Bəs onda biz nəyi gözləyirik? (VİDEO)

Bəs onda biz nəyi gözləyirik? (VİDEO)
22:01 16 Yanvar 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin anım tədbirlərilə bağlı hazırlıq işlərinə start verilib. Amma bu faciənin üstündən 25 il keçsə də, qanlı yanvar hadisələrinə hüquqi qiymət verilməməsi və onu beynəlxalq ictimaiyyətin hələ də tanımamasıdır.

20 Yanvara bir neçə gün qalmış yenə də Şəhidlər xiyabanı diqqət mərkəzindədir. Yenə də iməcilik təəssüratı, yenə də məktəblilər dəstə-dəstə xiyabanı yad edir, yenə də təbii güllərdən yerə xalı-xalça hörürük. Amma ermənilərin başımıza hördüyü corabın mahiyyətini və xarakterini dünyaya çatdırmayınca, bütün bunların nə əhəmiyyəti var, bax bu çətin sualdır.

Bu il 20 Yanvar faciəsinin 25 ili tamam olur. Amma bu illər ərzində biz 20 Yanvarı dünyaya tanıda bilmədik. Bizimlə eyni ağrı-acını yaşayan Litvanı isə dünya tanıdı. Hansı ki, bizdən bir il sonra - 1991-ci ilin yanvarın 13-də sovet qoşunları bu ölkəyə də qüvvə yeritmiş, “Alfa” qrupunun və zirehli texnikanın köməyilə Vilnüsdə də teleqüllə ələ keçirilmişdi.

Azərbaycanda isə bu məsələyə görə, günahı olan bircə nəfərin də burnu qanamayıb. Faktla bağlı qaldırılan cinayət işi də dalana dirənib. Niyə sualına 25 ildir ki, eyni cavabı eşidirik. Cinayət işi SSRİ-nin Baş prokurorluğunda qaldırıldığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb və bu materialların Azərbaycana qaytarılması haqda bu ölkənin sorğularına düz 25 ildir ki, Rusiya hüquq-mühafizə orqanları cavab vermir. Bəs onda biz nəyi gözləyirik? Niyə beynəlxalq məhkəməyə müraciət etmirik? Söhbət etdiyimiz politoloqlardan da təxminən eyni cavabı eşitdik. Məslən, kimi deyir ki, məsələ Avropa Məhkəməsinə daşınmalıdır. Kimi deyir ki, bunu dövlət, siyasət adamları, ziyalılar etməli və 20 Yanvarın tanıdılması Azərbaycanın siyasi gündəmində möhkəm yer tutmalıdır. Təbliğatın xarici dildə kitab nəşrinin və 20 Yanvar haqqında filmlər çəkilməsinin bu məsələnin dünyada tanıdılmasında əsas rol oynayacağına bizi inandıranlar da az deyil. İndi film istəyənlərə filmimiz də var. Vahid Mustafayev şahidi olduğu 20 Yanvar həqiqətlərini bacardığı qədər lentə köçürdü. İndi onu dünyanın beyninə, yaddaşına köçürməliyik. Onsuzda bu iş üçün çox gec qalmışıq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR