Rusiya ictimai rəyində Ermənistanın sürətlə zəifləyən və itirilən mövqeləri növbəti ağır zərbəni aldı - Aydın Quliyev

Rusiya ictimai rəyində Ermənistanın sürətlə zəifləyən və itirilən mövqeləri növbəti ağır zərbəni aldı - Aydın Quliyev
14:15 31 Dekabr 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin Rusiya televiziyasına müsahibəsində Dağlıq Qarabağ problemi ilə bağlı fikirləri təcavüzkarın mövqelərinə hücum diplomatiyasının ən parlaq və dəqiq ifadə edilmiş səhifələrindən biridir.

Bunu Trend-ə "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, Prezidentin çoxmilyonlu Rusiya auditoriyası qarşısında bəyan etdiyi tezislər müstəsna əhəmiyyətə malikdir və Rusiya ictimaiyyətini Dağlıq Qarabağ probleminin həqiqi mahiyyəti barədə daha dəqiq platforma ilə təmin etməkdə böyük təsir gücünə malikdir:

"Müsahibədə təcavüzkar Ermənistanın siyasəti barədə elə ifşaedici dəqiq məqamlar ortaya qoyuldu ki, Rusiyada çox güclü olan erməni lobbisi hətta illərlə cəhd göstərsə belə onun təsirlərini aradan qaldıra və neytrallaşdıra bilməyəcək. Prezident İlham Əliyevin müsahibəsini Rusiya ictimai rəyində Ermənistanın mövqelərinə növbəti sarsıdıcı zərbə də adlandırmaq olar. Rusiya ictimai rəyində Ermənistanın sürətlə zəifləyən və itirilən mövqeləri növbəti ağır zərbəni aldı.

Prezidentin müsahibəsinin təcavüzkara hücum və ifşaedici xarakterini bir neçə istiqamətdə nəzərdən keçirmək olar. Əvvəla, Ermənistanın baş nazirinin ağlasığmaz dərəcədə ziddiyyətli Qarabağ siyasətinin ən kiçik detallarına qədər tam ifşa edilməsinin maksimum həddini gördük".

Ekspert qeyd edib ki, Azərbaycan prezidentinin müsahibəsini dinləyəndən sonra Rusiya ictimaiyyəti Ermənistanın ali rəhbərliyinə xas "bir başda iki fikrin şizofreniya əlaməti" olması kimi klassık aforizmin həqiqiliyinə bir daha əmin olacaq:

"Eyni zamanda İlham Əliyevin apardığı təhlil və Ermənistanın ziddiyyətli siyasəti barədə söylədiyi fikirlər sülh üçün pozucu tərəfin məhz Ermənistan olduğunu qəti şəkildə isbat etmək baxımından müqayisəsiz faktdır. Bu cəhətdən Prezidentin bəyanatını tarixi nəticələr doğura bilən addımlardan biri saymaq lazımdır. İkincisi, Azərbaycan Prezidenti növbəti dəfə Ermənistan rəhbərliyinin heç bir dəqiq Qarabağ həll platformasına malik olmadığını sözün həqiqi mənasında ifşa etdi. Prezidentin Ermənistan rəhbərliyinin Qarabağın nə olduğunu bilmədiyi barədə sözlərinin Rusiya ictimaiyyətinə, ziyalılara və siyasi elitaya dərin təsir göstərəcəyi şübhəsizdir. Üçüncüsü, Prezident İlham Əliyev Qarabağ probleminin möhkəm həlli üçün alternativsiz olan platformanı növbəti dəfə təqdim etdi. Bu, beynəlxalq hüquq normaları və Azərbaycanın tanınmış sərhədlər daxilində ərazi bütövlüyü prinsipi ilə həlli deməkdir. Prezident bütün dünyaya dəqiq ifadə edilmiş bu mövqedən heç bir halda geri dönüşün mümkünsüz olduğunu bir daha bəyan etdi.

Nəhayət, Azərbaycan Prezidenti məntiq və arqumentlərlə tam sübut etdi ki, Ermənistanın pozucu siyasəti bütün regionda sülhü və sabitliyi böyük təhlükə altına atmaqla heç bir region dövlətinin, ilk növbədə Rusiyanın özünün regional siyasət mənafelərinə qəti uyğun gəlmir".

A.Quliyev vurğulayıb ki, Azərbaycan Prezidenti Rusiya-Azərbaycan əməkdaşlığının sürətlə inkişaf edərək regionumuzda həlledici sülh və sabitlik qarantına çevrildiyini bir daha nümayiş etdirdi:

"Bu o deməkdir ki, regionumuzda ümumi sabitlik və inkişaf üçün xüsusi məsuliyyət daşıyan Rusiya öz missiyasını icra edərkən faktiki olaraq Ermənistanın təcavüzkar siyasətinin timsalında pozucu bir maneə ilə üzləşir. Konkret desək, Prezidentin müsahibəsi Ermənistanın hazırkı pozucu siyasətinin hətta Moskvanı da qane etmədiyini inandırıcı şəkildə ortaya qoydu. 2019 -cu ilin son günlərində Prezident Azərbaycanın hücum diplomatiyasının qəti qələbəyönümlü olduğunu bir daha nümayiş etdirdi".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3171907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR