Gənclər Yeni ili necə qeyd edəcək?

Gənclər Yeni ili necə qeyd edəcək?
22:57 29 Dekabr 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Həm əyləncə, həm də istirahət bayram proqramına daxil olmalıdır

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Artıq 2019-cu ilin son günlərini yaşayırıq. Qarşıdan Yeni il gəlir. Deyirlər, ili necə qarşılasan, elə də keçirərsən. Ona görə də uşaqdan-böyüyə hər kəs bu bayramı qeyd etmək üçün səbirsizlənir. Bəs görəsən, gənclərimiz Yeni ili necə qeyd edir? Ümumiyyətlə, bu bayramı necə keçirmək lazımdır ki, yaddaqalan olsun?

10 avrodan pul toplayırıq

Macarıstanın Eötvös Lorand (ELTE) Universitetində kompüter elmləri üzrə təhsil alan həmyerlimiz Elmir Quliyev deyir ki, dekabrın 31-i Budapeşt əhalisi üçün adi günlərdən biri sayılır. Hətta macarlar ilin son günü də işləyirlər. Ancaq ilin son günü Budapeştdə yaşayan həmyerlilərimiz yığışıb bayramı qeyd edirlər: "Yeni ildə azərbaycanlılarla toplaşıb öz aramızda 10 avrodan pul toplayırıq. Sonra alış-veriş edib müxtəlif yeməklər hazırlayırıq. Axşama qədər öz aramızda şənlik təşkil edib bayramı birlikdə qeyd edirik. Bu şənliyimizdə yalnız azərbaycanlılar iştirak edir. Gecə yarısı isə şəhərə çıxıb bütün dost-tanışlarımızla Yeni ilin gəlişini qarşılayırıq. Mən gecə saat 12-ni Budapeştin yüksək nöqtələrində qeyd etməyi sevirəm. Hansı ki, bu ərazilərdən şəhəri ovcunun içindəki kimi aydın görə bilirsən. Atəşfəşanlıq başa çatdıqdan sonra isə şəhərin müxtəlif klublarında və kafelərində Yeni il əyləncələri davam edir. Çox vaxt bu əyləncələrə dostlarımla birgə qatılıram. Demək olar ki, gecəni səhərə qədər müxtəlif oyunlar, keçirir, doyunca əylənirik".
 
Elmir deyir ki, gecə şənlikləri üçün adətən 20-25 avro məbləğində pul xərcləyir: "Bu dəfə Yeni il bayramına xüsusi hazırlaşıram. Çünki bu il Azərbaycandan dostlarımı qonaq edəcəm. Yəqin ki, dekabrın 31-ni dostlarla birgə keçirəcəm. Mənim üçün önəmli olan həmvətənlərimlə birgə olmaqdır. Ailədən kənarda olduğumuza görə, bu bizim üçün çox önəmlidir. Xarici ölkələrdə adətən Milad bayramı - yəni dekabrın 25-i xüsusi qeyd olunur. Yeni il onlar üçün xüsusi bayram deyil. Hər kəs Milad bayramını öz ailəsi ilə birgə qeyd edir. Həmin gün heç bir mağaza işləmir. Amma dekabrın 31-i Budapeştdə iş günüdür. Ona görə də dekabrın 31-i çalışırıq ki, hamımız bir yerə toplaşıb öz aramızda bayramı qeyd edək".  
 
Kiçik, amma çox əyləncəli şənliyə qatılacam
 
Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və menecment fakültəsində təhsil alan Elşən Rəhimovdeyir ki, Yeni ili öz ailəsi və dostları ilə birgə qeyd edəcək: "Təbii ki, Yeni il ən sevdiyim bayramlardan biridir. Çalışıram ki, bu bayramı özüm üçün yaddaqalan edim. Təhsil aldığım universitetdə qrupumuzla şənlik planımız var. Öz aramızda təşkil etdiyimiz kiçik, amma çox əyləncəli şənliyə mən də qatılacam. Həmçinin universitetdə Tələbə Həmkarlar İttifaqının heyəti ilə də Yeni ili qarşılayacağıq. Ailəm Goranboyda yaşayır. Bayramda onları görməyə gedəcəm və tətil günlərində ailəmlə birgə vaxt keçirəcəm".
 
Elşən deyir ki, Yeni il üçün böyük büdcə ayırmayıb: "Tələbə büdcəsi çox da böyük deyil. Yəni bu bayramı da imkan daxilində özümüz üçün maraqlı etməyə çalışırıq. Ona görə də xərclərlə bağlı daha qənaətcil olmaq lazımdır. Bütün planlarıma təxminən 100-150 manat məbləğində vəsait ayırmışam. Ümid edirəm, 2020-ci il mən də daxil olmaqla hamıya uğur gətirər".
 
Elşən düşünür ki, bayram, əyləncə bir tərəfə, həm də hər kəs ilin sonunda özünə bir hesabat verməlidir: "Məncə, hər birimiz ilin sonunda özümüzə hesabat verməliyik ki, mən bu il nə etdim, hansı uğurları qazandım. 2019-cu il mənim üçün uğurlu oldu. Bu illə bağlı qarşıda hədəflərim var. Çalışacam ki, ixtisasım üzrə müxtəlif təcrübə proqramlarına qatılım. Öz sahəmdə təcrübə qazanmaq istəyirəm ki, universiteti bitirdikdən sonra iş tapmaq asan olsun. İmtahanlarımı kəsrsiz, uğurla başa vurmaq istəyirəm. Əgər bütün bunlardan vaxt qalsa, əlavə xarici dil öyrənmək planım var".
 
Rayona ailələrinin yanına gedənlər daha şanslıdırlar
 
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbəsi Rəvan Həsənəliyev deyir ki, ötən illərdən fərqli olaraq, bu il bayram əhval-ruhiyyəsindədir: "Məncə, Yeni il ab-havası bu il daha çox hiss olunur. Azərbaycanda gənclər Yeni ili adətən istirahət və əyləncə mərkəzlərində keçirirlər. Yəqin ki, bu il də elə olacaq. Məncə, rayona ailələrinin yanına gedənlər daha şanslıdır. Çünki Bakıdakı sıxlıq bayram günlərində bir az da böyüyür. Hər kəs eyni yerlərə gedir, eyni şeyləri edir deyə, bir neçə gün monoton keçir. Amma bütün hallarda bayram sıradan günlərimizə bir az rəng qatır".
 
Rəvan deyir ki, 2020-ci ilə dair ümidləri böyükdür: "Yeni illə bağlı yeni hədəflərim var. Uzun zamandır ki, üzərində işlədiyim romanı, nəhayət bu il çap etdirəcəm. Bir neçə yazının modelini beynimdə qurmuşam. Yəqin ki, il başlayanda, mən də yazmağa başlayacam. Geridə qoyduğumuz il kimi, bu ilin də uğurlu olacağını fikirləşirəm".
 
Dəb xatirinə yox, ürəkləri istəyən kimi
 
Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov deyir ki, bayramları xoş əhvalla qeyd etmək vacibdir. Amma Yeni il həm də hər kəsin  özlüyündə bir ilin hesabatını aparması üçün əlverişli məqamdır: "Yeni ilə xoş əhval-ruhiyyə ilə girmək hər kəsə motivasiya olaraq müsbət təsir göstərir. Dolayısıyla, bu günü ailə üzvləri və dostlarla qeyd etmək müsbət emosiya verər. Amma düşünürəm ki, Yeni il proqramı təyin edilərkən gənclər öz büdcələrinə görə qərar verməlidir. Əslində, gənclərin tətil və bayram proqramı büdcədən yox, necə keçirmələrindən asılıdır. Gənclər çalışmalıdır ki, dəb xatirinə yox, ürəkləri istədikləri istiqamətdə proqram müəyyənləşdirsinlər".
 
E.Süleymanovun sözlərinə görə, söhbət tələbələrdən gedirsə, Yeni il tətili həm də tələbələrin imtahan öncəsi istirahət məqsədi daşımalıdır: "Tətil günlərində imtahanlara hazırlaşmaq üçün asudə vaxt yaranır. Eyni zamanda, tətil vaxtı tələbələr keçən ilin hesabatını etməli və yeni ilin plan və hədəflərini dəqiqləşdirməlidirlər".
 
Dostlarla əylənmək üçün gözəl fürsət
 
Təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki, Yeni il bayramı gənclərin dostları ilə əylənməsi üçün xüsusi fürsətdir. Ona görə də yaxşı olar ki, universitetlərdə onlar üçün xüsusi bayram şənliyi təşkil edilsin: "Adətən tələbələr öz aralarında müstəqil Yeni il şənliyi təşkil edir. Amma yaxşı olar ki, universitet rəhbərliyi bu məsələlərə diqqət etsin. Çünki universitet tərəfindən təşkil olunan tədbirlərdə iştirak etmək daha məqsədəuyğundur".
 
Ekspertin sözlərinə görə, universitetlərin tələbələr üçün təşkil etdiyi tədbirlər təkcə əyləncə xarakteri daşımamalı, həm də gənclərin xüsusi qabiliyyətini nümayiş etdirmək üçün bir imkan rolunu oynamalıdır: "Gənclər müxtəlif teatr oyunları, musiqi alətlərində ifa etmək və digər bacarıqlarını göstərə bilərlər. Məncə, Yeni il gecəsi təkcə əyləncədən ibarət olmamalıdır. Bu həm də gənclər üçün mədəni bir tədbir mahiyyəti daşımalıdır".
 
Q.Məhərrəmov deyir ki, indiki gənclər qloballaşan dünyada müxtəlif trendlərə uyğunlaşmaq istəyirlər. Ona görə tələbələrimiz arasında Yeni il bayramı adətən xarici ölkələrin adət-ənənələrinə uyğun qeyd edilir: "Düşünürəm ki, milli ornamentlərə uyğun tədbirlərin təşkili daha yaxşı olar. Bayram ərəfəsində təşkil olunan tədbirlər zamanı diqqətli olmaq lazımdır. Çünki tələbələr adətən hazır qidalara üstünlük verirlər. Bu da müxtəlif qida zəhərlənmələrinə gətirib çıxarır. Tələbələr hələ müstəqil həyatın ilk pilləsinə qədəm qoyublar. Əksər ali təhsil ocaqlarında gənclər üçün əyləncələr təşkil olunur. Amma bu tədbirlər təşkil olunarkən təşkilatçılıq işində ehtiyatlı olmaq önəmlidir. Bu bayramın gənclər üçün səmərəli keçməsinə çalışmaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/814104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR