"Bu prinsip mənim üçün hər şeydən yüksək olub" - Nərgiz Paşayeva

"Bu prinsip mənim üçün hər şeydən yüksək olub" - Nərgiz Paşayeva
23:41 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2015-ci il iyulun 20-29-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında Məktəblilərin Beynəlxalq Kimya Olimpiadası (İCHO) keçiriləcək.

Axşam.az AzərTAc-a istinadən xəbər verir ki, bununla əlaqədar, Olimpiadanın Rəhbər Komitəsinin sədri, Koreya Respublikası Soqanq Universitetinin professoru Dakuan Li başda olmaqla Rəhbər Komitənin nümayəndə heyəti Azərbaycan paytaxtına gəlib.

Rəhbər Komitənin tərkibinə 12 ölkənin nümayəndələri daxildir. İki günlük səfərin məqsədi təşkilati işlərin gedişi ilə tanış olmaqdır. Rəhbər Komitənin nümayəndələri Olimpiadanın nəzəri və praktiki turlarının keçiriləcəyi auditoriyalar və kimya laboratoriyaları ilə tanış olacaqlar. Səfərin proqramına əsasən, Rəhbər Komitənin nümayəndələri Beynəlxalq Kimya Olimpiadasının rəsmi açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Heydər Əliyev Mərkəzinə, habelə qarşıdakı Olimpiada dövründə komandaların rəhbərlərinin, elmi müşahidəçilərin və məktəblilərin yaşayacağı otellərə də baş çəkəcəklər.

Yanvarın 16-da MDU-nun Bakı filialında 47-ci Beynəlxalq Kimya Olimpiadasının və Olimpiadanın Təşkilat Komitəsinin prezidenti, M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Rəhbər Komitənin üzvləri ilə görüşüb.

Görüşdə Soqanq Universitetinin professoru Dakuan Li, Meksika Milli Avtonom Universitetinin professoru Karlos Kastro-Akuna, Tayvan Milli Pedaqoji Universitetinin professoru Ay-Ji Çanq, Macarıstanın Etvoj Loran Universitetinin Kimya İnstitutunun professoru Qabor Madyarfalvi, Çexiyanın Ali Kimya Texnologiyası Məktəbinin fakültə rəhbəri Petr Xolts Xauzer, Sinqapur Milli Universitetinin və Münxen Texniki Universitetinin fəlsəfə elmləri doktoru Funq Fun Man, Vyetnam Milli Elmi Universitetinin kimya fakültəsinin dekan müavini Nquyen Tyen Çao, M.V.Lomonosov adına MDU-nun Bakı filialının kimya fakültəsinin dekan müavini İqrar Nəzərov, Taylandın Çulalonqkorn Universitetinin dosenti Voravan Bxantxumnavin, Kembric Universitetinin mühazirəçisi Piter Uoters, M.V.Lomonosov adına MDU-nun professoru Aleksandr Qladilin və Slovakiyanın Komenski Universitetinin fakültə rəhbəri Martin Putala iştirak ediblər.

Qonaqları Moskva Universitetinin Bakı filialında salamlayan Nərgiz Paşayeva deyib ki, Təşkilat Komitəsi Olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün məsuliyyətin dərəcəsini dərk edir və bu etimada görə minnətdarlığını bildirir.

Nərgiz Paşayeva qeyd edib ki, bu Olimpiada böyük tarixə malik neftçıxarma sənayesi və kimya elmində zəngin ənənələri olan Azərbaycan üçün çox mühüm tədbir olacaq.

Rektor deyib:
 
“Əsas vəzifələrdən biri Olimpiadanı şəffaf keçirməkdir ki, onun nəticələri ədalətli olsun və heç kəsdə şübhə doğurmasın”.
 
N.Paşayeva bu məqsədlə “qaynar xətt” yaradılmasının mümkünlüyünü istisna etməyib ki, Olimpiadanın bütün iştirakçıları onun keçirildiyi dövrdə öz qeydlərini bildirsinlər.

Olimpiadada yaşı 20-yə qədər olan şəxslər iştirak edə bilər. Buna baxmayaraq, onun iştirakçıları yalnız məktəblilər olacaqdır. Nərgiz Paşayeva deyib:
 
“Biz məktəblilərə bu cür elmi müsabiqələrin ədalətli keçirilməsinə inam, elmə maraq aşılamalıyıq”.

Rektor qeyd edib ki, təhsil müəssisələrində işlədiyi dövrdə tələbələrin və şagirdlərin rəyləri onun üçün ən mühüm amil olub. Nərgiz Paşayeva deyib:
 
“Bu prinsip mənim üçün hər şeydən yüksək olub. Mən çox istəyirəm ki, məktəblilər, hətta onlar qalib gəlməsələr də bilsinlər ki, hər şey ədalətli olub. Heç kəs - istər bizim universitetdən, istər olimpiadanın təşkilatçılarından, istərsə də münsiflər heyətindən və bütövlükdə bu tədbirdən narazı qalmamalıdır”.

Professor N.Paşayeva bildirib ki, Olimpiadanın təşkilatçıları qarşısında mühüm vəzifələr durur. Məsələn, Olimpiadanın elmi sanbalı təmin edilməli, kimyaya maraq güclənməlidir. Bundan əlavə, Olimpiada istedadlı gəncləri aşkar etməyə imkan verəcək.

Olimpiadanın Rəhbər Komitəsinin sədri Dakuan Li Azərbaycanda gördüklərinə və MDU-nun Bakı filialında yaradılmış şəraitə heyran olduğunu bildirib.

Dakuan Li deyib:
 
“Bizim çoxumuz üçün bu, Azərbaycana ilk səfərdir. Biz buraya gəlmişik ki, Olimpiada daha uğurlu və məhsuldar olsun. Olimpiadanı uğurla keçirməyinizi arzu edirik. Biz bunun üçün əlimizdən gələni edəcəyik”.

Olimpiadanın MDU-nun Bakı filialında keçirilməsi haqqında qərar 2012-ci ilin iyulunda Vaşinqtonda Beynəlxalq Kimya Olimpiadasının İdarəetmə Komitəsi tərəfindən qəbul edilib.

Xatırladaq ki, MDB ölkələri arasında Azərbaycan Məktəblilərin Beynəlxalq Kimya Olimpiadasının keçirilməsi hüququ qazanmış Rusiyadan sonra ikinci dövlətdir. Bu qərar MDU-nun Bakı filialının nüfuzuna və onun xidmətlərinin beynəlxalq miqyasda tanınmasına dəlalət edir.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR