TÜRKPA-nın plenar iclasında Bakı Bəyannaməsi qəbul olunub (FOTO) (YENİLƏNİB 2)

TÜRKPA-nın plenar iclasında Bakı Bəyannaməsi qəbul olunub (FOTO) (YENİLƏNİB 2)
21:15 18 Dekabr 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının 9-cu iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda TÜRKPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib.

Tədbiri açan TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop quruma üzv ölkələrin fəaliyyətlərini yüksək qiymətləndirib. O qeyd edib ki, başda Spiker Oqtay Əsədov olmaqla Azərbaycan parlamenti hər zaman TÜRKPA-nın fəaliyyətini dəstəkləyib, Qazaxıstan və Qırğızıstan parlamentləri də mühüm addımlar atıb. Nəticədə gündən-günə güclənərək 11 yaşına çatan bu qurum ortaq tarixi, dili və mədəniyyəti olan türk xalqlarının birliyinin simvoluna çevrilib. Bugünkü tədbirdə Özbəkistan parlamentinin təmsilçilərinin qonaq qismində iştirakını alqışlayan Mustafa Şentop hələlik qurumdan kənarda qalan digər türk dövlətlərinin də TÜRKPA-ya qoşulmasını arzulayıb. Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istədiklərini deyən TBMM Sədri bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır.

TÜRKPA-ya sədrliyi qürur hissi ilə təhvil aldığını söyləyən Milli Məclisin Sədri Oqtay Əsədov bu quruma sədrliyi dövründə səmərəli fəaliyyət göstərmiş Mustafa Şentop başda olmaqla Türkiyə Böyük Millət Məclisinə təşəkkürünü bildirib.

Oqtay Əsədov məmnunluqla qeyd edib ki, təşkilatın fəaliyyət göstərdiyi 10 ildən artıq müddətdə üçüncü dəfədir TÜRKPA-nın əsas tədbirləri Bakıda keçirilir. Siyasi, iqtisadi, mədəni və digər əlaqələrimizin inkişafına bu qurumun verdiyi töhfənin ildən-ilə artması təşkilatın fəaliyyətinin səmərəli şəkildə qurulduğunu sübut edir.

Milli Məclisin Sədri bildirib ki, qarşıdakı dövrdə üzv ölkələrin milli qanunvericiliyinin yaxınlaşdırılması, model qanunların hazırlanması, komissiyaların fəaliyyətinin gücləndirilməsi, parlament aparatları arasında təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsi diqqət mərkəzində olacaq. Oqtay Əsədov qurum üzvlərini əmin edib ki, TÜRKPA-nın məqsədlərinin həyata keçməsi üçün Azərbaycan tərəfi lazım olan bütün tədbirlərin görülməsinə çalışacaq.

Sədr nəzərə çatdırıb ki, ötən dövrdə TÜRKPA-nın beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Hazırda bu təşkilat dünyanın 179 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında, Asiya Parlament Assambleyasında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Təşkilatında müşahidəçi statusuna malikdir. ATƏT PA-nın fəaliyyətində TÜRKPA-nın qonaq statusunda iştirak etməsi barədə razılıq əldə edilib. Avropa Parlamenti və MDB PA ilə əməkdaşlıq əlaqələri qurulub. Bunlarla yanaşı, TÜRKPA-nın Baş katibi Parlamentlərin Baş Katibləri Assosiasiyasının üzvüdür ki, bu fakt da təşkilatın beynəlxalq nüfuzundan xəbər verir.

Oqtay Əsədov onu da qeyd edib ki, 9 ildir TÜRKPA-nın beynəlxalq müşahidəçilər missiyası üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərini müşahidə edir. Missiya fəaliyyətini növbəti dövrdə də davam etdirəcək, gələn il ölkəmizdə keçiriləcək parlament seçkiləri TÜRKPA missiyası tərəfindən müşahidə ediləcək.

TÜRKPA-nın yeni sədri bildirib ki, Azərbaycanın sədrliyi dövründə qurum türk dünyasının diasporları arasında əməkdaşlığın inkişafına və müxtəlif layihələrin həyata keçirilməsinə dəstək verəcək, qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Çıxışını yekunlaşdıran Milli Məclisin Sədri əmin olduğunu bildirib ki, getdikcə daha mütəşəkkil qüvvəyə çevrilən TÜRKPA öz qarşısında dayanan bütün vəzifələri uğurla yerinə yetirəcək və xalqlarımızın problemlərini həll etməyin səmərəli vasitəsinə çevriləcək.

Qazaxıstan Parlament Məclisinin Sədri Nurlan Niqmatulin, Qırğızıstan Joqorku Keneşinin Sədri Dastanbek Jumabekov çıxışlarında dünyanın geosiyasi xəritəsində türkdilli xalqların yerinə və roluna toxunublar. Onlar əmin-amanlığın və sülhün qorunmasının vacibliyini qeyd ediblər. Bölgədə təhlükəsizliyin təmin edilməsi ən vacib məsələ kimi önə çəkilib. Vurğulanıb ki, TÜRKPA çərçivəsində ortaq fəaliyyət türk dünyasının inkişafına dəstək verəcək.

İclasda parlament diplomatiyasının rolu yüksək dəyərləndirilib. Qeyd olunub ki, TÜRKPA çərçivəsində model qanunların hazırlanması vacibdir. Kiçik və orta biznesə dəstək verən qanunların qəbul edilməsi ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə yardım edər.

Qazaxıstan və Qırğızıstan parlamentlərinin spikerləri sosial, mədəni, humanitar sahələrdə nəzərdə tutulan tədbirlərdən də ətraflı söhbət açıblar. Ümid ifadə olunub ki, yaxın gələcəkdə Özbəkistan və digər türkdilli dövlətlər də TÜRKPA-ya üzv ölkələr sırasına qoşulacaqlar.

Şura iclasının açılış mərasimi başa çatdıqdan sonra qurum üzvləri gündəlikdəki məsələləri müzakirə ediblər.

Fasilədən sonra TÜRKPA-nın IX plenar iclası keçirilib.

İclasda "Türk dünyasında parlament diplomatiyası: Sülh və təhlükəsizlik naminə regional əməkdaşlığın möhkəmləndirilməsi" mövzusunda müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Tədbirdə Bakı Bəyannaməsi qəbul olunub.

Sonra ailə fotosu çəkdirilib.

Sonda mətbuat konfransı keçirilib, jurnalistlərin sualları cavablandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3165641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR