Bakının mərkəzində 380 manatlıq ağac - Paytaxt sakinləri nədən gileylənir? - REPORTAJ/FOTOLAR

Bakının mərkəzində 380 manatlıq ağac - Paytaxt sakinləri nədən gileylənir? - REPORTAJ/FOTOLAR
11:33 28 Dekabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Ölkəmiz də bütün dünya kimi 2020-ci ili qarşılamağa hazırlaşır. Bakı demək olar ki, Yeni ilin gəlişinə hazırdır. Şəhərdəki bəzi mağazalar, vitrinlər, parklar artıq rəngli işıqlar, dekorativ şam ağacları və zərlərlə bəzədilib. Ab-havaya uyğun olaraq sakinlər öz evlərini bayrama uyğun bəzəmək üçün alış-verişə çıxır.

Paytaxt əhalisinin Yeni ilə hazırlıq prosesini müşahidə etmək üçün üz tutduq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın bir neçə nöqtəsində təşkil olunan yarmarka çadırlarına. Əsasən, metrostansiyaların çıxışında quraşdırılan bu çadırlarda bir məkanı bayrama hazırlamaq üçün hər şey var. Necə deyərlər, bircə quş südü əskikdir. Amma... Qiymətlər əl yandırır.

“28 may” və “Gənclik” metrostansiyalarının qarşısında quraşdırılan bir neçə çadırda Yeni ilin əsas atributları olan dekorativ şam ağacları, zər və oyuncaqların qiymətləri ilə maraqlandıq. Burada istənilən ölçü, rəng və zövqdə atributa rast gəlmək olar.

Məsələn, şam ağaclarının qiyməti 5 manatdan 380 manata qədər dəyişir. Qiymət fərqi isə ağacın hündürlüyünə görədir. Builki şam ağacları əvvəlkilərdən bəzəkli və rəngli işıqlarla birlikdə istehsal olunması ilə fərqlənir.

Şam ağaclarının üzərinə asmaq üçün istifadə olunan oyuncaqların qiyməti isə 2-40 manat arasında dəyişir. 40 manatlıq dəstə 24 ədəd yumru oyuncaq daxildir. Oyuncaq piştaxtasında daha bir yeniliklə tanış olduq. Burada şəffaf rəngli xüsusi qablar var ki, içərisinə foto və müxtəlif kiçik bəzəklər yerləşdirmək mümkündür. Onun qiyməti isə 2-3 manat arasındadır.

Şam ağaclarını bəzəmək üçün ehtiyac duyulan digər bir atribut zərdir ki, onun da qiyməti qalınlığına görə 50 qəpikdən 5 manata qədər dəyişir.

"Şaxta Baba" dekorları müxtəlif ölçü və qiymətləri ilə digər atributlardan geri qalmır. Bu yarmarkalarda 10 manatdan 70 manata qədər müxtəlif ölçü və dizaynda "Şaxta Baba"lara rast gəlmək olar.

2020-ci ilin simvolu hesab edilən siçan oyuncaqların qiyməti ölçüsünə görə 3 manatdan başlayır.

Yarmarkalardan ən çox alınan məhsullar isə uşaqlar üçün nəzərdə tutulan kiçik ölçülü oyuncaqlar, maskalar, papaqlar və pariklər idi.

Müşahidə və sorğularımıza əsasən, paytaxt sakinləri bayram yarmarkalarından razı deyil. Bunu çadırlara daxil olan vətəndaşların qiymətlərlə maraqlandıqdan sonra əliboş getməsindən də başa düşmək olurdu. Alıcılar ildən-ilə qiymətlərin bahalaşdığını və məhsulların keyfiyyətinin aşağı düşdüyünü bildirir.

Bəziləri isə çeşid azlığından və istədiklərini tapa bilmədiklərindən gileylənirdi. Yarmarka çadırlarında hərəkətlilik nəzərə çarpsa da, alış-veriş tempinin aşağı olmasını satıcıların üzündən oxumaq çətin deyildi. Onlar bunu dilə gətirməkdən də çəkinmirdilər.

Zümrüd Kərimova,

Foto: Pərviz Həşimi


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/300355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR