Beynəlxalq aləmdə Azərbaycana çox böyük hörmət və etimad var - ŞƏRH

Beynəlxalq aləmdə Azərbaycana çox böyük hörmət və etimad var - ŞƏRH
16:33 25 Dekabr 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu da ölkənin nüfuzunun, beynəlxalq aləmdəki imicinin və ona olan hörmətin ifadəsidir. Təbii ki, 3 il ərzində biz bu təşkilatda çox mühüm təşəbbüslərlə çıxış edəcəyik. Əsas məqsədimiz odur ki, qurumun nüfuzu daha da qalxsın və beynəlxalq sülhə, təhlükəsizliyə ciddi töhfələr verilsin.

Bu fikirləri Publika.az-a Prezident İlham Əliyevin yerli jurnalistlərə verdiyi müsahibəyə münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov səsləndirib.

Azərbaycanın xarici ölkələrlə münasibətindən danışan deputat sözlərinə belə davam edib: “Prezident müsahibəsində Azərbaycanın xarici siyasəti ilə bağlı məsələləri də diqqət mərkəzində saxladı. Qeyd edildi ki, il ərzində beynəlxalq aləmdə milli maraqların müdafiə edilməsi baxımından çox ciddi addımlar atılıb. Xüsusilə, qonşu dövlətlərlə münasibətlərimiz inkişaf tempinə malikdir və belə olan təqdirdə çoxtərəfli münasibətlər inkişaf edir. Bu baxımdan cənab Prezidentin qonşu dövlətlərin rəhbərləri ilə keçirdiyi görüşlər diqqət cəlb edir. Təsadüfi deyil ki, il ərzində 40-a qədər dövlət başçısının Azərbaycana səfəri olub. Bu, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərlə bağlı olub. Bu baxımdan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Bakıda keçirilən toplantısı çox əlamətdar hadisədir və bu təşkilat çərçivəsində Azərbaycanın reytinqi kifayət qədər yüksəkdir. Azərbaycan bu quruma 1 il müddətinə sədrlik edəcək. Eyni zamanda Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən digər mühüm hadisə paytaxda Qoşulmama Hərəkatına üzv olan dövlətlərin sammitinin keçirilməsidir. Bu qurum tərkib baxımından BMT-dən sonra ikinci ən böyük təşkilatdır. Burada 120 dövlət təmsil olunur, BMT-nin 2/3-i bu qurumdadır.

E.Nəsirov onu da qeyd edib ki, Azərbaycan multikultural dəyərlərin mövcud olduğu məmləkətdir: “Bakıdan dünyaya birgə yaşayış mədəniyyəti, sivilizasiya, mədəniyyətlərarası dialoq mədəniyyəti ixrac olunur: Bu da ölkəmizin beynəlxalq aləmdə siyasi çəkisininin daha da artması mənafeyinə xidmət göstərir. Eyni zamanda, Avropa İttifaqı ilə münasibətlərin inkişafı məsələləri diqqət mərkəzində saxlanıldı və cənab Prezident vurğuladı ki, ittifaqın 28 ölkəsinin 9-u ilə tərəfdaşlıq münasibətləri formalaşıb və münasib sənədlər imzalanıb. Ölkə başçısı onu da qeyd etdi ki, bu ilin iyulunda Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri bir daha təsdiq etdi ki, münasibətlərimiz inkişaf edib. Eyni zamanda, Avropa İttifaqı ilə Tərəfdaşlıq Prioritetləri adlı sənəd imzalandı. Bu sənəddə Azərbaycanın üzləşdiyi münaqişənin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik prinsipi əsasında həlli ideyasınının müdafiə edildiyi növbəti dəfə ortaya qoyuldu. Azərbaycanla Avropa İttifaqı arasında yeni sərəncam üzərində iş gedir, sənədin təxminən 90% məsələlərində razılaşma var”.

Deputat vurğulayıb ki, Avropa İttifaqı ilə bəzi məsələlərdə anlaşılmazlıqlar da mövcuddur: “Cənab Prezident qeyd etdi ki, digər məsələlərlə bağlı müəyyən fikir ayrılıqları olsa da, müvafiq iş getməkdədir və Azərbaycan öz maraqlarını bu məsələlərdə tam müdafiə edir. İlham Əliyev bildirdi ki, Avropa ittifaqı ilə müzakirə edilən əsas məsələlərdən biri Dünya Ticarət Təşkilatına üzvlüklə bağlıdır. Neft və qazımızın dünya bazarına satılması üçün bu təşkilata üzvlük vacib deyil. Ancaq bu quruma üzv olarıqsa, Azərbaycana çox ucuz və keyfiyyətsiz məhsullar daxil ola bilər. Bu da daxili bazara çox mənfi təsir göstərəcək. Qazın qiyməti məsələsində də Avropa İttifaqı ilə fikir ayrılığı mövcuddur. Onlar istəyirlər ki, daxili bazardakı qazın qiyməti ilə xarici bazara çıxarılan eyniləşdirilsin. Bu isə qəbuledilməzdir, çünki ölkəmizdə əhaliyə 1000 kub metr qaz 100 manata satılır. Amma Avropa bazarında onun qiyməti 300-500 dollara bərabərdir. Belə olan halda daxili qiymətlə xarici qiymət arasında bərabərlik olsa, Azərbaycan vətəndaşları həmin qaza 100 manat yox, 700 manat ödəməli olacaq ki, bu da heç bir halda mümkün olan məsələ deyil. Azərbaycan bu istiqamətdə öz mövqeyini müdafiə edəcək”.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/300123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR