İqlim dəyişmələri ilə mübarizəyə töhfə: ekoloji təmiz evlər

İqlim dəyişmələri ilə mübarizəyə töhfə: ekoloji təmiz evlər
17:47 11 Dekabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+


Hazırda müasir iqlim dəyişmələri və onun yaratdığı risklər siyasi, iqtisadi problemlərlə yanaşı, dünyada ən yüksək səviyyələrdə müzakirə olunan məsələlər sırasındadır. Elə ötən ayın sonunda Bakıda keçirilən “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfransda da bu məsələ geniş müzakirə olundu. Tədbirdə çıxış edən neft-qaz hasilatı şirkətlərinin nümayəndələri iqlim dəyişmələrinə səbəb olan atmosferdə istilik effekti yaradan qazların azaldılması üçün həyata keçirdikləri tədbirlər, bu istiqamətdəki planları və öhdəliklərindən bəhs etdilər. Konfransda ümumiyyətlə ekoloji risklərin minimuma endirilməsinin bütövlüklə cəmiyyətin üzərinə böyük vəzifələr qoyduğu, ekoloji məsələyə fərdi yanaşmanın vacibliyi xüsusi vurğulandı.
Ətraf mühitin mühafizəsi sərhəd tanımır. Bu, hər kəsin ümumi vəzifəsidir. Xüsusilə də ekologiyanın mühafizəsində fərdi yanaşma vacibdir. Bu gün qlobal iqlim dəyişikliyinə qarşı mübarizə yollarından biri də evlərdə enerjiyə tələbatı azaltmaq, qənaət tədbirləri həyata keçirmək, enerji effektivliyini artırmaqdır. Hazırda bir çox qərb ölkələrində, həmçinin ABŞ-da demək olar ki, istixana qazları emissiyası və enerji xərcləri olmayan evlərdə yaşamaq dəbdir. Hətta enerji effektli, istifadə etdiyi qədər enerji istehsal edən xüsusi qəsəbələr də salınır. Bu tipli yaşayış yerlərinin olması karbon emissiyalarının azaldılmasına töhfə verən işlərdən biridir.

Enerji effektli, sıfır karbon emissiyalı evlər
Belə qəsəbələrdən biri də ABŞ-ın Texas ştatının paytaxtı Ostin şəhərinin şərqində hava limanının yaxınlığında sakit bir ərazidə yerləşən "Whisper Valley” (Pıçıltı vadisi) layihəsidir. İnşası bir neçə mərhələdə həyata keçirilən qəsəbənin I fazasının açılışı 2017-ci ildə baş tutub. Bu layihə ABŞ-da ən böyük yaşıl icma hesab edilir. Qlobal daşınmaz əmlak şirkəti “Taurus Investment Holdings”in həyata keçirdiyi ən böyük yaşıl icmanın dəyəri 2 mlrd. dollar təşkil edir. Tamamlandıqda sıfır enerji qabiliyyətli icma 7500 evdən ibarət olacaq.
Qəsəbədə hər şey sözün hər mənasında “yaşıl”dır. Evlər geotermal isitmə və soyutma nasosları, enerji effektivli avadanlıqlar, ağıllı və enerji qənaətli cihazlar ilə təchiz olunub. Burada evlərin damı günəş panelləri, daxili isə enerji effektli elektrik əşyaları ilə təchiz edilib. Bütün evlərin yüksək effektivli geotermal istilik və soyutma sistemi ilə təchizatı aylıq enerji istehlakının 65%-inə qənaət etməyə imkan verir. Buradakı evlər sıfır-enerji qabiliyyətlidir. Yəni, təməlindən burada hər şey ideal cəmiyyət yaratmaq üçün planlaşdırılıb. Qəsəbədə yaşamaq sıfır enerji qabiliyyətli cəhətinə görə Ostinin digər yerləri ilə müqayisədə daha ucuzdur. Çünki sakinlərin enerji xərcləri min dollarlarla azalır.

Evlərin dəyəri 200-400 min dollar təşkil edir. Bu məbləğin 25-30 min dolları ev əşyaları və günəş panellərinin qiymətidir. Lakin 10 min dollara qədər aşağı elektrik enerjisi tarifindən qənaət etmək olur. Evin istismar dövründə 100 min dollara qənaət etmək mümkün olacağı bildirilir. Ev sahibləri günəş panelləri və istilik sisteminə görə 7-10 min dollarlıq federal vergi kreditindən yararlanır.
Mütəxəssislər Azərbaycanda da bu tipli layihələrin həyata keçirilməsinin mümkün olduğunu bildirir və təşviqedici addımların atılmasını vacib hesab edirlər. Üstəlik, bərpa olunan enerji potensialı buna imkan verir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-qlim-deyismeleri-ile-mubarizeye-tohfe-ekoloji-temiz-evler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR