İmtahan üçün ödəniş məbləği bahadır - STM analitik hesabatını açıqladı

İmtahan üçün ödəniş məbləği bahadır - STM analitik hesabatını açıqladı
12:08 18 Dekabr 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat dərc edilib.

Trend-in məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin (STM) Daxili siyasətin təhlili departamentinin müdiri Tahirə Allahyarovanın təqdim etdiyi hesabatda qeyd olunur ki, bu ilin fevral ayından etibarən həm kağız daşıyıcıları, həm də onlayn sınaq imtahanlarının, mart ayından etibarən isə buraxılış və qəbul imtahanlarının keçirilməsi, yəni yeni təhsil modelinin tətbiqi cəmiyyətə böyük müzakirələr doğurub. Bu barədə müsbət və mənfi yanaşmaların davam etdiyi bir şəraitdə Sosial Tədqiqatlar Mərkəzi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin müsbət və mənfi tərəflərini, ümumilikdə Azərbaycanın təhsil sisteminin bugünkü vəziyyətini və cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında cari ilin iyun-iyul aylarında ictimai rəy sorğusu keçirib.

STM 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu DİM-in regional mərkəzləri əsas götürülərək 10 şəhər və rayonu əhatə etməklə genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə nəticələnib. Sorğunun nəticələrinin təhlili göstərir ki, müasir təhsil texnologiyasına uyğun modelin tətbiqi barədə geniş maarifləndirmə işi həyata keçirilsə də, onun mənimsənilmə arealından bəzi abituriyentlər kənarda qalıb. Çünki kurikulumları mənimsəmə problemi meydana çıxıb:

"Ümumi fikrə görə, bu modelin tətbiqi orta və ali təhsil səviyyələri arasındakı bağları gücləndirir. Respondentlərin 45%-i yeni modeli faydalı hesab etməsə də, ekspertlər bildirir ki, yeni qəbul üsulu axtarışlara və islahatlara zəmin yaradaraq keyfiyyətə xidmət edir. Yeni qəbul modelinin məzmununa diqqət yetirərkən məlum olur ki, kurikulumla tətbiq edilən modelin proqramları arasında müəyyən problemlər mövcuddur. Hesabatda İctimaiyyətin test üsuluna birmənalı olmayan münasibəti də geniş tədqiq edilib. Ən vacib detallardan biri isə təhsildə repetitorun rolu ilə bağlı olub. Məlum olub ki, sorğuda iştirak edən abituriyentlərin 86%-i repetitor yanında, 8 %-i məktəbdə, 6%-i isə özünün hazırlaşdığını bildirib".

Hesabatda bildirilir ki, fikri soruşulan abituriyentlərin 60 %-i qəbul imtahanlarının, 30%-i isə buraxılış imtahanlarının çətin olduğunu ifadə edib. Onların 54%-i açıqtipli suallarla bağlı çatışmazlıqlara diqqət çəkiblər. Əsas narahatlıq doğuran məqamlardan biri kimi isə yazı tipli tapşırıqların yoxlanılmasında yaranan problemləri, xarici dillər üzrə dinləmə qurğularının tətbiqindəki çatışmazlıqları bildiriblər:

"Təhsil ekspertləri isə böyük müzakirə doğuran bir məsələyə diqqət çəkirlər ki, bu il balların aşağı düşməsi ətrafında ajiotaja ehtiyac yoxdur, yeni modelə keçidlə əlaqədər bu, müvəqqəti məsələdir. İmtahanda iştirakla bağlı ödənişin məbləği 50% respondentə görə bahadır. Sorğunun nəticələri və müşahidələri də göstərir ki, abituriyentlərin imtahana mənəvi – psixoloji cəhətdən hazırlaşmasında valideynlərin (45%) və müəllimlərin (33%) rolu varmış. Ümumi fikrə görə, orta məktəblərin tədris proqramlarında, kurikulumların mahiyyətinin mənimsənilməsində, dərsliklərin yazılmasında ciddi problemlər mövcuddur".

Hesabatda bildirilir ki, bu il Apellyasiya Komissiyasına müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə çoxdur. Üstəlik, Apellyasiyada abituriyentlərin haqlı çıxma halları da bu il daha çox müşahidə olunub. Xüsusilə açıq tipli tapşırıqların bəzilərinin DİM-in markerləri tərəfindən qiymətləndirilməsindən sonra ortaya çıxan bəzi xətalar imtahan verəndə imtahan götürən müəssisəyə qarşı inamı istər-istəməz azaldır: "Maraqlıdır ki, respondentlərin 22%-i (98 nəfər) bu fikirdədir ki, buraxılış və qəbul imtahanlarının yeni modeli təkmilləşdirilməlidir. 53,5% (242 nəfər) respondent imtahanların əvvəlki model üzrə keçirilməsinin, 4,5%-i (19 nəfər) test üsulu ilə qəbulun ləğv olunmasının, 8%-i (38 nəfər) imtahanların bir dəfə keçirilməsinin tərəfdarı kimi çıxış etmişdir. Ekspertlər arasında da bu məsələ ilə bağlı fikir ayrılığı müşahidə edilir. Belə ki, onların bir qismi ikipilləli imtahan modelini qəbul edir, lakin bu il keçirilən imtahanların nəticələrini ətraflı təhlil edib çatışmazlıqları aradan qaldırmaq, bu sahədə axtarışlar və islahatlar aparmaqla yeni modeli daha da təkmilləşdirmək haqqında düşünürlərsə, digərləri təkpilləli, yəni yalnız qəbul imtahanlarının keçirilməsinin tərəfdarı kimi çıxış edirlər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3165517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR