Rumıniyalı futbolçu: "Azərbaycan millisində oynamaq çox gecdir"

Rumıniyalı futbolçu: "Azərbaycan millisində oynamaq çox gecdir"
18:32 8 Dekabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

"Oyun çox çətin idi. Birinci hissə yaxşı oynadıq. 20 dəqiqə pis çıxış etdik. Rəqib də qol vurdu. Komanda yoldaşlarımın oyunundan razıyam. Yaxşı nəticə qazandıq".
"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin futbolçusu Adrian Skarlatake Premyer Liqanın XIV turunda evdə "Səbail"i 4:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.
Görüşdə üçüncü qolun müəllifi olan 33 yaşlı müdafiəçi qəsəbə təmsilçisinin heyətində vurduğu ilk qoldan danışıb: "İki mövsüm bundan öncə 6-7 qol vurmuşam. İki ilə yaxındır qol vurmurdum. Hazırkı oyunum məni və baş məşqçi Zaur Həşimovu qane edir. Ötən tur "Qəbələ" ilə görüşdə pis çıxış etdik. Bu gün göstərdik ki, yaxşı oynaya bilərik".
Rumıniyalı oyunçu "Zirə"nin qeyri-sabit çıxışına da münasibət bildirib: "Müdafiəçi kimi istəyirəm ki, qapımızdan qol buraxmayaq. Amma bu gün 20 dəqiqə pis oynadıq. "Qəbələ" ilə isə bütün görüş ərzində pis çıxış etdik. Ona görə də məğlub olduq. Hər zaman belə oynasaq, yaxşı nəticələr olacaq".
Skarlatake ölkə kubokunun 1/4 finalında qarşılaşacaqları "Səbail" ilə matç barədə də fikirlərini bölüşüb: "Çox çətin olacaq. Çünki rəqib üçün yeganə şans kubokdur. Onlar bu günkü kimi oynamayacaq. Daha motivasiyalı olacaqlar. Amma biz də özümüzə inanırıq. Belə çıxış etsək, problem olmayacaq".
Uzun müddətdir ki, ölkəmizdə çıxış edən müdafiəçi son olaraq Azərbaycan millisində oynamaq ehtimalından söz açıb: "Mənim artıq 33 yaşım var. Millidə oynamağım üçün bu çox gecdir. Yığmada yaxşı oyunçular var. 19-20 yaşlı futbolçulara daha çox şans vermək lazımdır. Millidə oynayardım, amma çox gecdir".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ruminiyali-futbolcu-azerbaycan-millisinde-oynamaq-cox-gecdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR