Özü qara, üzü qara: Verdiyi ziyan gətirdiyi xeyirdən çox olur

Özü qara, üzü qara: Verdiyi ziyan gətirdiyi xeyirdən çox olur
17:42 3 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Meşələrin qırılması və bundan müxtəlif formada istifadə edilməsi halları ilə tez-tez qarşılaşırıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə monitorinqlər aparır, məcburi göstərişlər verir, xəbərdarlıqlar edir.

Meşələrin kütləvi şəkildə qırılması ilə mübarizə isə Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə tənzimlənir. Belə ki, faktdan asılı olaraq meşələri kütləvi şəkildə qıran şəxslər 5-7 min manat məbləğində cərimə edilməklə yanaşı, 2 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Çox zaman meşələri ya oduncaq, ya da kömür istehsalı üçün qırırlar. Son illər kəndlərdə qazlaşdırılma işləri geniş vüsət aldığından, ağacların oduncaq üçün qırılması xeyli azalıb. Amma kömür istehsalı isə əksinə, çoxalıb.

Əslində kömür istehsalı qanunla qadağan edilmir. Amma kömür istehsalı zamanı müvafiq icazə alınmalı, xüsusi ağac seçimi aparılmalıdır. Təəssüf ki, çox zaman buna riayət edilmir.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, kömürün kustar üsulla hazırlanması hər şeydən əlavə, insanların sağlamlığı üçün də çox təhlükəlidir. Buna görə də, onlar arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılmalıdır: "Vətəndaşların sağlamlığı hər şeydən əhəmiyyətlidir. Onların bu qara əməyə sərf etdikləri əməyə, zəhmətə dəyərmi? Vətəndaşlar bu işdən qazandıqları vəsaiti sonradan öz sağlamlıqlarının bərpasına xərcləyirlər. Buna görə də bu insanlar başa düşməlidir ki, bu işdən aldıqları qazanc onların büdcəsinə xeyir vermir. Bu baxımdan biz insanların kustar üsulla kömür istehsal etməsinə razı deyilik. Biz istəyirik ki, insanlar qara əməyin onların sağlamlıqlarına vurduqları zərəri başa düşsünlər".

Qaraşov həmçinin qeyd edib ki, bu şəxslər emal zamanı özlərinə məxsus torpaq sahələrində, bələdiyyə torpaq sahələrində, meşə sahələrində ağacları kəsərək, kustar üsulla kömür hazırlamaqla təbiətə də ciddi zərər dəymiş olur. Təbiətə dəymiş zərərin bərpa edilməsi üçün isə müəyyən bir zaman tələb olunur.

"Vətəndaşlar ağacların budanması zamanı əldə edilən materialları satsa yaxşı olar. Bu sivil qayda ilə həyata keçirilməlidir. Daha çox meşə sahəsindən yox, meyvə bağlarının budanmasından əldə edilən materiallarla kömür hazırlanmalıdır. Yaxud sovet dövründən qalmış bağların yenilənməsi zamanı əldə edilən materiallarla kömür hazırlaya bilərlər. Quba zonasına getsəniz, görəcəksiniz ki, yolların kənarında alma bağlarının budanması zamanı əldə edilən materialları satırlar. Vətəndaşlar bu materialları alıb kömür hazırlaya bilərlər", - deyə A.Qaraşov bildirib.

Amma Departament direktoru bunu da tam çıxış yolu kimi görmür. O hesab edir ki, kömür tam müasir stildə olan sobalarda emal edilsə və insanlar tam müasir standartlara uyğun müəssisələrdə çalışsa, yaxşı olar.

"Oğuzda artıq belə bir müəssisə fəaliyyət göstərir. Artıq "eco-kömür" adlanan kömür emal edilir. Həmin qurumun bütün sertifikatları var, bütün yoxlamalardan keçib. Bu qurum bağlarda sınan, quruyan budaqları alaraq kömür istehsal edir. Tezliklə Qubada iki belə müəssisə fəaliyyətə başlayacaq", - deyə direktor qeyd edib.

A.Qaraşov vurğulayıb ki, bu məsələdə əsas insanların sağlamlığı nəzərə alınmalıdır. Bütün bölgələrdə vətəndaşlar bunu bilməli və bir-birini maarifləndirməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/814294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR