SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi proqramının iştirakçılarından 152 nəfər artıq şirkətdə işə qəbul olunub

SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi proqramının iştirakçılarından 152 nəfər artıq şirkətdə işə qəbul olunub
17:37 13 Dekabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ödənişli İstehsalat Təcrübəsi proqramı çərçivəsində 2 aylıq təcrübə müddətini uğurla başa vurmuş 152 gənc artıq SOCAR-da işə qəbul olunub.
SOCAR-dan “Report”a verilən məlumata görə, proqramda Respublikamızın və xarici ölkələrin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşları iştirak edib, neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanından yararlan, təhsildə qazandıqları bilik və bacarıqlarını nümayiş etdiriblər.
Cari ildə həyata keçirilmiş Ödənişli İstehsalat Təcrübəsi proqramı çərçivəsində 39 adda ixtisas üzrə elan olunmuş müsabiqəyə ümumilikdə 4449 nəfər təhsilini bitirməkdə olan tələbə, həmçinin son 3 ilin məzunları müraciət edib. Onlardan 230 nəfəri müsabiqədən uğurla keçərək təcrübədə iştirak etmək hüququ qazanıb. Həmçinin, SOCAR-ın ölkədaxili təqaüd proqramının 50 nəfər qalibi də qaydalara uyğun olaraq, təcrübəyə birbaşa cəlb olunub. Təcrübə müddətində gənc mütəxəssislərə təqaüd ayrılıb, SOCAR-da işləmək arzusunda olan gənc kadrlara isə, əlavə olaraq, müsahibə yolu ilə işə qəbul imkanı yaradılıb.
Artıq 152 gənc mütəxəssis SOCAR-ın “Azneft”, “Azərikimya” və “Azəriqaz” İstehsalat Birliklərində, “Neftqaztikinti” və “Kompleks qazma işləri” trestlərində, Nəqliyyat İdarəsində, H.Əliyev adına neft emalı zavodunda, Metanol zavodunda, İnformasiya texnologiyaları və Rabitə İdarəsində, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və digər müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunub.
İşə qəbul edilmiş ən gənc təcrübəçinin 20, ən yaşlı təcrübəçinin isə 31 yaşı var. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Kimya mühəndisliyi fakültəsinin məzunu Aysel Abdullazadə hazırda SOCAR-ın Etilen-Polietilen zavodunda polietilen istehsalatının texnoloqu vəzifəsində işləyir və həm də doktorluq işi üzərində çalışır. SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi Proqramının qalibi olan Aysel deyir ki, ilk dəfə 2016-cı ildə SOCAR-ın Ödənişli Yay Təcrübə proqramının qalibi seçilib: “Təcrübə zamanı qazandığım praktiki biliklər magistraturada təhsil alarkən mənə kömək oldu. 2018-ci ildə təkrar Ödənişli İstehsalat Proqramına müraciət etdim və yenə seçildim. Test və müsahibə mərhələlərini keçmək çox da çətin olmadı. Daha öncə SOCAR-ın proqramında iştirak etdiyim üçün inanırdım ki, imtahanlar tam şəffaf keçiriləcək. İşə qəbul olunduqdan sonra ətrafımdakı bütün tələbə yoldaşlarıma yalnızca biliklərinə güvənərək bu proqrama müraciət etmələrini məsləhət görmüşəm. Heç bir gənc qorxmasın, qəbul prosesi o qədər də çətin deyil. Biliyinə, çalışqanlığına inanan hər bir kəs bu proqramdan istifadə etsin".
Hazırda 1 il müddətində Kadr ehtiyatı bazasında saxlanılan digər təcrübəçilərin də SOCAR-da işə qəbul imkanları araşdırılır. Növbəti aylarda işə qəbul edilən təcrübə proqramı qaliblərinin sayının 200-ə çatdırılması nəzərdə tutulur. Proqramda iştirak edən gənclər əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır. Onların arasında bakalavriatura ilə yanaşı magistr pilləsini bitirmiş məzunlar da vardır. Belə ki, cari ildə proqramın qalibi olan məzunlardan 46 nəfəri müxtəlif ixtisaslar üzrə magistr təhsilinə malikdir.
Xatırladaq ki, SOCAR-da ödənişli yay təcrübəsi proqramına 2010-cu ildən start verilmişdir. 2018-ci ilədək yalnız tələbələr üçün ödənişli yay təcrübəsi təşkil olunurdu. Həmin ildən etibarən proqram təkmilləşdirilmiş və məzunlara da proqrama qoşulmaq imkanı verilmişdir. 2018-ci ildə keçirilmiş Ödənişli İstehsalat Təcrübəsi Proqramı çərçivəsində 194 nəfər təcrübəçi SOCAR-ın müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşdur və hal-hazırda fəaliyyətləri ilə şirkətin inkişafına öz töhfələrini verirlər.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/152-nefer-artiq-socar-da-ise-qebul-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR