Körpələrdə köp: Nə etmək lazımdır?

Körpələrdə köp: Nə etmək lazımdır?
20:52 21 Dekabr 2019
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Körpələrdə köp ən çox rast gəlinən problemdir.  Yeni doğulanlar ağlayan, narahat olan kimi əksəriyyət bunun köplə bağlı olduğunu düşünür. Köp sancılarını aradan qaldırmaq dərmanlara, təbii vasitələrə əl atır, ya da həkimə müraciət edir.

Körpələrdə köp nədən yaranır? Hər narahatlıq köp deməkdirmi? Bunu necə ayırdı etmək olar? Və köp yaranıbsa nə etmək lazımdır?

Milli.Az e-tibb.az-a istinadən bununla bağlı həkim-pediatr Aysel Hacıağayevanın fikirlərini təqdim edir:

Körpəniz 1,5-2 aylıqdır və hər axşam güclü "sancıları" olur? Bu narahatlığı axşamlar saat 5-6-dan başlayır, saatlarla davam edir və gecə saat 10-12 arası dayanır?

Bu "sancılar" zamanı nədənsə həmişə istifadə etdiyiniz köp dərmanı kömək etmir?

Nə etsəniz, körpəni heç cür sakitləşdirə bilmirsiniz?

Əksər hallarda bu cür şikayətlərlə müraciət edən analara pediatr kolleqalarım bir diaqnoz qoyurlar - qarın sancıları - və heç də ucuz olmayan köp əleyhinə dərmanlar təyin edirlər. Dərman təyininə xüsusi sevgi bəsləyən və "yaxşı həkim" olmanın rəmzini uzun dərman reseptləri yazmaqda görən həkimlər isə tək bununla kifayətlənməyərək körpəyə yuxu üçün dərman, fermentlər, probiotiklər, nə işə yaratdığı məlun olmayan siroplar da yazırlar. Lakin bu, mövcud problemi çözmür. Uzağı körpə yuxu gətirən antihistamin vasitələrin təsiri altında bihuş olub yatır. Vəssalam.

Lakin bəzi valideynlər çox haqlı olaraq bütün dərmanlardan imtina edirlər və səbr edərək bu halın keçəcəyini (adətən körpənin 6 ayında tam keçmiş olur) gözləyirlər. Digər, çox narahat və əsəbi valideynlər isə, durmadan həkimlərə getməyə davamlı edirlər ki, körpənin "dərdinə dərman" tapılsın. Ən son çarə kimi hətta klizmalar və köp çıxaran borulara əl atanlar da olur.

Bəs körpə niyə hər axşam dayanmadan ağlayır?

Qeyd edim ki, söz açdığım "axşam narahatlığı" zamanı ana südü ilə qidalanan körpələr döşdən, süni qidalanmada olanlar isə əmzikli şüşədən və əmzikdən imtina edirlər. Eyni zamanda körpə ayaqlarını qarnına yığaraq güclü ağlayır, qarnının gurultusu isə kənardan eşidilir. Bütün bunlar ailə üzvlərinin yalnız bir fikrə gəlməsinə vəsilə olur - köp sancısı.

Bu hal ən çox 2-3 aylıq körpələrdə müşahidə olunur və söz gedən narahatlıq halları havanın dəyişməsi, yağışdan əvvəl, küləkli və yağışlı günlərdə nəzərə çarpacaq dərəcədə artır.

Çoxunuz sadaladığım səbəblərin baş ağrısı yaxud miqren ağrılarının ortaya çıxmasına təkan verdiyindən bixəbərdir. Bəli, həmin miqren ağrıları körpələrdə də olur. Və "köp sancısı" adıyla ananın müraciət etdiyi hal - damar mənşəli miqren ağrılarıdır əslində. Mənə körpəsində əmələ gəlmiş eyni əlamətlərlə müraciət edən valideynlərə bunun "axşam narahatlığı" olduğunu bildirib səbr etmələrini xahiş edirəm və bu halın dərmansız, müalicəsiz 3-4 ayında öz-özünə keçəcəyini izah edirəm. Bu hallarda südəmər körpələri mümkün qədər çox əmizdirmək lazımdır ki, rahatlasınlar. Süni qidalanmada olan balacaları isə qucaqda gəzdirmək lazımdır. Bu qədər. Dediyim kimi, bu hal müvəqqətidir və mütləq keçəcək.

Onu da deyim ki, baş ağrısı çox əziyyət çəkən anaların körpələrində sancılar da daha çox olur.

Bunu təsdiqləyən tədqiqatlar var.

Özünüzü lazımsız narahatlıqdan, körpələrinizi isə lazımsız dərmanlardan qoruyun!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/810725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR