Sükan arxasında yatan avtobus sürücüləri - PROBLEMİ necə həll etməli?

Sükan arxasında yatan avtobus sürücüləri - PROBLEMİ necə həll etməli?
13:42 3 Yanvar 2020
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtobus sürücüləri ilə bağlı ciddi problemlərdən biri də onların vaxtlı-vaxtında dincəlməməsi, rejimlə işləməməsidir.

Milli.Az bildirir ki, Lent.az-ın əməkdaşının sürücülərlə apardığı söhbətdən də məlum olub ki, hətta kart rejimində işləyən marşrut sürücüləri də bir çox hallarda çox sıx qrafiklə, 8-10 saatdan artıq işləyir. Fasilələri olmayan sürücülər, yemək, çay kimi ehtiyacları üçün fürsət tapa bilmirlər: "Axşamlar gec saatlarda işimizi bitiririk. Tutaq ki, 00:00-da iş başa çatır, qaraja getmək, avtobusun təhvil verilməsi, sonra evə getmək bir-iki saat çəkir. Yatana kimi saat 3 olur. Səhər saat 4-5-də isə işbaşı edirik".

Sürücülərin sözlərinə görə, istirahət etmədən işləyəndə həm yuxusuzluq, həm də əsəbilik yaranır.

Qeyd edək ki, bəzi marşrut avtobusları hərəkətə gələndən mənzil başına çatana kimi sərnişinlərlə sürücülər arasında deyişmə yaşanır. Hər iki tərəf bir-birinə qarşı aqressiv münasibət göstərir. Bu problemin arxasında sürücülərin istirahətsiz işləməsi də rol oynayır.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov mövzunun aktual olduğunu deyib. Onun sözlərinə görə, xüsusilə də nəğd ödəniş tətbiq olunan avtobuslarda sürücülər çox sıx qrafiklə işləyirlər, kifayət qədər uzun müddət sükan arxasında olurlar: "Həmin sürücülər təyin olunmuş müəyyən balı vermək üçün sükan arxasında daha çox vaxt keçirməyə məcburdurlar. Yaranmış 5-6 dəqiqəlik fasilədə isə ayaqüstü çay və ya bulka ilə qidalanmağa çalışırlar. Təbii ki, bunlar yolverilməzdir. İstənilən halda sürücü sükan arxasında 4-6 saat ola bilər. Bundan artıq olarsa, xoşagəlməz hallarla nəticələnir".

Ekspert bildirib ki, sərnişindaşıma xidmətlərini həyata keçirən şirkətlər bu məsələnin üzərində işləməli və sürücülər üçün şərait yaratmalıdırlar. Onun sözlərinə görə, sürücülər də öz məsuliyyətlərini dərk etməlidirlər: "İş saatına məsuliyyətsiz yanaşanlar bu yolla ictimai nəqliyyat sektorunda olan problemləri daha da qabartmış olurlar. Qanunvericilikdə bununla bağlı konkret müddəalar var. Qanunvericiliyə görə 8 saat müəyyənləşdirilsə də, beynəlxalq müstəvidə bu rejim 4-6 saat müəyyənləşdirilib. Bizdə bu amil də nəzərdən keçirilməlidir".

Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Lent.az -a deyib ki, bu cür məsələlər Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq edilən "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblərə əsasən tənzimlənməlidir: "Həmin tələblərdə açıq şəkildə göstərilib ki, daşıyıcı istifadəsində olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən iş və istirahət rejiminə riayət olunmasına nəzarət etməlidir. Eyni zamanda, daşıyıcının tabeliyində hər bir avtobus üçün ən azı 3 (üç) sürücü olmalıdır. İddia olunan məsələ sürücü ilə daşıyıcı arasında əmək münsibətlərinin pozulması ilə bağlıdır və məsələnin araşdırılması, zəruri tədbilərin görülməsi da müvafiq qurumların səlahiyyətindədir. Bakı Nəqliyyat Agentliyi olaraq biz də öz növbəmizdə bu məsələni diqqət saxlayıb müəyyən araşdırma aparacayıq. İddia olunan halların yaşandığı marşrut şirkətindən də izahat tələb olunacaq. Həmçinin, bu cür xoşagəlməz hallar varsa onun tez bir zamanda aradan qaldırılması üçün tapşırıqlar veriləcək".

Agentlik sözçüsü bildirib ki, sürücülərlə əmək münasibətlərinin düzgün tənzimlənməsi, onların iş və istirahət saatlarının düzgün bölüşdürülməsi və digər bu kimi tələblərin icrası mütləqdir. O qeyd edib ki, bu tələblərin icrası sərnişinlərin təhlükəsizliyi baxımından olduqca vacibdir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR