Qarabağ qaziləri meydanda - VİDEO - FOTO

Qarabağ qaziləri meydanda - VİDEO - FOTO
11:27 7 Dekabr 2019
131 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, artıq çempionatın ilk matçı da baş tutub. 

Abşeron Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada "Qarabağ"la "Sumqayıt" üz-üzə gəlib. "Gənclik şəhəri"nin təmsilçisi bu matçdan son dəqiqələrdə vurulan 1 qolla qalib gəlib. 

Çempionatın növbəti oyunları qarşıdakı günlərdə keçiriləcək. 4 komanda Qərb zonasını - Gəncə və Tovuzu təmsil edir. 4 komanda isə paytaxt və Sumqayıtdan formalaşıb. 

Çempionatın keçirilməsində əsas məqsəd milli komandanı formalaşdırmaqdır. 2020-ci ildə Polşada keçiriləcək Avropa çempionatına vəsiqə qazanan yığma komandamızın oraya yollanması üçün liqanın keçirilməsi təşəbbüsü göstərilib. 

Komandaların əksəriyyətinin heyəti Qarabağ qazilərindən təşkil olunub.  

"Qarabağ" komandasının ən yaşlı üzvü Rasim Ələkbərov çempionat keçirildiyi üçün gənclərin amputa futboluna maraq göstərəcəyinə inandığını bildirib: "Məqsədimiz vətənə səngərdə xidmət etdiyimiz kimi burda da xidmət etməkdir. İstəyirik ki, 2020-ci ildəki Avropa çempionatına yollanaq. Hələlik komandaların üzvlərinin sayı azdır. İstəyirik ki, çoxalsın, əlil gəncləri dəvət edirəm, bizə qoşulsunlar. Mən bu yaşlı vaxtımda bacarıramsa, onlar da bacararlar. Hər kəsə qapımız açıqdır".

"Sumqayıt"ın kapitanı Çingiz Məmmədov da çempionatın təşkilinə sevindiklərini bildirib: "Biz bunun təşkil olunması üçün əlimizdən gələni etdik. 1 ildir ki, amputa futbolu oynayırdıq. Lakin çempionat yox idi. Artıq liqa da var və biz sevinirik. Daha yaxşı olması üçün əlimizdən gələni edəcəyik. Məşqlər də edirik, formalarımız da düzələcək. Getdikcə daha yaxşı çempionat keçirəcəyik". 

Qeyd edək ki, meydançada futbolçu sayının az olması xüsusi diqqət çəkirdi. Hər komandada yalnız meydana çıxacaq qədər futbolçu var. Əgər kimsə zədələnsə, meydanda onu əvəz edəcək oyunçular yoxdur. Bundan təşkilatçılar da narahat olaraq kütləviliyin artırılmasının vacib olduğunu bildiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/808526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR