Heydər Əliyev ideyalarına sədaqət YAP-ın nüfuzunu daha da artırır

Heydər Əliyev ideyalarına sədaqət YAP-ın nüfuzunu daha da artırır
20:58 16 Yanvar 2015
168 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının daha bir yeni ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən ARDNŞ-in Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin direktoru Şahbala Quliyev Yeni Azərbaycan Partiyasının ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyadan, zamanın təxirəsalınmaz tələblərindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yarandığını deyib.
Vurğulanıb ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası respublikamızın daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, partiya yarandığı gündən onun ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən əsas proqramı Azərbaycanda dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, bu gün 640 mindən çox üzvü olan YAP ölkəmizin və regionun ən aparıcı siyasi qüvvəsinə çevrilib.
ARDNŞ-in Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin direktor müavini Aydın Qurbanov və başqaları qeyd ediblər ki, sözlə əməlin birliyi, partiya üzvlərinin ulu öndər Heydər Əliyev ideyalarına sədaqəti YAP-ın nüfuzunu daha da artırıb, ümumilikdə, onun bölgənin aparıcı siyasi qüvvəsi kimi mövqeyini möhkəmləndirib.
Sonra təşkilati məsələlərə baxılıb, yeni təsis edilən ərazi ilk partiya təşkilatının sədri və sədr müavinləri, İdarə Heyəti, həmçinin Gənclər Birliyinin və Qadınlar Şurasının sədrləri seçilib.
Sonda bir qrup gənc partiyaya üzv qəbul olunmaq üçün müraciət edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_ideyalarina_sedaqet_YAP_in_nufuzunu_daha_da_artirir-825440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR