Gündüz Abbaszadə: "Bu heyətlə inanmıram böyük nəticələr əldə edək”

Gündüz Abbaszadə: "Bu heyətlə inanmıram böyük nəticələr əldə edək”
20:58 13 Dekabr 2019
135 İdman
Ölkə mətbuatı
A- A+

“Biz böyük turnirlərə vəsiqə qazanacaq gücdə deyilik”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin istefasını şərh edərkən idman jurnalisti, futbol şərhçisi Gündüz Abbaszadə deyib.



Şərhçi bildirib ki, Nikola Yurçeviçin istefaya göndərilməsi şübhəsiz ki, doğru qərardır:
“Göstərdiyi oyun qənaətbəxş deyildi. Yəni, millidə davam etməsi üçün heç bir səbəb qalmamışdı. Kim gəlməlidir, millini bundan sonra yerli və ya xarici mütəxəssis çalışdırmalıdır sualına cavab vermək bir az çətindir. Azərbaycanda bu yükü çəkə biləcək yerli mütəxəssis varmı? Əcnəbi mütəxəssisə gəldikdə, Prosineçki nümunəsi var. Vaxtilə millidə çalışıb. Kifayət qədər özünü sevdirə bilib. Azərbaycan mentalitetinə azdan-çoxdan bələd olan biridir. Əsas məsələ kimin gəlməyi deyil. Əldə futbolçu olmayandan sonra nəticələrimiz aşağı, yuxarı eyni olacaq. Milli komandamıza namizəd futbolçular maksimum 35-40 nəfər arasından seçilir. Yəni fərq etməz Əli oldu, Vəli oldu. Namizədlər dəyişmədən kimin gəlməyinin önəmi qalmır. Mən bunu belə görürəm".

Gündüz Abbaszadə millinin bu seçmə mərhələdə zəif çıxış etməsinin təkcə baş məşqçi amili ilə bağlı olmadığını qeyd edib: “Birincisi, ilk dəfə idi ki, seçmə mərhələlər tarixində bu qədər çətin qrupa düşmüşdük. Rəqiblərimizə baxdıqda görürük ki, dörd rəqibin hamısı ötən Avropa Çempionatının iştirakçısı və qrupdan növbəti mərhələyə adlamış millilərdir. Hətta biri yarımfinala çıxmışdı. Həmin millilərin bu il də uğurlu çıxış etdiyinin şahidi oluruq. Bu, təbii ki, bəhanə deyil. Sadəcə səbəblərdən biridir. Bizdə böyük hədəflər üçün futbolçu yoxdur. Bizim Avropa arenasına çıxara biləcəyimiz iki-üç futbolçu varsa, onlardan biri Mahir Emrelidir. Mahir İspaniya La Liqasında orta səviyyəli komandaların maraq dairəsinə düşmürsə, buna Yurçeviç yox, kim olur-olsun, təsir göstərə bilməyəcək. Düzdür, biz itirə-itirə gedirik, ancaq növbəti illər haqqında düşünməliyik. Yurçeviçin xidməti bundan ibarət oldu ki, gənc futbolçulara şans verdi. Ya məcburiyyətdən, ya ürəyi istədi, səbəb nə olursa-olsun hər halda Bəhlul Mustafazadə, Emil Balayev kimi yeni adlar qazandıq. Bu, gələcəyə atılmış addım kimi təqdirəlayiqdir. Ən azından buna görə Yurçeviçə təşəkkür edə bilərik”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/299000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR