"Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən bir il də Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu" - Sevinc Fətəliyeva

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən bir il də Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu" - Sevinc Fətəliyeva
12:37 25 Dekabr 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Son onilliklərdə dünyanın ictimai-siyasi və idman həyatı ilə bağlı ən vacib hadisələrin təqvimində tez-tez ölkəmizin adına rast gəlmək olar. Hər il Azərbaycan böyük siyasi, yaxud ictimai-mədəni forumlara, musiqi festivallarına, ya da idman tədbirlərinə ev sahibliyi edir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, yola saldığımız 2019-cu il də bu baxımdan istisna olmadı: "Təkcə bunu qeyd etmək yetər ki, cari ildə Azərbaycanda növbəti dəfə Formula 1 yarışları yüksək səviyyədə təşkil edildi, planetin gimnastika həyatının 2 əhəmiyyətli tədbiri - Bədii gimnastika üzrə 35-ci Avropa və 37-cin Dünya çempionatları keçirildi.

Təkcə payız ərzində Azərbaycan paytaxtı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün, Qoşulmama Hərəkatının Zirvə görüşünün və Dünya dini liderlərinin II Zirvə görüşünün keçirilmə məkanı qismində çıxış edib. Bütün bunlar müxtəlif millətlər və dinlər arasında dünya miqyasında sülh və anlaşmanın təmin edilməsinə yönəlmiş dialoqun dayanmadan aparıldığı ən əhəmiyyətli qlobal meydançalardan biri kimi Bakının statusunu möhkəmləndirmiş oldu.

BMT-nin Baş katibinin dediyi kimi, Bakı "cəmiyyətlər və mədəniyyətlər arasında körpülər yaradır". Təsadüfi deyil ki, NATO və Rusiyanın Baş qərargah rəisləri dialoq üçün mövzu və proqramları razılaşdırarkən danışıqları başqa bir yerdə deyil, Bakıda aparmağa üstünlük verirlər".

Deputat əlavə edib ki, həmçinin bu yaxınlarda Azərbaycan uğurla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünü keçirdi, bununla da, Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verib: "Xatırlatmaq yerinə düşər ki, bu zirvə görüşü Türk Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunmuşdu. Bu, son illərdə regional siyasətin qurulmasına təsir edən ən vacib regional təşəbbüslərin təşəbbüskarı qismində ölkəmizin mövqeyinin möhkəmlənməsi faktını bir daha təsdiq edir. Şübhəsiz ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvanda yaradılmasını ən vacib təşəbbüslərdən biri hesab etmək olar.

Digər tərəfdən, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi təkcə ölkəmizin tarixində deyil, bütün dünyanın siyasi həyatında vacib hadisəyə çevrildi. Azərbaycan üçün bu tədbir ən azı ona görə əhəmiyyətli idi ki, Azərbaycanın 2019-2022-ci illər üçün bu nüfuzlu beynəlxalq strukturda sədrliyə başlaması ilə səciyyələnirdi. Bütün dünyaya isə bu hadisə Qoşulmama Hərəkatına üzv ölkələrin qlobal siyasətdə ikili standartlar siyasətinə qarşı və beynəlxalq hüququn aliliyi naminə mübarizə aparmaq potensialını bir daha nümayiş etdirdi".

S.Fətəliyeva vurğulayıb ki, hər bir ölkənin daxili və xarici siyasətindəki uğur məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır: "Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində möhtəşəm nailiyyətlər qazanır. Bu nailiyyətlərin qazanılmasının digər bir mühüm səbəbi isə Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Ötən bir il ərzində Azərbaycanda bütün sahələrdə inkişaf prosesləri baş verib. Bu baxımdan, xarici siyasət kursu da uğurla həyata keçirilib və dövlət və milli maraqlarımız tam təmin edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən bir il də Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu" .

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/813168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR