Türkiyəli ekoloq: “TANAP və STAR-da ətraf mühitin qorunmasına həssas yanaşılıb”

Türkiyəli ekoloq: “TANAP və STAR-da ətraf mühitin qorunmasına həssas yanaşılıb”
09:57 14 Dekabr 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və STAR neft emalı zavodu layihələrində ətraf mühitin qorunması məsələsinə həssas yanaşılıb.
Bunu “Report”a Türkiyənin Ekologiya Mühəndisləri Ticarət Palatasının baş direktoru Baran Bozoğlu bildirib.
Onun sözlərinə görə, bu məsələdə əlavə olaraq istifadə olunan ətraf mühiti çirkləndirməyən texnologiyaları da vacib rol oynayıb: “STAR neft emalı zavodunun təmizləmə qurğuları və tullantılara da əhəmiyyətli investisiyalar yatırdığını müşahidə edirik. Bu layihələr texnologiya transferi və biliklərin artırılması baxımından önəmli rola malikdir. Bu cür investisiyalarla insan resursları sahəsində də irəliləyiş əldə olunur.TANAP və STAR kimi böyük layihələr məşğulluğa da töhfə verir”.

 Baran Bozoğlu

Baran Bozoğlu bildirib:

"Bu layihələrdə istifadə olunan ətraf mühiti çirkləndirməyən texnologiyalar vacibdir".
Qeyd edək ki, TANAP konsorsimunun məlumatına görə, boru kəməri boyunca həssas bölgələr müəyyənləşdirilib. İşlər nəticəsində daha əvvəllər bilinməyən 9 böcək, 1 bitki növü aşkarlanıb. Həssas bölgələrin və təbii qaynaqların zərər görməməsi diqqətə alınıb və beləcə, ətraf mühitə təsirlərin əvvəlcədən qarşısının alınması və ya uyğun olaraq azaldılması təmin edilib.
STAR-da da işlərin ətraf mühitə təsirlərinin mütəmadi olaraq yoxlanıldığı və dünya standartında nümunəvi işlər görüldüyü bildirilir. 
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir. 2018-ci il iyunun 12-də TANAP-ın Türkiyə üçün qaz nəqlini nəzərdə tutan hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.
STAR neft emalı zavodu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Türkiyədə həyata keçirilən investisiyalardan biridir. Ötən il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. 


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/turkiyeli-ekoloq-tanap-ve-star-da-etraf-muhitin-qorunmasina-hessas

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR