20 Yanvar şəhidlərinin xatirəsi unudulmazdır

21:28 16 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, universitetin təlim-tərbiyə şöbəsi və Magistrantlar Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Bilik Fondundan AzərTAc-a bildirilib ki, əvvəlcə xalqımızın azadlıq mücadiləsi tarixində şanlı səhifə açmış şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-nun rektoru, professor Asif Hacıyev 25 il əvvəl Azərbaycan xalqının azadlığı, müstəqilliyi, toxunulmazlığı uğrunda apardığı mübarizənin dönüş nöqtəsinə çevrilmiş Qanlı Yanvar gecəsində yaşanan dəhşətləri bir daha xatırladıb. Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini söyləyən rektor ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü bütün təzyiqlərə baxmayaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıda baş vermiş dəhşətli cinayət barədə dünya ictimaiyyətini məlumatlandırmasını yüksək vətəndaşlıq mövqeyi, əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov həmin qanlı gecədə sovet qoşunlarının Bakıya daxil olaraq törətdiyi dəhşətli cinayətdən və bu faciənin acı nəticələrindən danışıb. Bildirilib ki, fond Bakıda, habelə Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən orta təhsil müəssisələrində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbirlərə təşkilatçılıq edir.
Mərasimdə Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Rada Abbas və başqaları Yanvar faciəsinə qədər sovet hakimiyyətinin Azərbaycana qarşı məkrli siyasətini tarixi aspektdən diqqətə çatdırıb, faciənin səbəbləri və yaşanmış dəhşətli hadisələr haqqında ətraflı məlumat veriblər.
Tədbirdə 20 Yanvar hadisələrinə dair fotoşəkil və kitabların sərgisi keçirilib, faciəyə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_sehidlerinin_xatiresi_unudulmazdir-825447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR