Azərbaycan Avropa ilə Asiyanın eneri və nəqliyyat xəritəsində dəyişiklik etmək qüdrətinə necə sahibləndi? - ŞƏRH

Azərbaycan Avropa ilə Asiyanın eneri və nəqliyyat xəritəsində dəyişiklik etmək qüdrətinə necə sahibləndi? - ŞƏRH
12:15 2 Yanvar 2020
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni müstəqillik əldə etmiş bir dövlətin çox qısa zaman kəsiyində Avropanın enerji və nəqliyyat xəritəsində dəyişiklik etmək qədər uğur qazana bilməsi yalnız düşünülmüş və uzaqgörən neft-qaz, nəqliyyat strategiyası və bu strategiyanın yüksək səviyyədə reallaşdırılması nəticəsində mümkün ola bilərdi.

Bunu Trend-ə iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. Onun sözlərinə görə, bu yolun əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu: “Azərbaycanda ictimai-siyasi vəziyyətin qeyri-sabit olduğu, bir-birinin ardınca dövlət çevrlişi cəhdlərinin baş verdiyi bir dönəmdə məhz ulu öndərin siyasi iradəsi və qətiyyəti nəticəsində dünyaca məhşur neft şirkətləri milyardlarla dollar yatırımlar etməklə “Əsrin müqaviləsi”nin reallaşdırılmasına imza atdılar. Ulu öndərin həmin dövrdə nümayiş etdirdiyi böyük siyasi iradə və qətiyyət nəticəsində ərəsəyə gətirilən bu kontrakt Azərbaycanın uzun müddət üçün hesablanmış uğurlu enerji və nəqliyyat siyasətinin təməl daşına çevrilməklə yanaşı, həm də onun bütün iqtisadi və siyasi uğurlarının başlanğıc nöqtəsi oldu.

“Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanması isə öz növbəsində hasil olunan nefti dünya bazarlarına çıxara biləcək yeni boru kəmərlərinin çəkilməsini – boru nəqliyyatının inkişafını zəruri etdi. Beləliklə, 1999-cu ildə Qara dənizin Supsa limanına Bakıdan neft kəməri çəkilib istifadəyə verildi. Bunun ardınca 2002-ci ildə “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəmərinin təməli qoyuldu və artıq 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlandı”.

F.Yusifov vurğulayıb ki, Azərbaycan böyük qaz ehtiyatlarına malik bir ölkədir. Bu qazın qonşu ölkələrin bazarlarına və oradan da Avropa bazarlarına çıxarılması strategiyası Azərbaycanın təməli 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qoyulmuş enerji strategiyasının XXI əsrdə uğurla davam etdirilməsi demək idi: "Dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” yatağındakı qazın Avropaya daşınması ideyası Prezident İlham Əliyevə məxsusdur. Bu məqsədlə 2007-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməsinə imkan verdi.

“Şahdəniz 2” yatağından başlanğıc götürən Cənub Qaz Dəhlizi layihəsi uzun illər ərzində qoca qitəni rahatsız edən bir məsələnin həllinə - Avropanın qaz təchizatının şaxələndirilməsinə öz töhvəsini verəcək. Bu gün bu layihəsinin dörd siqmentindən üçündə (“Şahdəniz 2”, CQD, TANAP) işlər tam başa çatıb və artıq Şahdəniz yatağından qaz Türkiyəyə nəql edilir. Layihənin dördüncü siqmenti (TAP) üzrə işlərin 90%-dən çoxu icra edilib və bu il biz Azərbaycan qazının Avropaya nəql olunmasının şahidi olacağıq”.

Ekspert qeyd edib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında söz sahibinə çevrilməklə yanaşı, şərqlə qərbi, şimalla cənubu birləşdirən nəhəng nəqliyyat dəhlizlərinin keçdiyi bir məkana çevrilib: “2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpası deməkdir. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən üç dəfəyə yaxın azaldır.

Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasındakı təşəbbüsləri bu gün Azərbaycanı Avropa ilə Asiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevirir. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək. Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya, həm də İranla quru sərhədi var və bu coğrafi yerləşmə üçtərəfli regional əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Son 25 ildə Azərbaycan reallaşdırdığı nəhəng enerji və nəqliyyat layihələri ilə bütün dünyanın diqqətini özünə cəlb edə bildi. Bu layihələrin reallaşdırılması Azərbaycana kifayət qədər iqtisadi və siyasi dvidendlər gətirir. Bu gün Azərbaycanın regiondakı əhəmiyyəti və nüfuzu o qədər yüksəkdir ki, bölgədə hər hansı bir böyük layihənin reallaşdırılması onun iştirakı və sözü olmadan mümkün deyil. Azərbaycanın reallaşdırdığı nəhəng enerji və nəqliyyat layihələri ona Avropanın enerji və nəqliyyat xəritəsini yenidən cızmaq şansı verdi”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3172291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR