“Korea Post” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc edilib

21:33 16 Yanvar 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Koreya Respublikasının “Korea Post” qəzetində “Müstəqillik və azadlıq uğrunda mübarizə. Azərbaycan “Qara Yanvar” faciəsinin 25-ci ildönümünü qeyd edir” sərlövhəli məqalə dərc olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, məqalədə 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən Bakıda törədilmiş hadisələrin Azərbaycan xalqının tarixinə “Qara Yanvar” adı ilə daxil olduğu bildirilir. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının milli-azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya qoşun yeritdiyi və günahsız insanları amansızcasına qətlə yetirdiyi diqqətə çatdırılır. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qırğın nəticəsində 147 dinc sakin həlak olub, yüzlərlə insan yaralanıb, qanunsuz olaraq həbs edilib.
Müəllif vurğulayır ki, 20 Yanvar şəhidləri Azərbaycan xalqının azadlığı uğrunda canlarından keçib və onlar heç vaxt unudulmayacaq. Hər il Azərbaycan xalqı faciə qurbanlarının xatirəsini ehtiramla yad edir.
Məqalədə 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyi vurğulanır və bu mübarizənin 1991-ci ildə ölkənin müstəqilliyinin elan olunması ilə nəticələndiyi qeyd edilir. Bu günün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu oxucuların diqqətinə çatdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR