Ac toyuq yuxusunda darı görər, yaxud radikalların 100 minlik xülyası - REPLİKA

Ac toyuq yuxusunda darı görər, yaxud radikalların 100 minlik xülyası - REPLİKA
11:22 3 Yanvar 2020
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Ac toyuq yuxuda darı görən kimi bizim bu ac müxalifət də yuxuda ancaq mitinq, qarşıdurma, özbaşınalıq görür. Söz yox, istədiyi qədər yatsın, istədiyi qədər də yuxusunu görsün. Lakin gördüyü hər xülyanı reallıq kimi təsəvvür etməsi və ya onun real olacağına özünü də, başqalarını da inandırmağa çalışması artıq başdanxarablıqdır.

Məsələn, götürək elə bu "makintoj" Fuad Qəhrəmanlını. Vaxtilə AXCP sədrinin müavini olub, indi də baş radikalist Əli Kərimlinin kölgəsində gəzişir. Daha doğrusu, onun ağzına baxıb hərdən "Facebook"da status paylaşır. Yuxuda gördükləri Kərimlinin də ruhsal ritminə düşürsə, tərəddüd etmədən açır ağzını, tökür zığını. İndi də yazıb ki, bəs "Yeni ildə Xalq Cəbhəsi Partiyası olaraq 100 minlik mitinqlər keçirməyi hədəfləyirik". Bu yerdə çiy o yana dursun, bişmiş toyuğun da gülməyi gəlir. Niyə də gəlməsin?! 25-26 il ərzində keçirdikləri yüzlərlə mitinqə gələn eyni adamların hamısını bir araya toplasan, belə heç 10 min nəfər eləmir. İndi deyin görüm, 100 min xülya deyil, nədir?

Soyadı ilə tərs mütənasiblik təşkil edən bu adam daha sonra yazır ki, "ötən il Xalq Cəbhəsi və Milli Şura üçün gərgin mübarizə ili kimi yadda qaldı". Diqqət edin - Gərgin mübarizə! Çox düzgün vurğulayıb. Ötən il həqiqətən də bu adamlar üçün gərgin keçdi. Şəxsi həyatlarını, ailə rüsvayçılıqlarını demirəm heç, cəmiyyət qarşısında növbəti və ən ağır sarsıntılar keçirdilər. Utancverici aksiyaları o yana dursun, korrupsiya və rüşvətin küpünə girən, cəmiyyətdəki nüfuzu sıfırın altında olan keçmiş məhkum Əli İnsanova sığınmaları, ondan maddi mədət ummaları rüsvayçılığn ta özü deyildimi? Əgər qanunsuz əməllərinə görə polis tərəfindən saxlanılmalarını gərginlik və mübarizə hesab edirlərsə, deməli başları həqiqətən xarabdır. Ya da qarşılarındakı insanları gic yerinə qoyurlar, onları öz arşınları ilə ölçürlər...

Hələ utanmadan ardınca belə yazır: İlk günlərini qarşıladığımız 2020-ci il, AXCP və Milli Şura üçün ötən illərin fədakar mübarizəsinin davamı olacaq. Bu mübarizənin uğuru isə, xalq olaraq 100 minlər olub meydanlara çıxmağımızdan asılı olacaq. Görünən tək bir şey var, o da bu radikalların hələ də ağıllanmamasıdır. Adama deyərlər, ay başına dönməyim, 26 ildir meydanlardasan, nəyə nail olmusan? Vətən, xalq kəlməsini bir tikə haram çörəyə satana Xalq hayan olarmı?!

Bu illər ərzində bunu dərk etmədiniz, etmək istəmədiniz, odur ki, sizdən adam olmayıb, olmayacaq da...

Alpər M. - Trend


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/815165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR