Azərbaycanda ilk dəfə bioplastik zavodu tikiləcək

Azərbaycanda ilk dəfə bioplastik zavodu tikiləcək
16:27 11 Dekabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin dəstəyi ilə İtaliyanın "TechnipFMC" şirkəti ilə Azərbaycana məxsus “Yeni Kapital” MMC arasında PLA (Polylactic acid – Poliaktik turşu) layihəsinin icrasına dair müqavilə imzalanıb.
“Report” xəbər verir ki, layihə ölkədə ilk dəfə bioplastik zavodunun tikintisini nəzərdə tutur.
Dəyəri 150 milyon ABŞ dolları olacaq layihə İnnovasiyalar Agentliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkında reallaşdırılacaq, vergi və gömrük güzəştləri ilə əhatə olunaacaq.
Qeyd edək ki, PLA ətraf mühitin, su hövzələrinin ekoloji təmizliyi və insan sağlamlığı baxımından çox əhəmiyyətlidir. Bioplastik, başqa polimerlərlə müqayisədə təbiətdə çox tez çürüyür və bu çürümədən alınan maddə bioloji baxımdan təhlükəsiz, təmiz məhsul sayılır. Bioplastik ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır. Onun istehsalı nəticəsində təbiətə buraxılan CO2 (karbon qazının) həcmi sıfra bərabərdir. Bioloji tərkibli və təbiətdə çürüyən PLA polimeri geniş tətbiq olunan neft əsaslı plastikləri əvəzləyə biləcək.
PLA xüsusi texnoloji proseslər (fermentləşdirmə, saflaşdırma, oliqomerləşmə və polimerləşmə) nəticəsində şəkərdən əldə edilmiş məhsuldur. Qarğıdalı və şəkər onun istehsalı üçün xammal mənbəyi olacaq. PLA birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsulların (qida qabları, süfrə, çanta, müxtəlif təyinatlı əşyalar) istehsalında tətbiq olunacaq.
PLA fərqli sektorlarda yeni sahələrin (tibbi qurğular, bioloji parçalanan mebellər, 3D çap, yüksək texnoloji avadanlıqlar, toxuculuq və s.) yaranmasına da təkan verəcək. Əhalinin məşğulluğu üçün əhəmiyyətli sayılan bu layihə çərçivəsində sənaye, kənd təsərrüfatı, təkrar emal, xidmət, logistika və bir sıra başqa istiqamətlərdə yeni iş yerləri açılacaq.
Mövcud plana görə, ilk 3-5 il ərzində zavodun tikintisində və quraşdırılmasında 1 000-dən artıq insan - mühəndis və inşaatçı çalışacaq. Növbəti illərdə isə bu layihə ilə bağlı müxtəlif sahələrdə çalışanların sayı 7 min nəfərdən artıq olacaq.
Layihənin hesabına ölkəmizə hər il 100 milyon ABŞ dollarından çox valyuta daxil olması gözlənilir. Zavoda qoyulacaq investisiyanın 5 il müddətinə geri qaytarılması nəzərdə tutulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/azerbaycanda-ilk-defe-bioplastik-zavodu-tikilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR