"Şaxta baba" ucqar kəndlərdəki uşaqlara hədiyyə paylayır -

“Baba.az layihəsi 2017-ci ildə yaranıb. Bu il 3-cü ildir ki, keçirilir. Əsas məqsəd ucqar və mərkəzdən uzaq kəndlərdə yaşayan, kasıb ailələrdən olan uşaqlara Şaxta baba obrazında dəstək verərək, onları təhsilə motivasiya etməkdir”.

Metbuat.az xəbər verir ki, bu sözləri layihənin rəhbəri, ABŞ-da yaşayan azərbaycanlı gənc Fərhad Ələkbərov saytımıza danışarkən bildirib. O layihə barədə danışarkən bunları deyib:

“Hər il bu kəndlərdə çalışan müəllimlər kasıb uşaqları təyin edərək, onlardan Şaxta babaya məktub alırlar. Biz məktubların bir hissəsini sayta yerləşdiririk. İnsanlardan saytda istədiyi uşağı seçərək onlara hədiyyə alırlar. Digər uşaqların məktublarını isə böyük şirkətlərdə çalışan şəxslərə təqdim edirik. Onlar şirkət şəklində bir və ya bir neçə məktəbin hədiyyələrini alıb bizə təhvil verirlər. Əlbəttə ki, son günlərdə hansı uşaqların hədiyyələri alınmayıbsa, ianə olunmuş büdcədən biz o uşaqlara hədiyyə alırıq”.

Layihənin rəhbəri həmçinin qeyd edib ki, hər il 3 komanda bölgələrə səfər edir, uşaqlara “Şaxta baba” obrazı vasitəsi ilə hədiyyələrini çatdırırlar:

“Hər il 3 komanda ilə yola düşürük. Məsələn, bu il "Şimal-1" komandası Xızı, Şabran və Qubaya 1 günlük səfər edəcəklər. "Şimal-2" komandası 2 günlük yola çıxacaqlar və Qəbələ, Yevlax və Zaqatalanın 6 kəndində uşaqlarla görüşəcəklər. "Cənub və Şimal-Qərb" komandamız isə 4 gün yolda olacaqlar. Onlar Lerik, Yardımlı, Füzuli, Ağcabədi, Gədəbəy, Tovuz və Ağstafanın 9 kəndinə gedəcəklər. Hər bir komandamızda layihə rəhbəri, Şaxta baba, sürücü və çəkiliş edən komanda üzvü olur. Bəzi komandalarda sürücü və Şaxta baba, və ya Şaxta baba və layihə rəhbəri eyni şəxs olur. Bu da minimal xərclərlə hədiyyələrin uşaqlara çatdırılması üçün edilir”.

Fərhad Ələkbərov bu il də eyni ənənəni davam etdirəcəklərini vurğuladı:

“Bu il ümumi 14 şəhər və rayonun 18 kəndindən olan 300-ə yaxın uşağı sevindirəcəyik. Bir çox uşaq Şaxta babaya məktubunda məhz geyim və məktəbli ləvazimatları istəyib. Eyni zamanda fərqli fənlərdən qiymətlərini yüksəldəcəklərinə söz veriblər.

Biz 24 dekabr tarixindən başlayaraq kəndlərə yola düşəcəyik və bütün komandalar 30 dekabr tarixinədək layihəni bitirəcəklər. Hər il qar, texniki problemlər və s. ilə qarşılaşsaq da, sonunda uşaqları sevindirmək missiyası uğurla başa çatır. Ümidvaram ki, bu il də həm uşaqların, həm müəllimlərin, həm də bizi dəstəkləyən şirkət və fərdlərin qarşısında üzüağ çıxa biləcəyik”.

Qeyd edək ki, layihəyə dəstək olmaq istəyən şəxs və şirkətlər baba.az saytına daxil olaraq layihədə pay sahibi ola bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR