Boyoviç də bizə kömək edə bilmir, zədəlidir".
Xatırladaq ki, "Keşlə" 1/4 finalda keçən mövsümdə olduğu kimi "Qarabağ"la görüşəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/terlan-ehmedov-demek-olar-ki-surprizle-qarsilasirdiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR