Məqamı gözləyirlər... - Aslan İsmayılov Cemil Həsənliyə səsləndi

Məqamı gözləyirlər... - Aslan İsmayılov Cemil Həsənliyə səsləndi
13:57 17 Dekabr 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu 26 ildə demək olar ki, eyni şəxslər müxalifətin rəhbərliyində olublar. Əgər həqiqətən müxalifət hakimiyyətə sivil yolla, yəni seçkilər nəticəsində gəlmək istəsəydi, bu 26 ildə onlarla Prezident, Milli Məclis, Bələdiyyə seçkiləri zamanı insanları maarifləndirə, özünə inandıra bilərdi. Bu gün belə bu səhnə yoxdur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov "Milli Şura" adlı qurumun sədri Cemil Həsənliyə müraciətində deyib.

A.İsmayılov qeyd edib ki, müxalifət seçkilər yolu ilə yox, çevriliş nəticəsində hakimiyyətə gəlmək istəyir: "Bunu rəngli inqilablar dövrü müxalifətin canlanması göstərdi. Bunun isə faciə olduğunu görməmək mümkün deyil. İkincisi, müxalifət insanları maarifləndirib seçkilərin vacibliyinə inandırıb, onların seçkilərə kütləvi gəlmələrini, sonra isə səslərini qorumağı təmin edə bilməyib. Demək, onda xalq bu müxalifətə inanmır və ona görə də cürbəcür bəhanələrlə seçkilərdən imtina edilir. İkinci halın mümkünlüyünü elə yaxın zamanda İstanbul bələdiyyəsinə seçkilər göstərdi. Səsvermənin nəticələrinə etiraz olaraq yüz minlər küçələrə axışdı, səslərin yenidən sayılmasını tələb etdi və istəyinə nail oldu. Təkrar seçkilərdə isə müxalifət insanları ezamiyyətlərindən, cürbəcür şəxsi işlərindən imtina edib seçkilərə gəlmələrinə inandırdı və bununla da qələbələrini təmin etdi.

Təsəvvür edək ki, hanısa xarici güclərin köməyi ilə bu hakimiyyəti kənarlaşdırdınız, bəs ondan sonra nə olacaq sualına necə cavab verərsiniz? Ölkədə yarana biləcək xaosu kim idarə edəcək? Milli Şura təkbaşına bütün ölkəni idarə etməyə qadirdirmi? Milli Şura hakimiyyət idarəçiliyində, təmsil olduğunuz qrupun bəzi üzvlərinin satqın damğası vurduğu, hansı müxalif qüvvə ilə əməkdaşlığa gedəcək? Yox, əgər nə vaxtsa hakimiyyətdə təmsil olunmuş Əli İnsanov kimi "nüfuzlu" şəxsləri də əməkdaşlığa cəlb edəcəksinizsə onlar kim olacaq?".

Hüquqşunas vurğulayıb ki, Azərbaycana düşmən olan qüvvələr öz maraqları naminə hər dəqiqə Milli Şuranın potensialından istifadə etmək məqamını gözləyirlər: "Bu gün özlərini Milli Şuraya və Azərbaycana dost kimi göstərən qüvvələrin də əksəriyyətini əsasən məhz öz mənfəətləri maraqlandırır. Bu gün sizin kökündən səhv saydığım, boykot qərarı qəbul etməyinizə onların da təsiri olmalarına şübhəm yoxdur və əminəm ki, yenə istədiklərini aldıqdan sonra sizi yarı yolda qoyacaqlar. Bu gün hakimiyyət islahat aparacağını deyir və bu yolda müəyyən addımlar atılıb. Dəyişikliklərin olacağına əminəm.

Milli Şura üzvlərinin bəzilərinin "biz seçkiyə getməyin demirik, biz seçki prosesini boykot edirik" demələrinin səmimi olduğuna inanmıram. Seçkilərdə iştirak etməyiniz üçün irəli sürdüyünüz şərtlərlə, "hakimiyyəti bizə təhvil verin" fikri arasında heç bir fərq yoxdur. Ona görə də bu gün sizə bir daha müraciət edib boykot qərarının dəyişdirilməsini, seçkilərdə aktiv iştirak etməyə çağırıram. Onsuz da Milli Şuradan başqa bütün potensial müxalifət qüvvələri seçkilərə gedirlər və ona görə də bu seçkilər dünya ictimaiyyəti tərəfindən tanınacaq. Tərəddüd edənlər isə həmişəki kimi susacaqlar, yaxud bu günə qədər olduğu kimi bir iki quru bəyanatla kifayətlənəcəklər. Ancaq Milli Şuranın bu gün tutduğu yol ölkədə qarşıdurmanı gücləndirəcək və bundan düşmən qüvvələr hökmən istifadə edəcəklər. Ona görə də dövlətimizin və xalqımızın gələcəyi üçün seçkilərə getməyinizi, hər hansı qarşıdurmanın baş verməsinə yol verməməyinizi xahiş edirəm. Əgər seçkiyə getməməyinizin ağlabatan səbəblərini göstərsəniz, səhvimi etiraf edib, sizdən səhv fikirlərimi cəmiyyətə bildirdiyimə görə üzr istəməyə hazıram".

Xatırladaq ki, gələn il fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Özünü demokratik qüvvələrin "Milli Şura"sı adlandıran kiçik bir müxalif kəsim isə seçkilərdə iştirak etməməklə bağlı "boykot" çağırışı edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/811090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR