"Uşağı anlamaq üçün onunla söhbət etmək lazımdır" - Mənim balam - FOTO

"Uşağı anlamaq üçün onunla söhbət etmək lazımdır" - Mənim balam - FOTO
07:42 9 Dekabr 2019
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Həkim Xəyalə Məmmədova: Uşaq haqlı olanda, onu haqsız duruma salmaq yaxşı hal deyil

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaqların tərbiyəsində tətbiq etdiyi əsas metod onlarla söhbət etməkdir. Deyir ki, bu metod uşaqlarla ünsiyyətdə çox effektlidir. Bu dəfə "Mənim balam" rubrikamızın qonağı nevroloq Xəyalə Məmmədovadır. Onun 18 yaşında Tofiq adlı oğlu və 13 yaşında Nigar adlı qızı var. 
 
- Xəyalə xanım, ana olanda neçə yaşınız var idi?

- 24 yaşında idim.

- Bir çox hallarda qadınlar ana olduqdan sonra uşaqlarla bağlı oxumağa, araşdırmağa başlayırlar. Siz ana olanda, uşaqlarla bağlı nə dərəcədə məlumatlı idiniz?

- Ana olanda Tibb Universitetində təhsil alırdım. Pediatriya fakültəsində oxuduğum üçün ana olmaqla bağlı xüsusi nə isə araşdırmağa, oxumağa ehtiyac qalmırdı. Çünki təhsilimizdən dolayı bunu onsuz da edirdik, öyrənirdik. Yəni uşaqlar barədə bütün məlumatım var idi. Ancaq yenə də övladım dünyaya gələndən sonra gənc analar üçün faydalı olacaq bir neçə kitab oxumuşdum. Və ən əsası anamın məsləhətləri idi. Onlar mənə çox kömək olurdu.
 
- Maraqlıdır, uşaqların tərbiyəsində valideynlərinizdən gördüyünüz üsullardan istifadə etdiniz, yoxsa müasir metodlardan?

- Bizim uşaqlıq illərimizin keçdiyi dövrdəki həyat tərzi ilə indiki həyat tərzi tamamilə ayrıdır. Ona görə də valideynlərimdən gördüyüm tərbiyə üsulunu tam olaraq uşaqlarımın üzərində tətbiq edə bilməzdim. Bu, mümkün deyil. Günün reallıqlarını nəzərə almaq önəmlidir.

-Tərbiyədə nəyi doğru hesab etmirsiniz?

- Mən uşaqları döyməyin tam əksinəyəm. Bu, yanlış bir metoddur. Uşağı anlamaq üçün onunla söhbət etmək lazımdır. Bir çox problemləri uşağa "özün valideyn olsaydın, nə edərdin" sualı verməklə, çözmək olur. Nadir hallarda səs tonunu artıraraq onlarla danışmışam.
 
- "Özün valideyn olsaydın, nə edərdin" sualına uşaqların cavabı necə olur?

- (Gülür) ilk öncə gülürlər, "mən uşağıma hər şeyə icazə verəcəm" deyirlər. Daha dərin söhbət edəndə, çətin olsa da, anlayırlar. Amma bunlar elə də asan deyil, hamısı çox çətin işdir, valideyndən səbr tələb edir.

- Uşaqla söhbət etmək nə dərəcədə nəticə verir?

- Uşaqlardan danışırıq, onlar yaşca böyüklər kimi düşünmürlər, yanaşmaları da bizim kimi ola bilməz. Ona görə, uşaqlarla söhbət etməklə yüz faizli bir nəticə əldə edəcəyimizi düşünməyimiz yanlış olar. Sadəcə olaraq, hər yaşa uyğun davranmaq, söhbət etmək önəmlidir. Nəticəni az da olsa, əldə edirik.
 
- Bəzi valideynlər qız övladını, bəziləri isə oğlanı böyüdüb tərbiyə etməyin daha çətin olduğunu deyirlər.

- Mən hər ikisinin tərbiyəsinin çətin və məsuliyyətli olduğunu deyərdim. Amma uşaq yetkinlik yaşında olarkən oğlan üzərində atanın, qızda isə ananın rolu böyük olmalıdır. Düzdür, belə bir anlayış var ki, uşaqlar tam tərsinə, oğlan anaya, qız isə ataya meyilli olur. Amma elə məsələlər var ki, orda məhz ana qıza, ata isə oğlana baş salmalıdır. Onların ətraf mühitdə davranışından tutmuş, intim məsələlərə kimi.
 
- İşləyən anaların uşaqlara vaxt ayırması bir az çətindir. Sizdə də yəqin ki, belə olub.

- Bəli, mən də işləyən ana olmuşam və uşaqlarım da bu üzdən əziyyət çəkiblər. Gecə çağırışları, növbələri və sairə. Amma onlara "mən həkiməm və hər an kiməsə lazım ola bilərəm" dediyimdə, tam anlayış göstəriblər. Və elə olub ki mənimlə iş yerimə (xəstəxanaya) gediblər. 

- Amma uşaqlar istəyirlər ki, valideynləri ilə əylənsinlər, oyunlar oynasınlar...

- Təbii ki, bunları da etmişik. İstirahət günlərində onlara maraqlı olan əyləncələrlə məşğul olmağa çalışmışam. Bu, çox vacibdir. Onlarla cizgi filmlərinə belə getmişəm.

- Bəzən valideynlər uşaqlarının tərbiyəsində tətbiq etdikləri hansısa üsulu sonradan dəyişə bilirlər. Yəni görürlər ki, effektli olmadı. Belə hallarla üzləşmisiniz?

- Belə hallar olub. Bəzən özümü uşaqların yerinə qoyub düşünürəm. Və olub ki, öncə dediyim sözü geri götürmüşəm. Düşünürəm ki, bu, normal haldır. Hətta bəzən elə olub ki, baba və nənəyə əks gedib, uşaqların tərəfini tutmuşam.

- Belə olanda, deyirlər ki, uşağın ayağı yer alacaq...

- Ayağı yer almaması üçün bir qədər sərt söhbətlər də olur. Sadəcə olaraq, uşaq haqlı olanda, onu haqsız duruma salmaq yaxşı hal deyil. 
 
- Uşaqlarla necə bir münasibətiniz var?

- Uşaqlarım deyirlər ki, biz səninlə dostuq. Övladlarımla o dostluq münasibətini qurmağa çalışmışam.
 
- Maraqlıdır, sizin necə bir ana olduğunuzla bağlı başqa fikirləri olurmu? Məsələn, narazı qaldıqları tərəflər...

- (Gülür) Əlbəttə, deyirlər ki, gərək sən həkim olmazdın, hər şeyə fikir verirsən, nəfəs aldığımızda və yatanda belə hər şeyi diqqətdə saxlayırsan. Bundan narazıdırlar. 

- Sağlam olmaları üçün nəzərdə saxladığınız nələr var?

- Övladlarımın sağlam olmasını istəyirəm. Ona görə də demək olar ki, hər şeyə fikir verirəm. Qidalanma məsələsi məni xüsusilə narahat edir. Çünki energetik içkilərdən tutmuş, yeyinti məhsullarına qədər bir çox zərərli qidalar satışda var. Övladlarımı o zərərli məhsullardan uzaq tutmaq üçün davamlı olaraq onlara bu mövzuda məlumat verirəm, zərərlərinin nələr olduğunu bildirirəm.
 
- Nəticə necə olur? Çünki valideynlər şikayətlənirlər ki, uşaqları zərərli qida məhsullarından uzaq tutmaq çətin məsələdir.

- Körpə yaşlarında olduqlarında, əlbəttə ki, istədiyim nəticəni alırdım. Amma böyüdükləri üçün indi bir az çətindir. Yenə də çalışıram ki, tibbi dildə başa salım. Bununla bağlı videolar izlədirəm. Məlumatlı olmalarını istəyirəm.

- Uşaqların dərslərinə nəzarət edirsiniz?

- Mənim iş rejimimlə bunu etmək əvvəllər heç də alınmırdı. İbtidai sinifdə oxuduqları zamanlar bu iş nənənin üzərinə düşürdü. Amma indi qızımın dərslərinə özüm nəzarət edirəm. Oğlum isə artıq peşə təhsili alır və nəzarətə ehtiyacı yoxdur.

- Bir çox hallarda valideynlər uşaqlarının məhz ali təhsil almasında israr edirlər, peşə təhsili seçəndə, narazı qalırlar...

- Mənim oğlumda vəziyyət bir az fərqlidir. O, Avropada peşə məktəbində iqtisadiyyatla bağlı təhsil alır. Bu, öz seçimidir. Orda bir ixtisası seçib və o yöndə təhsil alır. Onu bacarmadığını gördükdə, başqa ixtisası seçmək qərarı var. Hələ ki bir fikirdədir, sonrasına baxarıq.
 
- Övladlarınızın ixtisas seçimi ilə bağlı yönəltmələriniz olurmu?

- Qızım hələ balacadır və bu barədə onunla danışmağım tezdir. Amma ümumilikdə, ixtisas seçimində azaddırlar. Əlbəttə ki, məsləhətlər veririk. Valideynin məsləhəti, uşağını məlumatlandırması önəmlidir. Ancaq mən hesab edirəm ki, insan ixtisasını özü seçməlidir. Çünki bu halda işini sevərək görür. Oğlum rep yazır və gələcəkdə albom çıxarmaq istəyir. Mən ona qarşı ola bilmərəm. Çünki o, bunu sevərək edir.
 
- Uşaqlar səhv edəndə, reaksiyanız necə olur?

- Hər insan öz səhvləri nəticəsində nələrsə əldə edir. Səhv edir, artıq bu, təcrübə olur, gələn dəfə onun doğru yolunu bilir. Əldə olunan bir çox nailiyyətlərin əvvəlində hansısa səhvlər durur. Ona görə uşaqların səhvlərini normal qəbul edirəm.
 
- Necə bir övlad böyütməyə çalışmısınız və indi istədiyinizə nə dərəcədə nail olmusunuz?

- İnsanlara hörmətlə yanaşan övlad böyütməyə çox çalışmışam. Qoca, qadın, uşaq yerini bilsinlər. Zəif olan tərəfi tutsunlar. Heyvanlara nəvaziş göstərsinlər. Buna nail olduğuma tam əminəm. Çünki uşaqlarım olan yerdə mən olmasam belə, sonradan onlar haqqında həmişə müsbət sözlər eşitmişəm. Və bu da mənim üçün fərəhli bir hissdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/807064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR