Prezident xalq qarşısında növbəti dəfə uğurlu hesabat və gələcək fəaliyyət proqramı ilə çıxış etdi - Aydın Quliyev

Prezident xalq qarşısında növbəti dəfə uğurlu hesabat və gələcək fəaliyyət proqramı ilə çıxış etdi - Aydın Quliyev
20:08 24 Dekabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Azərbaycan Prezidentinin yerli televiziyalara geniş müsahibəsi xalqla ən ümdə məsələlər barədə dialoqa və KİV-lə əməkdaşlığa nə qədər açıq olduğunu bir daha ortaya qoydu.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, ilkin ictimai və ekspert reaksiyaları göstərir ki, Prezidentin cavab və təhlilləri cəmiyyətimizi tam qane edir, cəmiyyət onu maraqlandıran və bəzən hətta narahat edən bütün suallara Prezidentin çıxışında dolğun cavablar tapır və gələcəyə daha nikbin ovqat üzərində köklənir: "Prezidentin çıxışına cəmiyyətin belə münasibətinin əsas və həlledici şərti odur ki, ölkə başçısı daxili və xarici siyasətin bütün vacib məsələlərini əhatə edir, təhlil və izahlarında səmimidir, mövcud çətinlik və problemlərin köklərini dərindən gördüyünü nümayiş etdirir, əsaslı arqumentləri və dəqiq məntiqi ilə insanları böyük inandırma gücünə malikdir.

Prezident hazırda cəmiyyətimizin ən çox müzakirə və diqqət etdiyi bütün məsələlər barədə birmənalı fikir yaranmasına əsas verən ideya platforması ortaya qoydu. Necə ki, Prezidentin bölgələrdə sadə insanlarla protokoldan kənar görüş və söhbətləri özünü döğruldur, necə ki, yeni təyinat almış kadrlarla efirdə açıq müzakirələr aparması gözlənilən effekti verir, eynilə də yerli telekanallara geniş müsahibəsi şəraitə tam uyğun olan yeni iş üslubu kimi cəmiyyətimizə böyük yönəldici, inandırıcı və toparlayıcı təsir göstərir.

Konkret məqamlara varsaq, cəmiyyətimizin hələ uzun müddət müzakirə mövzuları kimi aktual hesab edəcəyi bir neçə məsələni yada salmaq kifayətdir. Prezident 2019-cu ildə Qarabağ probleminin həllində dönüş olmadığını məhz Ermənistanın siyasətinin nəticəsi olduğunu elə inandırıcı arqumentlərlə əsaslandırdı ki, bu, xalqımızın inamını daha da artırmaqla bərabər, fəaliyyətsiz beynəlxalq dairələrə də çox təsirli mesaj oldu. Əslində, Prezident çox doğru olan belə bir ideyanı daha da bərkitdi ki, Ermənistana yetərli təsir göstərməyən beynəlxalq birlik elə təcavüzkar Ermənistanın özü qədər məsuliyyət daşıyır.

Ekspert qeyd edib ki, Avropa Birliyi ilə sazişin niyə hələ imzalanmamasının səbəblərinin cəmiyyət üçün müstəsna maraqlı olduğuna şübhə ola bilməz: "Prezident Avropa ilə saziş xatirinə Azərbaycan xalqının maraqlarının hətta ən kiçik hissəsini belə heç vaxt qurban verməyəcəyini bütün dünyaya cəsarətlə göstərdi. Öz neft və qazımızı xalqımıza dünya qiymətləri ilə sata və daxili istehsalımızı özünün taleyi qaranlıq olan Dünya Ticarət Təşkilatının mənafelərinə qurban verə bilmərik kimi prinsipial izahat yalnız İlham Əliyev kimi əsl vətənpərvər Prezidentlərin nümayiş etdirə bildikləri mövqe ola bilərdi.

Kadr və struktur islahatlarının prinsipcə bir-birini tamamlaması və hər şeyin öz vaxtında edildiyi barədə Prezidentin fikirləri bir çox sualların ən doğru cavabını özündə əks etdirən yetkin ideoloji platformadır. Prezidentin müsahibəsinin nadir xüsusiyyətlərindən biri əsl millət vəkilinə aid edilən xüsusiyyətlərə açıq diqqət yönəltməsidir. Mojaritar seçki sisteminin Azərbaycan mühiti üçün üstünlükləri ideal inandırıcı məntiqlə izah edildi. Bəlkə də insanlara adi görünə bilər ki, millət vəkili səlahiyyət müddəti boyunca seçildiyi dairənin xeyir-şərinə yaramır, illərlə ortada görsənmir. Prezident konkret formada bu məsələni elə izah etdi ki, həm indiyə qədər bu üslubda başını girələmiş deputatların ciddi məsuliyyət daşımadıqlarını ifşa etdi, həm də hazırda seçilmək iddiasında olan yenilərə çox mühüm bir deputatlıq vəzifəsini və borcunu xatırlatdı.

Rüşvətxor və talançı məmurlara sadə dildə ifadə edilmiş xəbərdarlıq seçilmiş yolun heç də mövsümi xarakter daşımadığını, güzəştsiz şəkildə davam etdiriləcəyini, kasıbların büdcə payına göz dikənlərə münasibətin daha sərt olacağını deməyə əsas verir".

A.Quliyev əlavə edib ki, Prezident kimliyindən asılı olmayaraq hər bir məmura səmimi olmaq, yerli problemləri tam öyrənmək və problemləri ört-basdır etmək yolundan uzaq olmaq barədə çox qiymətli tövsiyələr verdi: "Azərbaycanın daxili işlərinə sabitliyi pozmaq və bəzi qüvvələri dəstəkləmək məqsədi ilə müdaxilə cəhdlərinin heç vaxt səmərə verməyəcəyi barədə bəyanatın məlum dairələrə müstəsna təsir göstərəcəyi şübhəsizdir. İnamla ifadə edildi ki, Azərbaycanda hakimiyyətlə xalqın arasına girmək indiki şərtlər daxilində heç bir subyektə nəsib olmayacaq.

Prezidentin Azərbaycanda əsl və güclü müxalifətin formalaşacağına inamını açıq ifadə etməsi mühüm strateji önəm daşıyır və bir daha möhkəm təminat yaradır ki, Azərbaycan demokratik və plüral inkişaf platformasından dönməyəcək. Prezident xalqın qarşısında növbəti dəfə uğurlu hesabat və gələcək fəaliyyət proqramı ilə çıxış etdi".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/commentary/3168561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR