Payızın, soyuq ayların ən çox istifadə olunan meyvələrindən biri də heyvadır. Heyvanın faydaları çoxdur. Amma soyuq aylarda heyvadan ən çox öskürək əleyhinə təbii dərman kimi faydalanırlar.
Milli.Az həkim-fitoterapevt Fizuli Hüseynovun bununla bağlı fikirlərini təqdim edir:
Heyvadan öskürək zamanı çox istifadə olunur. Əsasən də heyva tumlarının suda və ya süddə dəmlənməsindən. 1 ədəd heyvanın tumu 1 stəkan otaq temperaturunda olan su ilə qarışdırılır, 1 gün gözlənilir jele kimi olanda süzülür, yeməkdən əvvəl gündə 3 dəfə hər dəfə 2-3 xörək qaşığı içilir.
1 ədəd heyva tumunu 1 stəkan süddə 5 dəqiqə qaynadıb 8-10 saat gözlənilir, süzülür və gün ərzində yavaş-yavaş içilir.
1 ədəd heyvanı qabıqlarını soyub, dilimləyib, zeytun yağında bişirib 3 yerə bölərək gündə 3 dəfə yeməkdən əvvəl hər dəfə 1 hissəsini yemək lazımdır.
Öskürək və göy öskürək zamanı olduqca faydalı bir reseptdir. Heyva ağacının yarpaqlarından da öskürək və miomalar zamanı çay kimi dəmləyib içə bilərsiniz.
Milli.Az