Tramp erməniləri pərişan etdi: satılmış senatorlar təşvişə düşüb

Tramp erməniləri pərişan etdi: satılmış senatorlar təşvişə düşüb
16:17 18 Dekabr 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp qondarma "erməni soyqırımı"nın rəsmən tanınmasını nəzərdə tutan qətnaməyə veto qoydu. Bu, dünya erməniliyini pərişan etməklə yanaşı, ermənilərin pullarından faydalanan amerikalı senatorlarla konqresmenləri də təşvişə salıb.

ABŞ Dövlət Departamenti dekabrın 17-də bildirib ki, konqresdə erməni soyqırımını tanımaq üçün atılan son addım ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasətini əks etdirmir.

Qısa bəyanatda departament bildirib ki, Tramp administrasiyasının erməni soyqırımı ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Xatırladaq ki, Birləşmiş Ştatların Senatı 1914-cü ildə güya Osmanlı Türkiyəsində 1 milyon erməninin kütləvi qətlə yetirlməsi ilə bağlı qondarma "soyqırım"ın rəsmən tanınmasını nəzərdə tutan qətnamə layihəsinə ötən həftə yekdilliklə səs verib. Nümayəndələr palatası bundan öncə eyniadlı qanun layihəsini qəbul etmişdi və qanunverici qurumun bu addımı o zaman da ABŞ-ın NATO müttəfiqi Türkiyənin kəskin etirazına səbəb olmuşdu.

"Administrasiyanın mövqeyi dəyişməyib",- departamentin sözcüsü Morgan Ortagus iki cümləlik şərhində bildirib: "Bizim baxışlarımız prezidentin ötən ilin aprel ayından bu mövzuda səsləndirilmiş açıqlamasında öz əksini tapıb".

24 apreldə Prezident Donald Tramp "Erməni Anma Günü"nü öz bəyanatında xatırlatmış və "20-ci əsrin ən ağır kütləvi vəhşiliklərindən birində əziyyət çəkənlərin xatirəsini" hörmətlə anmışdı. Uzun müddətdir davam edən ABŞ siyasətinə uyğun olaraq onun bəyanatında da "soyqırım" ifadəsindən istifadə edilməmişdi.

Bundan öncə Senatda Ankaranın Suriyadakı hücumuna və Rusiyaya məxsus S-400 raket sistemini satın almasına reaksiya olaraq Türkiyəyə sanksiya tətbiq edilməsi ilə bağlı səsvermə olmuşdu.

Ümumiyyətlə, Konqres artıq neçənci dəfədir ki, prezident Donald Trampın administrasiyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı daha sərt çıxış etməyə çalışır.

Bu arada bəlli olub ki, Nümayəndələr Palatasının bir sıra konqresmenlərinin "Ermənistan Fondu"nu dəstəkləməsi xarici müdaxilə ilə bağlı qalmaqala gətirib çıxara bilər.

"Haym Salomon Center"in prezidenti və icraçı direktoru Pol Millerin ABŞ-da ifrat sağçı, mühafizəkar mövqeyi ilə tanınan "The Daily Wire"də dərc olunmuş "İmpiçmentə köklənmiş demokratlar öz evlərini təmizləməlidirlər" (Impeachment-Focused House Democrats Should Clean Their Own House) məqaləsində belə deyilir.

Yazıda ABŞ Konqresinin Prezident Donald Trampın impiçmentini reallaşdırmağa çalışan ermənipərəst üzvlərindən bəhs edilir.

Məqalədə uzun müddət erməni lobbisini dəstəkləyən qanunvericilərin ikiqat standartlar mövqeyi tutması ifşa edilir.

Nümayəndələr Palatasının üzvü Adam Şiff başda olmaqla Konqresdə Trampın impiçmenti üzrə işin araşdırılması ilə məşğul olan bir qrup qanunverici Amerika KİV-lərində Tramp administrasiyasının güman edilən korrupsiyasının və başqa dövlətin rəhbərliyinin ABŞ-da seçki prosesinə cəlb edilməsinin təhqiqatı ilə bağlı "xəbərlər yaratmaqda" davam edir. Müəllif qeyd edir, Adam Şiff və onun həmkarları əvvəlcə "öz evlərində qayda yaratmalıdırlar".

Daha konkret olsaq, respublikaçılar Adam Şiff və Ceki Şpeyer (ikisi də Kaliforniyanı təmsil edirlər), Frenk Pallone (Nyu-Cersi), Tulsi Qabbard (Kaliforniya) və Bred Şerman (Kaliforniya) Trampın impiçmenti barədə ən çox danışanlar arasında yer alırlar.

Qabbard ilk əvvvəl impiçmentlə bağlı şübhələrini bildirsə də, sonradan mövqeyini dəyişib.

Onları birləşdirən "dəyər", daha doğrusu, "donate" və ianə qismində pul aldıqları mənbə isə "Hayastan" Ümumerməni Fondudur.

Belə adlandırılan Ümumerməni "Hayastan" fondu ("Ermənistan fondu") yaxın vaxtlarda keçirdiyi illik telemarafon zamanı cəmi 10 milyon dollar yığıb. Xatırladaq ki, bir il bundan əvvəl fondun direktoru Ara Vardanyan ona etibar edilmiş maliyyə vəsaitlərindən qanunsuz istifadəyə pul vəsaitlərini israf etdiyinə görə ittiham üzrə həbs edilib. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə həmin telemarafon zamanı 11,1 milyon dollar, 2017-ci ildə 12,5 milyon dollar, 2016-cı ildə 15,4 milyon dollar, 2008-ci ildə isə 35 milyon dollar yığılmışdı. Göründüyü kimi, məbləğ azalmaqda davam edir.

Miller vurğulayır ki, məsələn, demokratlar Adam Şiff, Ceki Şpeyer, Frenk Pallone, Tulsi Qabbard və Bred Şerman illər boyu bu "azalan fond"un tərəfdarları və telemarafonun qonağıdırlar. Onlar hamısı Trampın impiçmentinin qızğın tərəfdarlarıdır.

Müəllif yazır ki, demokratların belə fəal dəstəklədiyi "Ermənistan fondu"nun özünün ABŞ-ın daxili işlərinə xarici müdaxilədə əli var.

"Ermənistan Fondu"nun problemləri artıq onun yaradıldığı andan başlanıb. 1992-ci ildə Ermənistan prezidentinin fərmanı ilə yaradılmış və 1994-cü ildə Los-Ancelesdə fəaliyyətə başlamış fond özünü "Ermənistan Respublikasının və Arsax respublikasının ehtiyaclarına xidmət edən" və "erməni xalqı üçün daha yaxşı vətən yaratmaq məqsədilə Ermənistan xalqını bütün dünyada erməni diasporu ilə birləşdirmək missiyasını yerinə yetirən humanitar təşkilat" adlandırır. Miller qeyd edir ki, "Arsax" termini ermənilər tərəfindən Dağlıq Qarabağ - BMT-nin Ermənistanı pisləyən qətnamələrinə rəğmən erməni qoşunları tərəfindən işğal edilmiş Azərbaycan ərazisi barəsində istifadə olunur.

Ermənistan Fondu Konqresdə öz tərəfdarları üçün bir növ dilemma yaradır: demokratlar, bir tərəfdən, impiçment prosesi zamanı prezident Trampın tərəfdaşlarını qeydiyyatdan keçməmiş xarici agentlər kimi fəaliyyətinə görə ittiham etmək və eyni zamanda, bu fakta məhəl qoymamaq istəyirlər ki, xarici hökumət tərəfindən təsis edilmiş və idarə heyətinin sədri Ermənistanın keçmiş prezidenti olan fond özü də xarici agentlərin qeydiyyatı haqqında Qanuna uyğun olaraq qeydiyyatı alınmayıb?

Məqalənin sonunda müəllif yazır ki, bu qanunvericilər vəsait yığımı və lobbiçilik üzrə erməni-amerika aparatından uzaqlaşmasalar, onlar praktik olaraq xarici təsir və prezidentin impiçmenti haqqında müzakirələrdə cəmiyyətin etimadını qazana bilməyəcəklər.

"Hayastan" Fondu "yemlədiyi" senatorlar və konqresmenlər qarşısında unikal dilemma qoyur: bir tərəfdən demokratlar Trampın impiçmentini tələb etsələr də, ABŞ-da xarici agent statusuna de-fakto malik olan erməni təşkilatından pul aldıqlarını inkar etmirlər, digər tərəfdən isə ABŞ-dan kənarda yaradılan və idarə heyətinin sədri də Ermənistan prezidenti olan təşkilat Birləşmiş Ştatların "Foreign Agents Registration Act" qanununa uyğun olaraq ABŞ-da hələ də rəsmi qeydiyyata alınmayıb.

"Hayastan" Fondu rəsmi sənədlərində və açıqlamalarında bəyan edir ki, "məktəblər, yollar, xəstəxanalar və ictimai mərkəzlərin tikintisi təki infrastruktur layihələri ilə məşğul olur". Əslində isə Fond "humanitar fəaliyyət"lə kifayətlənmir.

Bu strukturun tabeliyində Amerika Erməni Assambleyası (Armenian Assembly of America, AAA) və Amerika Erməni Milli Komitəsi (Armenian National Committee of America, ANCA) var.

AAA və ANCA Birləşmiş Ştatlarda ermənilərin ən böyük iki siyasi təşkilatı olaraq Ermənistanla qarabağlı ermənilərə Vaşinqtonun daha çox pul ayırması üçün Konqresdə aşkar, həyasız və aqressiv lobbiçiliklə məşğuldur.

Sözügedən təşkilatların fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanmasının qarşısını almağa, Azərbaycana və Türkiyəyə qarşı düşmənçiliyə yönəlib.

"Hayastan" Fondunun icraçı direktoru Ruben Karlenoviç Vardanyanın 2018-ci ildə həbs olunması bu təşkilatda çox böyük miqyasdakı korrupsiyanı aşkarlamışdı.

ABŞ-dakı erməni diasporunun bəyanatlarının tam əksinə olaraq, Ermənistandakı vəziyyət fəlakət həddindədir. Gallup təşkilatının apardığı son sorğuların nəticələrinə görə, Ermənistan əhalisi arasında hakimiyyətdən narazılıq pik həddə çatıb. Bitmək bilməyən bahalaşma, hiperinflyasiya, ümidsizlik, işsizlik və ən başlıcası, Nikol Paşinyanın baş nazir postuna yiyələnməsi ilə başa çatan "inqilab" zamanı verilmiş vədlərin heç birinin yerinə yetirilməməsi ermənilərin səbr kasasını daşdırıb.

Dağlıq Qarabağ münaqişəsinin hələ də çözülməməsi ermənilər üçün bir ayrı depressiya mənbəyidir. Ermənistan vətəndaşları anlayırlar ki, sözügedən münaqişə həll olunmayınca İrəvanın Rusiyadan və diaspordan asılılığı davam edəcək.

"Hayastan" Fondu kimi təşkilatlar isə Ermənistanda daha çox korrupsiya və asılılıq yaradır.

... Konqresden fərqli olaraq, ABŞ prezidenti Donald Tramp real düşünür, reallığı dəyərləndirir.

Bu, az deyil.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/811514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR