Alimlər yeniyetmələrdə smartfon asılılığını araşdırdılar – Nəticələr ürəkaçan deyil

Alimlər yeniyetmələrdə smartfon asılılığını araşdırdılar – Nəticələr ürəkaçan deyil
21:52 5 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Yeniyetmələrin dörddə birində smarfondan asılılıq müşahidə edilir: smartfondan uzaq qalmaq onlarda psixoloji diskomfort yaradır. Yeniyetmələr əsəbi olurlar və təşvişə düşürlər. Bundan başqa, bu uşaqlar ekran qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər.

Milli.Az BBC-yə istinadən xəbər verir ki, bu narahatedici qənaəti Londonun "Kings College" Universitetinin tədqiqatçıları səsləndiriblər. Alimlər xəbərdarlıq edirlər ki, belə asılılıq psixoloji sağlamlığa ciddi ziyan vura bilər.

Ağıllı telefonlardan fasiləsiz istifadə yeniyetmələrdə stress və depressiv pozuntular əmələ gətirir, yuxusuzluğa və təhsildə uğursuzluqlara səbəb olur.

"BMC Psychiatry" tibb jurnalında dərc edilmiş hesabatda alimlər 42 min yeniyetmənin iştirak etdiyi 41 araşdırmanın göstəricilərini təhlil ediblər.

Məlum olub ki, yeniyetmələrin 23 faizində smartfondan asılılıq simptomu var. Onlar smartfon ekranı qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər və bu, uşaqları daha faydalı məşğuliyyətlərdən uzaqlaşdırır.

Risk qrupuna kimlər daxildir?

Smartfonlar 2011-ci ildə kütləvi satışa çıxarılıb və o vaxtdan bəri onlardan istifadə göstəriciləri durmadan artır. "BMC Psychiatry" jurnalı yazır ki, uşaqlar 11 yaşdan etibarən şəxsi smartfona sahib olurlar.

Smartfonlardan kütləvi istifadədən sonra yeniyetmələrdə psixi pozuntu halları da artmağa başlayıb.

Hesabatda qeyd edilib ki, 17-19 yaş aralığındakı qızlar oğlanlarla müqayisədə mobil qurğulardan daha çox asılıdırlar. 17 araşdırmadan 13-ü bu mənzərəni ortaya çıxarıb.

Qızların sosial şəbəkələrdən asılılığı daha çoxdur, gənclər əsasən oyunlara meyil edirlər.

Alimlər bildirirlər ki, smartfonlardan asılılıq təkcə psixoloji problemlərlə yekunlaşmır, belə yeniyetmələr həm də spirtli içkilərə və tütün məhsullarına, o cümlədən düşünülməmiş və gərəksiz alış-verişə həvəs göstərirlər.

Hesabat müəllifləri xəbərdarlıq edirlər ki, psixoloji pozuntular yeniyetmələrin sonrakı həyatında faciəvi izlər buraxa bilər.

Buna görə də alimlər mobil cihazların sağlamlığa təsirini azaltmaq və psixi pozuntuların sonrakı nəsillərə keçməsinin qarşısını almaq üçün smartfonlardan psixi asılılığı qiymətləndirmə metodlarını hazırlamağı təklif edirlər.

"Smartfonlar həyatımızda olmaqda davam edəcək, ona görə də onların hansı problemlərə yol açdığını bilməyimiz lazımdır", - deyə hesabat müəlliflərindən biri Nicola Kalk qeyd edib.

O, həmçinin bildirib ki, asılılığı smartfonların, yoxsa bu qurğulardakı proqramların yaratdığı məlum deyil: "Buna baxmayaraq, cəmiyyət bu qurğuların uşaqlara və yeniyetmələrə mənfi təsirindən xəbərdar olmalı və valideynlər övladlarının smartfonlar qarşısında keçirdikləri zamana nəzarət etməlidirlər".

Ancaq alimlər onu da vurğulayıblar ki, smartfonlardan istifadənin mütləq psixoloji pozuntu ilə nəticələnməsi qənaəti qəti deyil və bunun əksi də mümkündür. Yəni depressiv pozuntu da smartfondan fasiləsiz istifadəyə gətirib çıxara bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR