İş yerlərindəki bədbəxt hadisələrin günahkarı kimdir? - VİDEO - FOTO

İş yerlərindəki bədbəxt hadisələrin günahkarı kimdir? - VİDEO - FOTO
15:32 18 Dekabr 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

İstehsal müəssisələrində ən vacib məsələlərdən biri də təhlükəsizlik tədbirlərinin görülməsidir. Çünki belə müəssisələrdə dəfələrlə bədbəxt və xoşagəlməz hadisələrin baş verdiyinin şahidi oluruq.

Milli.Az xəbər verir ki, mövzunun aktuallığını nəzərə alaraq mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Təkcə bu ilin 11 ayı ərzində istehsal müəssisələrində 223 bədbəxt hadisə baş verib, nəticədə 276 nəfər zərər çəkib. 53 nəfər dünyasını dəyişib. 220 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azər İsmayılov - Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sektor Müdiri: "İş yerlərində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına birbaşa işə götürən cavabdehdir".

Təhlükəsiz şəraitin yaradılması, bədbəxt hadisələrin azaldılması üçun iş yerlərində Əməyin Mühafizəsi Xidmətləri yaradılır. Əməkdaşların sayı 50-dən çoxdursa bunun üçun mühəndis, 500-dən çoxdursa ayrıca əməyin mühafizəsi üzrə müavin, 1000-dən çoxdursa həkim ştatı açılıb, laboratoriya yaradılmalıdır.

Teymur Musayev - "Şəki-İpək" ASC-nin Rəsmisi: "Təlimatlar hazırlanır və bütün sexlərə verilir. İşçilər də texniki təhlükəsizlik qaydaları ilə tanış olur. Bundan sonra imza atırlar. İstehsal rəisi texniki avadanlıqlara baxış keçirir".

Sakin: "Qapını döyür, imzaladır, gedir".

Sakin: "Ancaq gəlir barədə düşünülür. Qazanım, az xərcləyim, ona görə də belə bədbəxt hadisələr baş verir. Səhlənkarlıqdan olur".

Dövlət əmək müfəttişliyi isə hazırda ancaq ərizə və şikayətlər olarsa, iş yerlərində yoxlama apara bilir.

Azər İsmayılov - Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sektor Müdiri: "Ərizələrin araşdırılması zamanı bu cürə neqativ halların olması müəyyən edilir və tədbirlər görülür".

Müəssisədə işçilər üçun təhlükəsiz iş şəraiti yaratmayan işəgötürənlər isə cərimə olunurlar.

Marif  Mahmudov - Hüquqşünas: "Sağlam və təhlükəsiz iş şəraitinin yaradılmamasına görə, 1200 manatdan 2000 manatadək cərimə nəzərdə tutulub. İşçinin sağlamlığına ziyan dəyərsə, 3000 manatdan 5000 manatadək cərimə, insan ölümü olarsa, 5 ilədək azadlıqdan məhrum etmə, 2 və daha çox insanın ölümünə səbəb olarsa, 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum olunur".

Bu cəzalar və qaydalar isə nədənsə çox vaxt hər hansı bədbəxt hadisə baş verdikdən sonra yada düşür. Vaxtında müəssisədə təhlükəsiz şərait yaratmayan işəgötürənlər və təhlükəsizlik qaydalarına əməl etməyən işçilər isə bunun fəsadını ömür boyu çəkməli olurlar.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/811465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR