Prezident İlham Əliyev: Azərbaycan Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ehtiramla yanaşır

Prezident İlham Əliyev: Azərbaycan Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ehtiramla yanaşır
21:15 30 Dekabr 2019
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ehtiramla yanaşır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının "Rossiya-24" televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Azərbaycan Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ehtiramla yanaşır. Hərçənd, açıq deməliyəm, təəssüf ki, müstəqilliyin ilk illərində belə olmayıb. O vaxt özünü Xalq Cəbhəsi adlandıran bir qrup hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə onlar 9 May bayramını ləğv etmişdilər, müharibə veteranları təqiblərə, mənəvi terrora məruz qalırdı. Praktiki olaraq, indi bəzi ölkələrdə baş verən hadisələr o vaxt bizdə olurdu. Yalnız Heydər Əliyev hakimiyyətə qayıdandan sonra tarixi ədalət bərpa edildi. Veteranlar yenidən dövlətin dəstəyindən istifadə etməyə başladılar, 9 May günü ümummilli bayram elan edildi və o vaxtdan – 1994-cü ildən biz bu bayramı qeyd edirik, həmin gün qeyri-iş günüdür. Mən hər il veteranlarla görüşürəm, biz həlak olanların xatirəsini ehtiramla yad edir, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Azərbaycanda Böyük Vətən müharibəsi veteranları dövlətin çox böyük dəstəyindən istifadə edirlər.

Onu da demək istərdim ki, Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. 120-dən çox Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Bizim müəssisələrdə gecə-gündüz hərbi texnika, o cümlədən məşhur "Katyuşa" raketləri istehsal edilirdi. Ona görə ki, həmin illərdə Azərbaycan sənayesi inkişaf etmişdi. Həmçinin Sovet ordusu üçün neftin 70 faizini, benzinin 80 faizini, sürtgü yağlarının 90 faizini Azərbaycan təmin edirdi, bunlar olmasa idi, müharibədə qalib gəlmək mümkün olmazdı. Biz bilirik ki, Hitler ordusunun çox hücumlarının uğursuz olması yalnız yanacağın vaxtında gətirilməməsinin nəticəsi idi. Təsadüfi deyil ki, faşist Almaniyası Bakını tutmağa çalışırdı. Yeri gəlmişkən, mən bu barədə oktyabr ayında Aşqabadda MDB-nin sammitində danışmışdım. Məşhur bir kadrda Hitlerə üzərində alman dilində "Xəzər dənizi" sözləri yazılmış tort gətirirlər. Orada Xəzər dənizinin sərhədlərində qara rəngli əridilmiş şokolad tökülüb. Hitler svastikanı götürüb düz Bakı sözü yazılan yerə qoyur. Onun planları belə idi. Bakının tutulması Sovet İttifaqı üçün fəlakət olardı. Ona görə ki, Sovet İttifaqı mühüm bir komponentdən məhrum edilərdi. Bizim vətəndaşlar üçün isə bu, ona görə fəlakət olardı ki, bütün neft quyuları minalanmışdı. Əgər faşistlər Bakını tutmağa nail olsaydılar, hər şey havaya uçar, yüz minlərlə insan həlak olardı. Buna görə də Böyük Vətən müharibəsi və Vətən uğrunda həlak olanlar haqqında xatirə, - Azərbaycandan müharibədə iştirak etmiş 600 mindən çox döyüşçünün 300 mini həlak olub, - bizim üçün müqəddəsdir. Biz bunu xatırlayırıq və ehtiramla yad edirik.

Daha bir məqam. Biz faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi məsələsində hər hansı siyasi korrektlikdən uzaq olmalıyıq. Kimin necə nitqlər söyləməsindən, kimin nə etməsindən asılı olmayaraq, biz hər şeyin öz adını deməliyik. Oktyabrda Aşqabadda mən daha bir məsələ qaldırdım, çünki gündəlikdə ümumi Qələbəmizin 75 illiyinin bayram edilməsinə hazırlıq məsələsi dururdu. Mən dedim ki, MDB məkanında faşistlərin qəhrəmanlaşdırılması, Ermənistanda baş verənlər, Yerevanda faşistlərin əlaltısı Qaregin Ter-Arutyunyana altı metr hündürlüyündə heykəl qoyulması yolverilməzdir. Njde ləqəbi ilə məşhur olan bu adam SMERŞ tərəfindən həbs edilərək 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Ona bəraət verilməmişdi. İndi belə bir adama Ermənistanda altı metr hündürlüyündə heykəl qoyulur, küçələrə, meydanlara onun adını verirlər. Bu, Ermənistan rəhbərliyinin də guya faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin əleyhinə olması barədə bəyanatı ilə bir araya necə sığa bilər? Mən bu barədə açıq danışdım, öz mövqeyimi bildirdim və bu biabırçı məsələdə əli olmayan Ermənistanın baş nazirinə öz mövqeyini bildirmək şansı verdim. Lakin təəssüf ki, onun reaksiyası tamamilə qeyri-adekvat oldu. O cavab verdi ki, Soljenitsın da sovet düşərgələrində olub. Mən yenidən çıxış üçün söz alıb deməyə məcbur oldum ki, Soljenitsın ilə faşist cəlladının eyniləşdirilməsi həyasızlıqdır.

Bir müddət sonra Ermənistanın baş naziri rusiyalı jurnalistlərlə görüşdə daha irəli gedərək deyib ki, Molotov da Hitler ilə görüşmüşdü, bunda təəccüblü heç nə yoxdur. Lakin bu tezisi ümumiyyətlə şərh etmək çətindir. Ona görə ki, tarixdən elementar biliyi olan hər kəsə məlumdur ki, Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub və onun bir vəzifəsi müharibənin əvvəlində riskləri mümkün qədər minimuma endirmək idi. Çünki biz yaxşı bilirik ki, Sovet İttifaqı 1939-cu ildə, əslində elə 1941-ci ildə də müharibəyə hazır deyildi, əgər hazır olsaydı, bu cür itkilər olmazdı. Buna görə də düşünürəm ki, bütün bu qeyri-adekvat bəyanatlar çox ciddi diqqət tələb edir. Burada siyasi korrektlik və ya hər hansı siyasi maraqlar xatirinə tarixin yenidən yazılması və faşizmin qəhrəmanlaşdırılması cəhdlərinə yol vermək olmaz.

Mən gələn il 9 May gününü Moskvada keçirməyi planlaşdırıram. Vladimir Vladimiroviç Putindən dəvət almışam. Adətən mən həmin günü Bakıda veteranlarla birgə qeyd edirəm. Bu dəfə isə - 5 il bundan əvvəl Qələbəmizin 70 illiyini qeyd edəndə olduğu kimi, Moskvada olacağam."

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3171835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR