Paşinyanın anlaya bilmədiyi sadə həqiqət

Paşinyanın anlaya bilmədiyi sadə həqiqət
20:01 31 Dekabr 2019
248 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Siyasət səbri sevir, uyğun zamanda, uyğun məkanda rəqibə layiq olduğu yeri göstərmək üçün ən doğru məqamı seçməyi sevir. Bu qabiliyyət də hər siyasətçiyə nəsib olmur. Yalnız bu səriştəyə sahib olan siyasətçi lider ola bilir. Ölkəmizin başçısı İlham Əliyev məhz o liderlərdəndir. Cənab Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, eyni zamanda terroru, faşist ideologiyasını dövlət siyasətinə çevirən Ermənistanın uğursuz siyasətini ifşa etmək üçün beynəlxalq tribunalardan məharətli şəkildə yararlanır. Bu geniş auditoriyalar “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyası, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası idisə, digəri də onun Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına verdiyi müsahibəsidir.

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Həmçinin, ölkəmizin başçısı Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın tərkib hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq dedi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Bununla da İlham Əliyev Paşinyanın sərsəm bəyanatlarını tarixi faktlarla ifşa etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə bir daha toxunub. Müxbirin Dağlıq Qarabağda atəşkəsin əldə olunmasından 25 il keçdiyini vurğulamasından sonra tərəflərin sülhün əldə olunması istiqamətində Yerevan və Bakı tərəfindən jurnalist nümayəndə heyətinin mübadiləsinin baş tutmasından əlavə hansı irəliləyişin əldə olunması sualına cənab Prezident bundan başqa heç bir irəliləyişin baş tutmasını təəssüflə qeyd etdi. Bildirdi ki, 2019-cu il konfliktin həlli istiqamətində bütövlükdə itirilmiş il hesab olunmalıdır. Buna səbəb də Ermənistanın qeyri-müəyyən mövqeyidir. Cənab Prezident əlavə etdi ki, il ərzində Ermənistanın yüksək vəzifəli şəxslərinin səsləndirdikləri sərsəm bəyanatlar danışıqlar prosesinin istiqamətini tamamilə mənfi səmtə yönəldir. Keçən il Paşinyanın “Dağlıq Qarabağ müstəqil dövlətdir və Azərbaycan tərəfi bu “dövlətlə” danışıqları davam etdirməlidir” bəyanatı ilə nə biz, nə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri razılaşa bilməzdilər. Ermənistan bu populist, təhlükəli siyasətdən əl çəkməlidir. Bundan sonra Ermənistan tərəfi daha da mənfi mövqe nümayiş etdirərək “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə çıxış etdi. Cənab Prezidentin də vurğuladığı kimi bu da yalandır. Çünki Dağlıq Qarabağı müstəqil dövlət kimi heç kim tanımayıb, hətta Ermənistanın özü belə. Deməli Ermənistan tərəfi ümumiyyətlə bilmir ki, Dağlıq Qarabağ nədir? Belə olan halda biz onlara izah edə bilərik. Cənab Prezidentin “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında da vurğuladığı kimi “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Bu mövqe Ermənistanın mövqeyindən tamamilə fərqlənir. Belə ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına da uyğun olaraq Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq təşkilatların qətnamələrinə müvafiq olaraq nə zaman ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və suverenliyinə hörmət prinsipi çərçivəsində hərəkət etdiyi zaman, Dağlıq Qarabağın Azerbyacanın ayrılmaz tərkib hissəsi olduğu sadə faktını dərk etdikləri zaman danışıqları davam etdirmək şansı yarana bilər.

Hal-hazırda Paşinyan istər ölkə daxilində, istərsə də beynəlxalq arenada savadsız, populist, avantürist siyasətçi kimi tanındığı halda, ölkəmizin başçısı Azərbaycanın heç bir təzyiq altında qalmadan yürütdüyü xarici siyasəti açıq şəkildə geniş kütlə qarşısında dünyaya çatdırmağa qadir lider kimi tanınır.

Şəbnəm Həsənova

Beynəlxalq münasibətlər üzrə siyasi şərhçi

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/commentary/3171810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR