Bakıda taksi xidmətlərinin ödəniş "oyunu" - DETALLAR

Bakıda taksi xidmətlərinin ödəniş "oyunu" - DETALLAR
10:12 21 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakıda fəaliyyət göstərən çoxsaylı taksi servislərinin sayı fasiləsiz artır. Onlar rəqabət aparır, daha çox müştəri cəlb etmək üçün dempinqə əl atır, gediş tarifləri aşağı salaraq üstün yerlər tutmağa çalışırlar.

Fəqət, bu zaman birmənalı olmayan hadisələr yaşanır.

Həmin olaylardan biri də taksi xidmətinin onlayn applikasiyasından, yəni mobil telefonlar üçün nəzərdə tutulmuş əlavə proqramından istifadə edən vətəndaşın taksi sifariş verərkən marşruta görə hesablanmış məbləğlə yekun ödəniş arasındakı fərqdir.

Milli.Az bildirir ki, tanınmış vəkil Rövşən Əhmədov bundan bəhs edib. Onun dediyinə görə, dekabrın 19-də taksi servisinin xidmətindən istifadə edən vətəndaşa gediş xidmətinin haqqı 7 manat 3 qəpik təklif olunub. Müştəri taksi ilə mənzil başına çatandan, yəni xidmət icra olunandan sonra isə vətəndaşın bankdakı hesabından 8 manat 30 qəpik silinib.

"Vətəndaş bununla bağlı banka zəng vurub, aldığı cavab 196 Vergi Xidməti ilə əlaqə saxlamaqla bağlı məsləhət olub. Nə baş verir?! Əslində, xidmət əlavə dəyər vergisi (ƏDV) də daxil edilməklə vətəndaşa təklif olunmalıdır. Xidmət haqqı ilə ƏDV məbləği ayrı-ayrılıqda da göstərilə bilər, amma taksi şirkətləri bunu göstərmirlər. ƏDV-nin məbləğini müştəri yalnız yekun məbləğ xidmət icra olunduqdan sonra hesabdan çıxılanda bilir.

Deməli, belə çıxır ki, vətəndaş sifariş verəndə, ona hər hansı məbləğ göstəriləndə həmin şəxs kalkulyator ilə ƏDV məbləğini hesablamalı və gediş haqqı ilə bağlı özü öncədən hesablamalar aparmalıdır.

Yalnız bundan sonra xidmətdən istifadə ilə bağlı qərar verməlidir. Əks təqdirdə çox gec olacaq. Bir sözlə, iş, mal, xidmət alışı üzrə istehlakçıya təqdim olunan qiymət ƏDV daxil edilməklə təklif olunmalıdır.

Əks təqdirdə bu, istehlakçını aldatmaq, qanunvericiliyə zidd əməldir. Belə ki, bu yolla bağlanmış əqd bağlandığı andan etibarsızdır, çünki yanılma və ya aldatma yolu ilə bağlanan əqd hesab olunur. Səbəb - əqd bağlanarkən ilkin oferta ilə çıxış edən tərəf, yəni taksi şirkətinin təklif etdiyi tarifdən artıq ödəniş almasıdır.

Halbuki müştəri ilə müqavilə bağlanarkən oferta zamanı təklif olunan qiymət daha aşağı idi. ƏDV daxil və ya xaric olması, hətta oferta anı belə qeyd olunmur. Müştəri isə bunu görmür, ofertanı qəbul edir. Deməli, müştəri məqsədli şəkildə, aşağı qiymət təklifi ilə aldadılır. Bu isə müqavilənin əsassız sayılması üçün əsasdır. Məbləğ kiçik olduğu üçün bu tip məsələlər böyük ictimai rezonans doğurmur. Lakin bu xidmətlərdən hər gün minlərlə insanın istifadə etdiyini nəzərə alsaq, problemin nə qədər aktual olduğu göz önündədir", - R.Əhmədov deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/812217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR